Marmara Universitetinin ev sahibliyi ilə İstanbulda “Türk Dostluğu Əsaslı Əməkdaşlıq: Tarixdən Gələcəyə Beynəlxalq Münasibətlər Perspektivləri” mövzusunda 3. Beynəlxalq Türk Dünyası Stratejik Araşdırmalar Konqresi keçirilmişdir. Mötəbər tədbirdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Quba filialının direktoru, professor Yusif Alıyev ölkəmizi rəsmi dəvət əsasında uğurla təmsil etmişdir.
Konqresin açılış və plenar iclasında geniş məruzə ilə çıxış edən professor Yusif Alıyev müasir dünyada türk dövlətlərinin inteqrasiyası fonunda Azərbaycanın türk dünyasına verdiyi tarixi və strateji töhfələrdən bəhs etmişdir. Natiq öz çıxışında tarixlə müasir təhsil sisteminin vəhdətinin formalaşdırılmasının vacibliyini xüsusi vurğulamışdır.
Professor, həmçinin Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə regionda və qlobal miqyasda yaradılmış mükəmməl geosiyasi reallıqlardan, ölkəmizin türk birliyinin güclənməsinə yönəlmiş qətiyyətli addımlarından ətraflı bəhs etmişdir. Məruzə konqres iştirakçıları, beynəlxalq ekspertlər və elm adamları tərəfindən böyük maraq və rəğbətlə qarşılanmışdır.
Konqresin elmi bölmələrində çıxışını davam etdirən professor Yusif Alıyev “Ali təhsil sistemində türk milli kimliyinin qorunmasının əsasları” (müvafiq proqram adı ilə: “Türk Kimliğinin Sürdürülebilirliğinde Yükseköğretimin Stratejik Önemi”) mövzusunda elmi məruzəsini təqdim etmişdir. Çıxışda qloballaşma şəraitində gənc nəslin milli ruhda tərbiyə olunması, ali təhsil müəssisələrinin ortaq türk kimliyinin qorunub saxlanılması və gələcək nəsillərə ötürülməsindəki strateji rolu elmi-nəzəri əsaslarla diqqətə çatdırılmışdır.
Konqresdə coğrafi baxımdan geniş təmsilçilik qeydə alınmış; Türkiyə, Azərbaycan, Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Moldova, Almaniya və Yaponiyadan gəlmiş 200-ə yaxın tanınmış alim, strateq və mütəxəssislər elmi məruzələrlə çıxış edərək fikir mübadiləsi aparmışlar.
Tədbirin bədii və rəsmi hissəsində mədəniyyətlərarası bağların rəmzi olaraq qarşılıqlı hədiyyələşmə mərasimi keçirilmişdir.
Professor Yusif Alıyev tərəfindən Azərbaycanın qədim mədəniyyətini, tarixini və milli irsini tanıdan xüsusi xatirə hədiyyələri (Azərbaycan muğam sənətini və milli rəmzlərimizi əks etdirən suvenirlər) Marmara Universitetinin rektoru professor Mehmet Emin Okura, Türk Dünyası Yörük Türkmən Birliyinin genel başkanı İrfan Tatlıoğluya və Konqresin Təşkilat Komitəsinin sədri Cemal Akkuşa təqdim edilmişdir.
Konqres rəhbərliyi və təşkilatçı qurumlar adından professor Yusif Alıyevə türk-islam mədəniyyətinin və qardaşlığın ən ali rəmzləri hesab olunan müqəddəs Qurani-Kərim kitabı, şərəfli Türkiyə bayrağı, yörük türkmən boyunluğu və xüsusi konqres hədiyyələri ehtiramla təqdim olunmuşdur.
Bu mötəbər konqres, ADPU-nun Quba filialının beynəlxalq əlaqələrinin gücləndirilməsi və türk dünyasının elmi-mədəni inteqrasiyası baxımından növbəti uğurlu addım kimi qiymətləndirilmişdir.













