Pedaqoji Universitetin Quba filialında növbəti beynəlxalq təlim-seminarlar keçirilmişdir

19.11.2025
Pedaqoji Universitetin Quba filialında növbəti beynəlxalq təlim-seminarlar keçirilmişdir

Azərbaycan Respublikasında “Konstitusiya və Suverenlik İli” çərçivəsində Pedaqoji Universitetin Quba filialında ADPU-nun Təlim-Tədris Mərkəzi ilə ADPU-nun Quba filialının Peşəkar İnkişaf Mərkəzinin birgə təşkilatçılığı əsasında Özbəkistan təhsil heyəti üçün “İnklüziv təhsil və STEAM Texnologiyaları: Beynəlxalq Təcrübə və Qabaqcıl Təhsil Modelləri” mövzusunda təlim-seminarların rəsmi açılış mərasimi olmuşdur.

Tədbirdən əvvəl Özbəkistan heyəti filialla tanış olublar. Açılış mərasimi ulu öndər Heydər Əliyevin və şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb.

Sonra Özbəkistan Respublikasının və Azərbaycan Respublikasının dövlət himnləri səsləndirilib.

Pedaqoji Universitetin Quba filialının direktoru, qabaqcıl təhsil işçisi, fizika üzrə elmlər doktoru, professor Yusif Alıyev beynəlxalq təlim-seminarlara təşrif buyuran Özbəkistan nümayəndə heyətini salamlayaraq iştirakçılara uğurlar arzulamışdır. Türk xalqlarının dövlətçilik tarixi, xaqanlarımızın hərb zəfərləri, dövlətçilik yolunda dünya sivilizasiyasına bəxş etdiyimiz dəyərlər, hazırda türk dövlətləri arasında həmrəylik zirvəsinə çatmaq üçün keçilən yol kimi mühüm məsələlərdən bəhs edən direktor Yusif Alıyev ümummilli lider Heydər Əliyevin xilaskarlıq missiyası və türk dünyasının həmrəyliyi və qardaşlığının qorunması naminə həyata keçirdiyi strategiyaların əhəmiyyəti barədə müfəssəl məlumat verib. Azərbaycan-Özbəkistan qardaşlıq münasibətlərinin əsas istiqamətlərini sadalayan professor bildirib ki, iki qardaş ölkənin enerji sektoru başda olmaqla həyata keçirdiyi ortaq beynəlxalq layihələr Xəzər və Qara dəniz bölgəsi üçün yeni bir inkişaf modelidir.

Rəhbərlik etdiyi filialın fəaliyyəti barədə danışan professor Yusif Alıyev beynəlxalq əməkdaşlıq sahəsində qazanılan uğurlar və müsbət iş təcrübəsi haqqında ətraflı məlumat verərək qeyd etmişdir ki, işinə başlayan beynəlxalq təlim-seminarlarda Fərqanə Vilayəti Pedaqoji Məharət Mərkəzi, Daşkənd Vilayəti Pedaqoji Məharət Mərkəzi və Əndican Vilayəti Pedaqoji Məharət Mərkəzinin məktəb müəllimləri iştirak edir. Azərbaycan və Özbəkistanın əyalətləri arasında əməkdaşlığın faydalı tərəflərini sadalayan direktor deyib: “Bu kimi tədbirlər Azərbaycan-Özbəkistan qardaşlıq münasibətlərinin inkişafında mühüm əhəmiyyət daşıyır. Yaxından tanışlıq qarşılıqlı faydalı nəticələr üçün ən düzgün yoldur”.

Müzəffər Ali Baş Komandan İlham Əliyevin liderliyində qəhrəman Azərbaycan ordusunun 44 günlük vətən müharibəsində qazandığı rəşadətli qələbəni türk xalqların ortaq mənəvi zəfəri kimi dəyərləndirən professor Yusif Alıyev diqqətə çatdırıb ki, dövlətlərimizin həmrəyliyi sülh və sabitliyə xidmət edir.

Əndican Vilayəti Pedaqoji Məharət Mərkəzininin akademik fəaliyyət üzrə direktor müavini Utkirbek Qurbonov, ADPU-nun Quba filialının Keyfiyyətin təminatı şöbəsinin müdiri, pedaqogika üzrə fəlsəfə doktoru Pərvanə Rzayeva, Daşkənd Vilayəti Pedaqoji Məharət Mərkəzinin “Dillərin tədrisi metodikası” kafedrasının müdiri Nazokat Duşayeva və ADPU-nun Quba filialının Humanitar və təbiət elmləri fakültəsinin dekanı v.m.i.e. Nübar Bayramova bu kimi tədbirlərin ictimai, mədəni və ideoloji əhəmiyyətini yüksək dəyərləndiriblər.

Özbəkistanlı qonaqlar çıxışlarında Bakının gözəlliyinə və inkişafına, Qubanın füsunkar təbiətinə valeh olduqlarını ifadə edərək göstərilən yüksək qonaqpərvərlikdən məmnun olduqlarını bildiriblər. Özbək çıxışçılar Azərbaycan-Özbəkistan Türk Dünyası Tanıtım və Kültür Mərkəzinin qurulmasını dövlətlərinə, xalqlarına və dəyərlərinə göstərilən ehtiram olduğunu bildirərək bütün bunlara görə professor Yusif Alıyevə və kollektivə səmimi minnətdarlıqlarını çatdırıblar.

Sonra tədbirin bədii hissəsi olmuşdur.

Filialın tələbələrindən Yeganə Quliyeva “Vətən həsrəti”, Seyidzəhra Qasımova “Uluğimsan Vatanim” və Şəhanə Hüseynova “Vətən” şeirlərini Azərbaycan və özbək türkcələrində səsləndirmiş, Ceyran Ağasiyeva isə milli rəqs ifa etmişdir.

Rəsmi açılış mərasimindən sonra beynəlxalq təlim-seminarlar təlimçi Nübar Bayramovanın rəhbərliyi ilə öz işinə başlamışdır.

Təlim-seminarlar 22 noyabr tarixinədək keçiriləcək.

Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?