Azərbaycan Respublikasının elm və təhsil naziri Emin Əmrullayevin 11.12.2025-ci il tarixli 3-29/3-2-766F/2025 nömrəli əmrinə, ADPU-nun rektoru professor Cəfər Cəfərovun payız imtahan sessiyasının təşkili ilə bağlı əmrinə və qüvvədə olan digər hüquqi-normativ sənədlərə uyğun olaraq, Azərbaycan Dövlət Pedaqoji Universitetin (ADPU) Quba filialında 05.01.2026-cı il tarixindən imtahan sessiyası başlanmışdır. İmtahan prosesi filialın Tədris şöbəsi tərəfindən tərtib edilmiş imtahan cədvəli üzrə ənənəvi formada təşkil edilib.
Pedaqoji Universitetin Quba filialında imtahanlara hazırlıqla bağlı ADPU-nun Quba filialının direktoru professor Yusif Alıyevin iştirakı ilə toplantılar keçirilib, prosesin qüsursuz icrası və qiymətləndirmənin ədalətli və şəffaflığı üçün müvafiq qərarlar qəbul olunub. Belə ki, imtahanların müəyyən edilmiş imtahan cədvəlində qeyd olunan gün və saatlarda keçirilməsini, 2025/2026-cı tədris ilinin payız semestrinin imtahan sessiyasının obyektivliyini və şəffaflığını, o cümlədən imtahanların qabaqcadan müəyyən olunmuş cədvəl üzrə vaxtında və müəyyən edilmış qaydada keçirilməsinə nəzarət etmək və imtahanların mütəşəkkilliyini təmin etmək məqsədilə İmtahan qərargahı və Apellyasiya Komissiyası yaradılıb.
Payız semestrinin birinci imtahanı yanvar ayının 5-də mərkəzləşdirilmiş qaydada keçirilib, imtahanlarda 278 nəfər tələbə iştirak edib. Tələbələr imtahana ümumi ruh yüksəkliyi ilə qatılıblar.
İmtahanların gedişini şəxsən izləyən filialın direktoru professor Yusif Alıyev tələbələrə uğurlar arzu edib.




