Yüksək əhval-ruhiyyə və səmimi mühitdə baş tutan tədbirdə millət vəkili, iqtisad elmləri doktoru, professor Əlibala Məhərrəmzadə, ADPU-nun Quba filialının direktoru, fizika elmləri doktoru, professor Yusif Alıyev, Azərbaycan Yazıçılar Birliyinin Quba bölməsinin sədri, şair Ramiz Qusarçaylı, eləcə də professor-müəllim heyəti və tələbələrin valideynləri iştirak ediblər.
Görüşdə çıxış edən millət vəkili Əlibala Məhərrəmzadə ali təhsil müəssisələrinə qəbul imtahanlarında yüksək göstəricilər qazanan gəncləri, onların zəhmətkeş valideynlərini və müəllimlərini təbrik edib. Professor tələbələrə Qərbi Azərbaycan İcmasının yaranma məqsədi, tarixi missiyası və fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verib. O, soydaşlarımızın pozulmuş hüquqlarının bərpası, dədə-baba torpaqlarımıza dinc və ləyaqətli qayıdışın təmin olunması, həmçinin zəngin maddi-mənəvi irsimizin qorunub saxlanılması istiqamətində həyata keçirilən mühüm tədbirləri diqqətə çatdırıb. Ölkəmizin parlaq gələcəyinin və milli maraqlarımızın beynəlxalq müstəvidə qətiyyətlə müdafiə olunmasının məhz savadlı, geniş dünyagörüşünə malik vətənpərvər gənclərdən asılı olduğunu vurğulayan millət vəkili tələbələrə dövlətçilik prinsiplərinə sadiq yüksək ixtisaslı kadrlar kimi formalaşmağı tövsiyə edib.
ADPU-nun Quba filialının direktoru, Azərbaycan Respublikasının Qabaqcıl təhsil işçisi, professor Yusif Alıyev çıxışında bu uğurun gənclərin illərlə çəkdiyi gərgin əməyin və pedaqoji kollektivin birgə fəaliyyətinin məntiqi nəticəsi olduğunu bildirib. Professor tələbəlik illərində yalnız nəzəri biliklərə yiyələnməklə kifayətlənməyərək, analitik təfəkkürə malik, tədqiqatçı və təşəbbüskar mütəxəssis kimi yetişməyin vacibliyini qeyd edib, gənclərə elm yolunda yorulmaz səylər arzulayıb.
Tədbirin bədii və mənəvi ab-havasını zənginləşdirən Azərbaycan Yazıçılar Birliyinin Quba bölməsinin sədri, şair Ramiz Qusarçaylı bu nailiyyəti təfəkkürün və intellektin qələbəsi kimi dəyərləndirib. Quba bölgəsinin qədim maarifpərvərlik ənənələrinə toxunan şair gəncləri elm pillələrində irəliləyərkən öz köklərinə, milli-mənəvi dəyərlərə və ana dilimizə hər zaman sədaqət nümayiş etdirməyə çağırıb.
Sonda yüksək bal toplayan tələbələr və onların valideynləri göstərilən diqqət və qayğıya görə tədbir təşkilatçısına dərin minnətdarlıqlarını bildiriblər.




