Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Quba filialında görkəmli alim, tərcüməçi, ictimai-siyasi xadim Abbasqulu ağa Bakıxanovun anadan olmasının 230 illik yubileyinə həsr olunmuş “Qloballaşma şəraitində yeni nəsil universitetlərdə müəllim hazırlığının əsas hədəfləri” ümumrespublika elmi konfransı keçiriləcək.
ADPU-nun akt zalında 20 dekabr 2024-cü il tarixində təşkil olunan elmi konfransa onlayn formatda qatılmaq da mümkündür.
Azərbaycanda fəaliyyət göstərən, eləcə də ADPU-nun Quba filialı ilə əməkdaşlıq edən və tərəfdaş olan xarici ölkələrdəki təhsil müəssisələrindən professor-müəllim heyəti, doktorantlar, dissertantlar, müəllimlər, elmi işçilər, mütəxəssislər, təhsil işçiləri, magistrantlar və tələbələr konfransa dəvətlidirlər.
“Qloballaşma şəraitində yeni nəsil universitetlərdə müəllim hazırlığının əsas hədəfləri” ümumrespublika elmi konfransına təqdim olunacaq məqalələrin külliyyat şəklində nəşri nəzərdə tutulub. Magistrant və tələbələrin məqalələri üçün elmi rəhbərin rəyi tələb olunur.
Konfransın işçi ünsiyyət vasitəsi: Azərbaycan, rus və ingilis dilləridir.
Konfrans elmin bütün sahələrini əhatə edir və iştirak ödənişlidir.