ADPU-nun Quba filialında Anım Gününə həsr edilmiş “Qəhrəmanlar unudulmur!” tədbiri keçirilib
Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialı, Quba Heydər Əliyev Mərkəzi, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Quba nümayəndəliyinin birgə təşkilatçılığı ilə 27 Sentyabr – Anım Gününə həsr edilmiş “Qəhrəmanlar unudulmur!” anım tədbiri keçirilib.
Əvvəlcə Quba filialındakı şəhid kapitan Aqil Məlikov, şəhid Miqdad Abduləlimov və şəhid Nuran Mirzəyev adına auditoriyalarda şəhid ailə üzvləri – Günel Məlikova, Tünzalə Abduləlimova və Akif Mirzəyev tərəfindən “Zəfərimiz əbədidir!” siyasi-tarixi-mənəvi mövzularda mühazirələr keçirilib.
Şəhid ailə üzvləri keçdikləri dərslərdə Azərbaycanın dövlətçilik tarixinə qızıl hərflərlə yazılan 44 günlük Vətən müharibəsinin şərafətindən danışıblar. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman Azərbaycan ordusunun qazandığı rəşadətli qələbənin əbədiyyətə qədər qorunması arzu edilib və bunun üçün gənc nəslin yüksək intellektli, vətənpərvər yetişməsinin əhəmiyyətindən danışılıb.
Sonra tədbir ADPU-nun Quba filialında fəaliyyət göstərən Azərbaycan – Özbəkistan Türk dünyası Tanıtım və Mədəniyyət Mərkəzində davam etdirilib.
Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Ümummilli lider Heydər Əliyevin və Azərbaycanın bütövlüyü uğrunda canlarından keçən bütün şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialının fəaliyyətində milli-vətənpərvərlik mövzusundakı istiqamətləri özündə əks etdirən film nümayiş olunub.
Çıxışında 27 Sentyabr – Anım Gününə uzanan dövlətçilik yolundan danışan ADPU-nun Quba filialının direktoru, fizika elmləri doktoru, dosent Yusif Alıyev bildirib ki, bu gün şəhid ailə üzvlərinin keçdikləri mühazirə gənclər qarşısında edilən şərəf və ləyaqət dərsidir.
Ümummilli lider Heydər Əliyevin ideyalarının həyata keçirilməsinin tarixi əhəmiyyətindən bəhs edən direktor Yusif Alıyev deyib ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun qazandığı qələbənin siyasi-mənəvi əhəmiyyəti tarixlərə işıq saçır.
Anım tədbirinin aparıcısı şəhid kapitan Aqil Məlikovun məktəbli övladı Xədicə Məlikli 27 Sentyabr – Anım Günü ilə bağlı müfəssəl məlumat verib, fikir və düşüncələrini bölüşüb.
Quba Heydər Əliyev Mərkəzinin direktoru Sevinc Səlimova çıxışında qeyd edib ki, şəhidlərimizin adının uca tutulmasıonların ailə üzvlərinə və qazilərimizə göstərilən ehtiram Azərbaycan xalqının milli-mənəvi dəyərlərə göstərdiyi ehtiramın nümunəsidir.
Şəhid analar – Tünzalə Abduləlimova və Humay Abdulrəhmanova, filialın birinci kurs tələbəsi şəhid Ruslan Bayramovun həyat yoldaşı İlahı Bayramova çıxışlarında vurğulayıblar ki, Azərbaycanda şəhidlərin xatirəsinə göstərilən sayğı, onların ailələrinə və qazilərə olan diqqət və qayğı dövlət-xalq birliyinin vəhdətidir. Bu ümumxalq ehtiramı şəhid və qazı ailələrinə milli təskinlik nümunəsidir.
Filialın əməkdaşı, siyasi elmlər üzrə fəlsəfə doktoru Sabir Hacıyev çıxışında 44 günlük Vətən müharibəsi nəticəsində qazanılan əzəmətli qələbədən, Azərbaycanda milli-dövlətçilik yolunda aparılan mübarizədən və onun Zəfər təntənəsinin tarixi əhəmiyyətindən bəhs edib.
Çıxışlarda şəhidlərimizə Allahdan rəhmət oxunub, qazilərimizə şəfa arzu edilib, Vətən müharibəsində iştirak edən bütün qəhrəman övladlarımız haqqında xoş sözlər ifadə olunub.
Filialın Azərbaycan dili və ədəbiyyat müəllimliyi ixtisasının I kurs tələbəsi Şahanə Hüseynova anım günü mövzusunda şeir söyləyib.
Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizədə canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi saat 12:00-da ölkəmizin bütün ərazisində olduğu kimi Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialında da bir dəqiqəlik sükutla yad olunub.