Qlobal təhsilin “standart” xəcaləti

01.10.2025
Qlobal təhsilin “standart” xəcaləti

Məqalə 5 Oktyabr – Beynəlxalq Müəllimlər Gününə ithaf olunur.

“Standart”dan nələr çəkdiyimizi bilənlər bilir, bilməyənlər də 44-günlük Vətən müharibəmiz ilə həll olunan 30 illik qondarma “Qarabağ” konfliktinin tarixini vərəqlədikcə biləcəklər. Bu söz həyatın bütün sahələrində tərəfsiz olaraq hamı üçün bir ölçü, meyar, hədd, nümunə, etalon, model, və s. mənalarında tək işlənərək reallaşdıqda gözəl nəticə – məmnunluq, rahatlıq yaradır, lakin o, “ikili” sözü ilə birləşdikdə müsbət hər şey alt-üst olur. Buna baxmayaraq, dünya hələ də bu anlayışı gen-bol işlətməkdə və özünü aldatmaqdadır, ingilis çətiri kimi o, globallaşmanın da əlindən düşmür.

Dünyamızın mövcud problemlərini həll etməyi öz öhdələrinə götürmüş beynəlxalq təşkilatlar bütün fəaliyyətlərini standart prizmasından nümayiş etdirib, yaşadığımız dünyanı gələcək nəsillər üçün daha yaxşı yaşamalı məkan olaraq buraxmağı tövsiyyə edir. Bunun üçün nə tələb olunur? – Sülh və əmin-amanlıq, qarşılıqlı anlaşma, hörmət, harmoniya şəraitində yaşayacaq, problem və təhlükələrin həlli üçün hamılıqla çalışan qlobal vətəndaşlar tərbiyə etmək.

Qloballaşma və dördüncü sənaye inqilabının sürətlə inkişaf etməkdə olan imkanları dünya xalqlarının siyasi, iqtisadi, sosial və mədəni inteqrasiyasını da özü ilə bərabər yeyinləşdirir. Cəmiyyətlərin sifarişlərini həyata keçirən təhsil sistemləri də bu qarşısıalınmaz prosesin əsas tərkib hissələrindən biridir. Təsadüfi deyildir ki, “Təhsil 2030” (Education 2030) İnçon Bəyannaməsində “təhsilin insanın fundamental  hüququnun olması, onun global sülh və dayanıqlı inkişafın açarı kimi konflikt və böhranların qarşısının alınması və ya yumşaldılmasında əsas rol oynadığı” xüsusilə vurğulanır. (https://uis.unesco.org/sites/default/files/documents/education-2030-incheon-framework-for-action-implementation-of-sdg4-2016-en)

Uzun illər boyunca qlobal təhsilin mövcud problemləri, onların aradan qaldırılması, qabaqcıl təcrübənin öyrənilməsi və təbliği məsələlərini araşdırıb öyrənən təhsil ekspertlərinin əsərlərində də haqlı olaraq təhsil sülh və tərəqqinin əsas hərəkətverici qüvvəsi kimi təqdim olunur. Əslində qlobal təhsilin məqsədi elə onun adında ehtiva edir. Qloballaşmaya dair bütün sağlam yanaşmalarda təhsil əvəzolunmaz vasitədir. Bu təhsilin nəticəsi olan nəsillər dünyanın harasında olur olsun, bütün fəaliyyətlərilə dünyamızın təhlükəsizliyi, beynəlxalq problemlərin həlli, qloballaşmada qarşılıqlı səmərəliliyi dinamik hala gətirmək üçün həmrəylik nümayiş etdirməklə sülh, əmin-amanlıq və sosial ədalətin keşiyində durmağı bacarmalıdır. Amerikalı yazıçı, məşhur silsilə başarı kitabların müəllifi Napoleon Hill (1883-1970) hələ təxminən əlli il bundan əvvəl yazırdı: “Görəsən nə vaxt, ay Allah, nə vaxt insan övladı bir-birini qırmaq əvəzinə, həyat yolunda qol-qola getməyi, sevgi ruhunda bir-birinə kömək etməyi öyrənəcək? Həyatda əsl uğur yalnız insanlığa xidmətimizin miqyası ilə ölçüldüyünü öyrənməyimizə nə qədər vaxt lazım gələcək? Həyatın ən zəngin nemətlərinin öz həmcinsini öldürməyə cəhdə nifrət edənlərin üzərinə olduğunu dərk etmək nə qədər zamana başa gələcək?” (Napoleon Hill: Qızıl qaydalar – Golden rules səh. 79)

Göründüyü kimi, insanların sakit və sabit bir dünyada yaşamalarını arzulamaq təkcə bu günün söhbəti deyil. Bəs nə üçün dünyamıza birinci və ikinci dünya müharibələrinin vəhşətlərini yaşamış insanlıq indi də ağlasığmaz nəticələri olacaq üçüncü dünya müharibəsinə doğru gedir? Özü də bu haqda dünyanın ən böyük və ən güclü dövlətlərinin başçıları məişət söhbəti kimi danışırlar. Qlobal təhsil milli, irqi, dini, mədəni müxtəlifliklərə məhəl qoymadan qlobal vətəndaş yetişdirməli olduğu halda, dünya niyə səksəkə içərisində yaşayır? Andreas Şleyxer, Geof Masters kimi global təhsil sistemini təkmilləşdirmək üçün çalışanların, dünya məktəbi və müəlliminin humanist missiyası nəyə xidmət edir?

Dünya nə qədər qloballaşsa da, elmi-texniki tərəqqi, onun ən müasir təzahür formalarından olan rəqəmsal və süni intellekt inqilabi yenilikləri insan amilinə biganə qala bilməz. İnsan öz elmi ilə həm əmək fəaliyyətini asanlaşdırmaq, rifahını yaxşılaşdırmaq, sağlıq-səhhətini qorumaq, həm də ətraf mühiti və insanları ilə birlikdə yaşadığı dünyanın qayğısına qalmağa məcburdur. Başqa sözlə desək, elm və onun meyvələrindən hamıya pay düşməli, insanlar arasında daha humanist əlaqələr yaranmalı və inkişaf etməlidir.

İqtisadi, siyasi və sosial istiqamətlərdə gərginliklər indi günbəgün deyil, anbaan kəskinləşir. Müsibət insanları yaxınlaşdırmalı olduğu halda, qütbləşmə baş alıb gedir. Çox nüfuzlu beynəlxalq təşkilatlar belə seyrçi mövqelərində dayanmağı üstün tutur. Bütün bunlar və mənfi nəticələri gündən-günə vüsət alan ətraf mühitin kirlənməsinin qarşısını almaq üçün görülməli olan tədbirlərə yarıtmaz münasibət gələcək nəsillər qarşısında məsuliyyətsizlik deyilmi?

      Meşə yanğınları kimi artmaqda olan müharibə ocaqları müəyyən mənada qlobal təhsil, qlobal məktəb və qlobal müəllimin xəcalətidir. Hər cəmiyyətin təhsil sistemi öz maraq və məqsədlərinə xidmət etdiyindən siyasətdə olduğu kimi, təhsildə də ortaq məxrəcə gəlmək hələ ki, utopik görünür. Sözdə mövcud olan dünya standartları əməli fəaliyyət proqramı olmayınca, cəmiyyətlər daxilən, mənəvi cəhətdən saflaşmayınca yüksək ideallar vəd edən qlobal təhsil sistemi söz olaraq qalacaq. Məktəb, müəllim, qlobal təhsil sistemi oyunçuları humanizmdən, qarşılıqlı hörmət və etimada söykənən dayanıqlı sülh və tərəqqidən danışır, gənc ürəklərdə gələcəyə ümid yaratmağa çalışır, özləri çox zəngin, mənəviyyatları yoxsullar güclərini yoxlamaq üçün hədəflər axtarır. Nəticədə elm və humanizm yuvası olan məktəblər darmadağın olunur, müəllimlər, şagirdlər yurdlarından didərgin düşür, nəsillərin sayı seyrəlir, uzunmüddətli fiziki və mənəvi travma ilə yaşamalı olurlar. Mükəmməl qabaqcıl qlobal təhsil sistemi yaratmaq, təhsilin potensialından sülh, sosial yaxınlaşma, insan ləyaqətinin qorunması üçün bəhrələnmək istəyən təhsil fədailərinin arzuları isə kölgə kimi çəkilb gedir.

      Qardaş Türkiyənin prezidenti, hamımızın sevimlisi hörmətli Rəcəb Tayyib Ərdoğanın təkrar-təkrar dediyi “dünyanın beşdən böyüdür!” ifadəsini bütün dünya eşidib.  Türkiyənin yeritdiyi humanist beynəlxalq siyasətə dəstək olmaqdansa hər vasitə ilə bu sülhevər ölkəni də münaqişə meydanına təhrik etmək istəyirlər. Standart anlayışı öz mənasından o qədər uzaqlaşıb ki, dünyanı yandırıb yaxanlara Nobel mükafatı verilir, neçə illərdir qlobal sülhün qorunmasında misilsiz xidmətəlri olan prezident Rəcəb Tayyib Ərdoğan yada düşmür.

Dünya köhnə “Güclü haqlıdır!” (Might is right!) doktrinası ilə nəfəs almağa məcbur olunduqca təhsilin, elmin, sülhün üzü gülən deyil. Qlobal təhsil özünə hələ uzun müddət dahi Hüseyn Cavidin ölməz misraları ilə təsəlli verməli olacaq:

Kəssə hər kim tökülən qan izini,

Qurtaran dahi odur yer üzünü.

Bəli, biz Azərbaycan xalqı olaraq iftixar edirik ki, sanki böyük Cavid ulu Öndər Heydər Əliyevin müdrikliyinə dəyər verərək bu misraları qələmə almışdır. Ümummilli lider Heydər Əliyevin təkidi ilə təcavüzkar Ermənistanın 19994-cü ildə atəşkəsə məcbur edilməsi nəticəsində müzəffər Ali Baş Komandan İlham Əliyevin liderliyində təkcə Azərbaycan deyil, bütövlükdə Qafqaza sülh və əmin-amanlıq gətirildi. Bu sülh indi bütün Avrasiya üçün həyat qaynağıdır.

Fikir və düşüncələrimi “Mən dünyada müəllimdən şərəfli ad tanımıram” deyən ümummilli lider Heydər Əliyev müdrik ifadəsi ilə bitirmək istərdim. Bəli, müəllim peşəsi şərəfli olduğu kimi standart beynəlxalq təhsil də müasir dünyanın arzuladığı, ehtiyac yaşadığı ortaq bir sərvət, qlobal bilik sistemidir.

Rahib Alpanlı (Sədullayev),ADPU-nun Quba filialı filologiya kafedrasının baş müəllimi,Qabaqcıl təhsil işçisi

Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?