Qazaxıstanlı pedaqoq alimlər ADPU-nun Quba filialında tədris aparıblar.

27.11.2025
Qazaxıstanlı pedaqoq alimlər ADPU-nun Quba filialında tədris aparıblar.

Azərbaycan Dövlət Pedaqoji Universitetin Beynəlxalq əlaqələr üzrə prorektorluğunun dəstəyi ilə ADPU-nun Quba filialı şaxələndirdiyi beynəlxalq əlaqələri çərçivəsində daha bir layihəyə imza atıb.

Belə ki, “Xüsusi təhsil tələbatı olan məktəbəqədər yaşlı uşaqların oyunlar vasitəsilə inklüziv mühitinə adaptasiyasının sosial-pedaqoji şərtləri” layihəsi çərçivəsində akademik əməkdaşlığın möhkəmləndirilməsi və təcrübə mübadiləsinin həyata keçirilməsi məqsədilə Qazaxıstanın М.Х. Dulатi adına Taraz Universitetindən bir qrup professor-müəllim heyəti Pedaqoji Universitetin Quba filialında tədris aparıblar. Qonaq müəllimlər filialda tələbələr üçün mühazirələr və seminarlar keçmiş, həmçinin tədris prosesinin təşkili sahəsində təcrübə mübadiləsində iştirak ediblər.

ADPU-nun Quba filialının direktoru, Qabaqcıl təhsil işçisi, fizika elmləri doktoru, professor Yusif Alıyev ilə keçirilən görüşdə Azərbaycan-Qazaxıstan münasibətləri, eləcə də ölkələrimiz arasında təhsil sahəsində əməkdaşlıq, qarşıda duran vəzifələr barədə səmərəli fikir mübadiləsi aparılıb. Filialda mühazirə və seminar keçdiklərinə, həmçinin təcrübə mübadiləsinə görə, qonaqlara səmimi minnətdarlığını ifadə edən professor Yusif Alıyev əminliklə bildirib ki, əlaqələr bundan sonra daha da genişlənərək nümunəvi məcrada inkişaf edəcək.

Qazaxıstanlı pedaqoq dosentlər – Rıstı Kərimbayeva, Maxabbət Ospanbayeva, həmçinin müəllim-analitik Asel Amanjolova müxtəlif qruplarda olublar.

Qazaxıstanlı qonaqlar sonuncu auditoriya olaraq Humanitar elmlər kafedrasının müdiri vəzifəsini müvəqqəti icra edən siyasi elmlər üzrə fəlsəfə doktoru, baş müəllim Sabir Şahtaxtının (Hacıyev) sosial iş ixtisası üzrə dərs apardığı sinifdə – şəhid kapitan Aqil Məlikov adına auditoriyada olublar.

Sosial iş ixtisası, bu sahəyə Azərbaycanda olan ehtiyac, tədris fənləri barədə ümumi məlumat verən Sabir Şahtaxtı eyni zamanda Azərbaycan-Qazaxıstan qardaşlıq münasibətlərinin tarixi və müasir inkişaf istiqamətlərindən bəhs edib.

ADPU-nun Quba filialının direktoru professor Yusif Alıyevin türk dünyasının həmrəyliyi istiqamətində tələbələrə mümkün qədər daha çox bilik verməyi hər zaman tövsiyə etdiyini diqqətə çatdıran müəllim əminliklə qeyd edib ki, təhsil sahəsində əməkdaşlıq əlaqələrinin şaxələnməsi xalqlarımız arasında inteqrasiyaya özünəməxsus töhfədir.

Qazaxıstanlı pedaqoq alimlər səfər çərçivəsində Quba Soyqırımı Memorial Kompleksini də ziyarət ediblər.

Burada qardaş ölkənin pedaqoji heyətinə Quba Soyqırımı Memorial Kompleksinin tarixi, onun qurulmasının səbəbləri barədə müfəssəl məlumat verilib.

Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?