Quba filialı ilə Özbəkistanın Asiya Texnologiyaları Universiteti arasında beynəlxalq əməkdaşlıq istiqamətində onlayn görüş keçirilib

08.06.2026
Quba filialı ilə Özbəkistanın Asiya Texnologiyaları Universiteti arasında beynəlxalq əməkdaşlıq istiqamətində onlayn görüş keçirilib

​Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialı ilə Özbəkistanın Asiya Texnologiyaları Universiteti arasında beynəlxalq əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsi məqsədilə onlayn formatda görüş keçirilib.

​Qeyd edək ki, bir müddət əvvəl hər iki ali təhsil müəssisəsi arasında əməkdaşlığa dair Memorandum imzalanmışdır. Keçirilən görüş həmin Memorandumdan irəli gələn istiqamətlərin müzakirəsi, tərəflər arasında əlaqələrin daha da genişləndirilməsi və praktiki əməkdaşlıq imkanlarının müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb edib.

​Görüşdə iştirak edən ADPU-nun Quba filialının direktoru, professor Yusif Alıyev geniş məruzə ilə çıxış edərək bu tərəfdaşlığın hər iki qardaş ölkənin ali təhsil sistemləri üçün böyük perspektivlər vəd etdiyini vurğulayıb:

​”Özbəkistanın qabaqcıl təhsil ocaqlarından olan Asiya Texnologiyaları Universiteti ilə imzalanmış memorandum sadəcə rəsmi bir sənəd deyil, filialımızın beynəlmiləlləşmə strategiyasının mühüm bir mərhələsidir. Müasir dövrdə ali təhsilin keyfiyyəti birbaşa qlobal əməkdaşlıq imkanlarından və təcrübə mübadiləsindən asılıdır. Biz bu əməkdaşlıq çərçivəsində rəqəmsal transformasiya, müasir pedaqoji yanaşmalar və birgə elmi araşdırmalar istiqamətində real layihələr icra etmək əzmindəyik. İnanıram ki, birgə fəaliyyətimiz həm tələbələrimizin, həm də professor-müəllim heyətimizin akademik inkişafına güclü təkan verəcəkdir.”

​Görüş zamanı eyni və yaxın ixtisaslar üzrə tələbə və müəllim mübadiləsinin təşkili, birgə akademik layihələrin həyata keçirilməsi, tədris və elmi-tədqiqat sahələrində əməkdaşlıq imkanları, eləcə də ikili diplom proqramlarının perspektivləri ətrafında ətraflı fikir mübadiləsi aparılıb.

​Tərəflər ali təhsil müəssisələri arasında beynəlxalq əməkdaşlığın gücləndirilməsinin tələbə və müəllimlərin akademik inkişafına, təcrübə mübadiləsinə, elmi əlaqələrin genişlənməsinə və təhsilin keyfiyyətinin yüksəldilməsinə mühüm töhfə verəcəyini bir daha diqqətə çatdırıblar.

Hər iki ali təhsil ocağının ​strukturlarının iştiraki ilə keçirilən görüşün yekununda gələcək əməkdaşlıq istiqamətlərinin mərhələli şəkildə həyata keçirilməsi, birgə fəaliyyətlərin planlaşdırılması və qarşılıqlı əlaqələrin davamlı xarakter alması barədə razılıq əldə olunub.

​ADPU-nun Quba filialı beynəlxalq tərəfdaşlıq əlaqələrinin genişləndirilməsini, qabaqcıl təcrübələrin öyrənilməsini və təhsil sahəsində qlobal əməkdaşlıq imkanlarının inkişaf etdirilməsini prioritet istiqamətlərdən biri kimi davam etdirir.

Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?