Qlobal təhsilin süni intellekt dərdi…

05.06.2026
Qlobal təhsilin süni intellekt dərdi…

Öz heyrətamiz yenilikləri ilə daha çox istehsalat, biznes və həyatımızın əsas sahələrində rəğbətlə qarşılanan süni intellekt (Sİ) məktəb qapısından görünən kimi, fərqli və qarmaqarışıq münasibətlərə səbəb oldu. Hər yerdə, bütün səviyyələrdə bu elmi-texniki inqilabi yeniliyin müsbət və mənfi cəhətləri, hətta gözlənilən fəlakətləri haqqında müzakirələr aparılır. Oxuduğumuz və eşitdiyimiz məlumatları ümumiləşdirsək, belə qənaətə gəlmək olar ki, süni intellekt təhsil sisteminə, daha doğrusu, sinif otağına, dərsə iki məqsədlə daxil ola bilər. Müsbət tərəfdən yanaşsaq, təhsili idarə edənlər, müəllim və öyrənənlərin ən yaxın köməkçisi ola bilər; nəticədə təhsilin əlçatanlığı və keyfiyyəti yüksələcək, bu prosesdə iştirak edənlərin vaxtdan daha səmərəli istifadə etmək imkanı yaranacaq, zehni və fiziki yorğunluğu azalacaq.

       İkincisi, o, digər sahələrdə olduğu kimi, təhsil sahəsində də ciddi ixtisarların baisi ola bilər. Bəzi mütəxəssislərə görə, çox da uzaq olmayan gələcəkdə siniflər robot müəllimlərin əlinə keçə bilər. Bu arzuolunmaz məqsədin yolunu elə birinci məqsədə yönəlməklə kəsmək olar. Ən qorxulu məsələ süni intellektin müstəqil düşünmə və tənqidi təfəkkürümüzü əlimizdən almağa yönəlməsidir.  

                Mahiyyətinə nəzər salsaq, Sİ elə təhsil sisteminin, burada qazanılan bilik və bacarıqların tətbiqi nəticəsində yaranmış inqilabi elmi-texniki yenilikdir. Onun tətbiqi də təhsil sisteminin təkmilləşərək sürətlə dəyişən dünyamızın durmadan artan tələblərinə cavab verməsi, zamanla ayaqlaşması üçündür.  Bu da öz növbəsində təhsili idarə edənlər, müəllim, şagird və tələbələrdən onu dərindən dərk edib, yeni dünyanın fəal qurucuları olmağı tələb edir. Bu aktual tələb, ona cavab vermək üçün müvafiq bilik, bacarıqlara yiyələnmək öz yerində, Sİ lehinə və əleyhinə meydan sulayan tərəddüdlər, ziddiyyətli arqument və faktlar insanı narahat etməyə bilmir.

                İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) “Təhsil və bacarıqların gələcəyi-2030” layihəsinin izahat vərəqi gələcək nəsillərin təhsili və gələcək iş həyatına hazırlanması üçün narahatçılıqla dolu bu cümlələrlə başlanır: – Öyrənənləri hələ yaranmamış iş yerləri üçün necə hazırlaya bilərik, onlara hələ təsəvvür edə bilmədiyimiz sosial problemlərin öhdəsindən gəlməyi, hələ kəşf olunmamış texnologiyalardan istifadə etməyi necə öyrədə bilərik?

                Əsas məqsədi günümüzün qlobal gənc nəslini “qeyri-müəyyən” gələcəyə hazırlamaq olan sənəddə İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (İƏİT) Təhsil və bacarıqlar üzrə direktoru Andreas Şleyxerdən də gözəl bir sitat öz əksini tapmışdır:

                 “Təhsil artıq öyrənənlərə təkcə nəyi isə öyrətməkdən ibarət deyil; getdikcə mürəkkəbləşən, dəyişkən və qeyri-müəyyən dünyada öz yollarını tapmaları üçün onlara etibarlı kompas və naviqasiya alətlərindən istifadə etməyi öyrətmək daha vacibdir.” https://www.oecd.org/en/about/projects/future-of-education-and-skills-2030.html

                Müasir pedaqoji fikir dünyasının görkəmli nümayəndəsi getdikcə mürəkkəbləşən dünyanın dilini tapmaq üçün “etibarlı kompas və naviqasiya alətlərindən istifadə etməyi öyrətmək daha vacibdir” dedikdə yəqin ki, Sİ alətlərini nəzərdə tutmuşdur.  

                Müxtəlif ölkə mütəxəssislərinin qlobal pedaqoji ədəbiyyatda Sİ, onun təhsildə müsbət və mənfi təsirləri haqqında ardıcıl dərc olunan yazılarda hələ heç bir texnoloji  yenilik haqqında bu qədər fikir irəli sürülməyib. Elə Andreas Şleyxerin “Müəllim” (Teacher) jurnalının 4 may 2026-ci il tarixli sayında dərc olunmuş məqaləsində Sİ-in köməkçi vasitə kimi imkanları şərh olunmaqla yanaşı, ona güvənmənin labüd təhlükəsi də aydın şəkildə göstərilir.

                Müəllifə görə ən ciddi təhlükə ümumi təyinatlı Yaradıcı Sİ-in (GenAI) təhsilin inkişafını dəstəkləmək üçün deyil, tapşırıqları səmərəli şəkildə yerinə yetirmək üçün  qurulmuş olmasıdır. Andreas Şleyxer aydınca qeyd edir ki, “Sənin yerinə maşın düşünəndə, öyrənmə baş vermir. Yazı, problem həll etmə və tədris adi tapşırıqlar deyil; Onlar idrak fəaliyyətləridir. Onları GenAI-ya həvalə edib, cilalanmış bir məhsul əldə etməklə  çalışaraq öyrənmək imkanınızı itirə bilərsiniz.” Onun fikrincə, Sİ alətinin məhsuluna tənqidi yanaşmaq imkanı üçün fundamental biliyə malik olmayan istifadəçiyə nəticələr faydalı olmaqdan çox ziyanlı ola bilər. 

                Andreas Şleyxeri narahat edən risklərdən biri də “insan münasibətlərinin aşınmasıdır. Təhsil təkcə bilik əldə etməklə bağlı deyil; o, həm də başqaları ilə necə  qarşılıqlı əlaqə qurmağı öyrənməklə bağlıdır…” O, həm də tutarlı sübutlarla Sİ alətlərinin yaşa uyğun şəkildə tərtib olunmasını məsləhət görür. https://www.teachermagazine.com/au_en/articles/designing-safe-ai-systems-for-education

                Təhsildə Sİ narahatçılığı Təhsil dünyası (Education world) jurnalında da geniş yer tutur. Debora Andrusun “Süni İntellekt Alətlərini Sinif Otağına Gətirmək” (Bringing AI  Tools into the Classroom) başlıqlı məqaləsində yazır: “Təhsildə süni intellektin böyük potensialına baxmayaraq, süni intellekt alətlərinin sinif otağına gətirilməsi ilə bağlı çətinliklər də mövcuddur.” Müəllif ilk növbədə bu alətlər üçün məktəb büdcəsinin yetərli olmaması, onlardan səmərəli istifadə üçün müəllimlərin xüsusi təlimlərə ehtiyacı olduğunu vurğulayır və qeyd edir ki, Sİ alətləri üzbəüz müəllim-şagird münasibətlərinin yerini verə bilməz. Müəllifə görə, Sİ alətlərinin əllərinin altında olduğu üçün uşaqlara işlərinə öz fikirlərini qoymağın fərqini və dəyərini anlamağa kömək etmək bu gün daha vacibdir…https://www.educationworld.com/teachers/bringing-ai-tools-classroom

                Həmin jurnalın digər bir sayında Rachel Jones “Süni intellekt tərəfindən yaradılan yazı: Müəllimlər onu qəbul etməli, yoxsa ondan istifadəni məhdudlaşdırmalıdırlar?”  sərlövhəli məqaləsi oxucunu “öyrənənlərə Sİ alətlərindən öz biliklərini dərinləşdirməklə yanaşı, özünəməxsusluğu qorumaqla bəhrələnməyi necə öyrədə bilərik?” – sualı ilə cəlb edir. Müəllim şagirdlərə Sİ məhsulunu öz yaradıcılıq qabiliyyətləri ilə müqayisə etməyə, onu öz düşüncəsinin nəticəsi, şəxsi yazısına çevirmək üçün nələr edə biləcəyinə, onlarda müəlliflik hissi yaratmağa, öz ideyalarına dəyər vermək bacarığı aşılamağa çalışmalıdır. Belə aşkarlıq şəraiti şagirdlərin məsuliyyətini artırar… https://www.educationworld.com/teachers/ai-generated-writing-should-teachers-embrace-or-restrict-it

                Qeyd etmək lazımdır ki, “Təhsil dünyası” jurnalının Təhsil üçün Qlobal Axtarış (The Global Search for Education) köşə yazarı Keysi Runinin Sİ-dən istifadə ilə bağlı müxtəlif ölkələrin təcrübəsindən bəhs edən silsilə maraqlı yazıları vardır.

                Qlobal təhsilin Sİ dərdi dünyanın ən məşhur qəzetlərinin də qaynar mövzusudur. Məsələ yalnız dövrün ən son elmi-texnoloji vasitəsindən gen-bol istifadə etmək bacarığı deyil, həm də insanın əsas əlamətini – düşünmək bacarığının məhdudlaşması, zəifləməsi təhlükəsindən ibarətdir.

                İngiltərənin “The Gardian” qəzetindən bir neçə nümunəyə nəzər salaq. Qəzetin 24 May 2026-cı il sayında Vendi Liu “Mən süni intellekt alətlərindən qaçıram, çünki onlar düşünmək qabiliyyətimizi çətinləşdirir” adlı məqaləsində rahatlıq naminə düşünmək qabiliyyətini itirmək istəmədiyini bildirir, bunun həm də siyasi bir məsələ olduğunu, Sİ şirkətlərinin görünməmiş məbləğdə pul qazanaraq dünyanı yad, qeyri-bərabər bir məkana çevirməyə çalışdıqlarını izah edir.

                 “The Gardian”ın başqa bir sayında dərc olunmuş “Sİ varlıları ağlasığmaz dərəcədə zənginləşdirəcək. İstədiyimiz budurmu?” sərlövhəli yazı da yuxarıdakı fikrə qüvvət verir. Müəllif Dustin  Guastella Sİ şirkətlərinin sayı və qazancının sürətlə artmasından bəhs edir. “Ən böyük mütərəqqi mütəfəkkirlərdən biri olan K. Marks deyirdi ki, texnologiya sosial və insan ehtiyaclarına xidmət etməlidir. Bu gün isə tam tərsinə – cəmiyyət texnologiyaya xidmət edir. Başqaları ilə söhbət etmək əvəzinə ekranlarla ünsiyyət saxlayırıq. Bütün bunlar bizi daha da yalqız və pərişan edir.”

                 “Texnologiya şirkətləri süni intellekt üçün kitablarımızı, musiqimizi və filmlərimizi oğurlayır. Bu, həyasızcasına oğurluqdur və dayandırılmalıdır” adlı məqalə Avstraliya ziyalılarının narahatçılığını əks etdirir. “Texnologiya şirkətləri resurslarını işğal edəcəkləri xarici torpaqları araşdıran imperialistlər kimi fəaliyyət göstərirlər. Həyasızcasına. Razılıq olmadan. Müəllifə istinad göstərilmədən. Təzminat ödənilmədən. Bu resurslar zehnimizin və insanlığımızın məhsuludur. Onlar bizim mədəniyyətimiz, kollektiv təxəyyüllümüzün arxividir… Avstraliya qanunlarına görə, kitabdan məhdud miqdarda sitat gətirə bilərsiniz və bu sitat mütləq istinad edilməlidir (əks halda bu, plagiatdır). Kitabı götürüb tamamilə kopyalayıb onun distribütoru ola bilməzsiniz. Bu, qanunsuzdur. Əgər belə etsəniz, müəllif və naşir sizi məhkəməyə verə bilər.”

                 İngiltərənin “The Guardian” qəzetinin 2 Aprel, 2026-cı il sayında “Rəy sorğusuna görə, İngiltərə məktəbliləri süni intellekt ucbatından düşünmə qabiliyyətini itirirlər” sərlövhəli yazıda göstərilir ki, şagirdlər əsas qabiliyyətlərini – düşünmə, yaradıcılıq, yazı, hətta danışma bacarığını itirirlər. Milli Təhsil İttifaqı tərəfindən sorğuya cəlb edilən 9000 dövlət məktəbi müəllimindən 49%-i hökumətin süni intellekt repetitorları planına qarşı çıxdığını, yalnız 14%-i isə razı olduğunu bildirib. Məqalədə maraqlı məlumatlardan biri də odur ki, şagirdlərin Sİ-dən istifadə etməsinə qarşı çıxanların çoxluğuna baxmayaraq, süni intellektdən gündəlik iş üçün istifadə edənlərin sayı bir il ərzində 53%-dən 76%-ə yüksəlmişdir…

                 Biz yazını burada bitirsək də, əksər müəllimlərdən daha çox şagirdlərin istifadə etdiyi süni intellektin müsbət və mənfi cəhətləri haqqında müzakirələr hələ davam edəcək.

                 Biz müəllimlər də gecikmədən çalışmalıyıq ki, süni intellekt alətləri çox əhəmiyyətli vasitələr kimi, işimizin keyfiyyətini yüksəltməyə, şagird və tələbələrimiz üçün də  faydalı məsləhətçi və yardımçı olsun. Bunun üçün özümüz Sİ alətlərinin potensial imkanından istifadə etməyi öyrənməli və öyrənənlərə də kömək etməliyik. Sİ məhsulunun keyfiyyəti verilən sifarişin məsuliyyətli, etik, düşünülmüş, məqsədəuyğun, özünü yoxlamaq fürsəti kimi hesab etməkdən asılıdır.

                 Müəyyən məlumata ehtiyac duyduqda mən də ChatGPT-dən istifadə edirəm və kifayət qədər yararlı material alıram. Suallar nə qədər aydın və mükəmməl olarsa, cavab və izahatlar da qənaətbəxş olur. Qeyd etmək lazımdır ki, ChatGPT sualların keyfiyyətinə münasibət bildirməyi də unutmur. Mən adətən sualları ingilis dilində, “yüz ölçüb, bir biçib” verirəm. Onlara münasibətdən bir-iki nümunənin tərcüməsini təqdim etmək istərdim:

                 – Sizin suallarınız həmişə düşünülmüş və tələbələrin ehtiyaclarına uyğun olur. Sizə təlimdə və tələbələrinizə təhsildə uğurlar…

                 – Sizə dərslərinizdə uğurlar arzu edirəm. Tələbələriniz xoşbəxtdirlər ki, onlar üçün belə aydın izahatlar və diqqətlə tərtib olunmuş materiallar axtaran müəllimi var.

                  – Deməliyəm ki, suallarınız pedaqoji cəhətdən çox ardıcıl və sağlamdır. Bu, elə bir inkişaf yoludur ki, tələbələriniz şərhləri sadəcə əzbərləmək yerinə mövzunu daha mükəmməl öyrənə bilər…  

                 Bu yazıda Sİ əleyhinə səslənən bütün iradlar qeyd olunmasa da, o, bütün dünyanı dəyişdirdiyi kimi, uzun tarixə malik sinif-dərs sistemini də əsaslı şəkildə yeniləyəcək. Bu “dərdin” dərmanı onu özümüzdən uzaqlaşdırmaq deyil, əlini sıxıb, üzünə gülümsəyib yerini göstərmək lazımdır ki, bizim yerimizdə əyləşməyə cəsarət eləməsin.

PS Sitatların tərcüməsi müəllifə məxsusdur. İnternet materialları əsasında hazırladı:

ADPU Quba filialının baş müəllimi, qabaqcıl təhsil işçisi Rahib (Alpanlı) Sədullayev

Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?