Quba filialında ali təhsilin müasirləşdirilməsinə həsr olunmuş genişmiqyaslı praktik seminar keçirilib

20.04.2026
Quba filialında ali təhsilin müasirləşdirilməsinə həsr olunmuş genişmiqyaslı praktik seminar keçirilib

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Quba filialında tədrisin keyfiyyətinin beynəlxalq standartlara uyğunlaşdırılması, innovativ texnologiyaların təhsil mühitinə inteqrasiyası və pedaqoji kadrların peşəkar inkişafı istiqamətində növbəti əhəmiyyətli elmi-praktik tədbir baş tutub.

​ “Təhsildə innovativ tədris texnologiyaları” mövzusundakı seminar, universitetin müasir innovasiya mərkəzinə çevrilməsi yolunda atılan strateji addımlardan biri kimi qiymətləndirilib.

​Seminarın açılış nitqi ilə çıxış edən filialın direktoru, fizika-riyaziyyat elmləri doktoru, professor Yusif Alıyev qonaqları və professor-müəllim heyətini salamlayaraq, müasir dövrün təhsil çağırışlarından bəhs edib. Direktor öz çıxışında xüsusi olaraq vurğulayıb ki:​”Bu gün klassik universitet modelindən innovativ mərkəz modelinə keçid bizim üçün seçim deyil, zərurətdir. Müasir pedaqoq təkcə bilik ötürən deyil, həm də rəqəmsal dünyanın imkanlarından məharətlə istifadə edən bələdçi olmalıdır. Bakı Dövlət Universitetinin dəyərli alimi, professor Mönsüm Alışovun filialımızda keçdiyi bu seminar, müəllim və tələbələrimizin texnoloji səriştələrinin artırılmasında, eləcə də filialın rəqəmsal ekosisteminin formalaşmasında müstəsna rol oynayır. Professor Yusif Alıyev çıxışında

onu da qeyd edib ki, seminarın spikeri, professor Mönsüm Alışov təkcə akademik sahədə deyil, həm də müasir ümumtəhsil modelinin qurulmasında böyük təcrübəyə malikdir. Ölkənin qabaqcıl təhsil müəssisələrindən olan “İdrak” liseyinin təsisçisi kimi onun rəhbərliyi altında tətbiq edilən innovativ yanaşmalar, bu gün Azərbaycanın təhsil məkanında yüksək standartların formalaşmasına xidmət edir.

Daha sonra ​seminarın əsas məruzəçisi, BDU-nun Tətbiqi riyaziyyat və kibernetika fakültəsinin professoru, tanınmış alim,

Mönsüm Alışov “Təhsildə innovativ tədris texnologiyaları” mövzusunda genişmiqyaslı, vizual və statistik məlumatlarla zənginləşdirilmiş slayd-təqdimatla çıxış edib. Professorun yüksək peşəkarlıqla hazırladığı öyrədici mətndə müxtəlif fundamental istiqamətlər təhlil olunub. Tədris prosesində süni intellekt alətlərinin və bulud texnologiyalarının tətbiqi ilə fərdi öyrənmə trayektoriyalarının qurulması,

​”LMS” (Learning Management Systems) platformaları, virtual laboratoriyalar və tələbə aktivliyini stimullaşdıran rəqəmsal oyunlaşdırma (gamification) metodları, mürəkkəb elmi anlayışların vizuallaşdırılması və praktiki materialların mənimsənilməsində multimedia vasitələrinin effektivlik dərəcəsi, müəllimin texnoloji mühitdə fasilitator kimi rolu və rəqəmsal etika məsələləri təqdim olunub.

​Seminarın ikinci hissəsi sual-cavab və praktiki tapşırıqlar formatında davam edib. Filialın əməkdaşları sosial humanitar məsələlər üzrə direktor müavini p. ü. f. d. Aysel Şeydayeva, İKT şöbəsinin müdiri Yusif Abayev, fizika – riyaziyyat üzrə fəlsəfə doktoru baş müəllim Nurbala Süleymanov, riyaziyyat üzrə fəlsəfə doktoru baş müəllim Əmirağa Şıxəmmədov və gənc tədqiqatçılar mövzu ətrafında geniş fikir mübadiləsi apararaq, innovativ metodların konkret fənlər üzrə tətbiqi imkanlarını müzakirə ediblər.

​Tədbirin yekununda qeyd olunub ki, bu növ seminarlar ADPU-nun Quba filialında kadr hazırlığının keyfiyyətini artırmaqla yanaşı, regionun təhsil potensialının güclənməsinə xidmət edir.

Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?