Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Quba filialında iyunun 18-də “Açıq qapı” günü keçirilib.
Saat 9:00-dan 12:00-dək təşkil olunan “Açıq qapı” zamanı Quba-Xaçmaz Regional Təhsil İdarəsinin Quba Təhsil Sektorunun tabeliyində olan məktəblərin direktorları, KİV nümayəndələri və valideynlər imtahan prosesinin gediş vəziyyətini izləyiblər.
İmtahan prosesi ilə bağlı qonaqlara filialın tədris və elmi işlər üzrə direktor müavini p.f.d. Pərvanə Rzayeva, İmtahan Qərargahının sədri Kamal Kamalov, Fakültə dekanı b/m Nübar Bayramova ətraflı məlumat veriblər.
Filialda aparılan islahatlar, təhsil prosesi və müəllim məsuliyyətinə nəzarət, tələbələrin dərsə davamiyyəti, tələbələrin kitabxanaya cəlb edilməsi kimi məsələlərdən danışan direktor müavini p.f.d. Pərvanə Rzayeva bildirib ki, filial bütün bu proseslərdə daim valideyn dəstəyinə ehtiyac duyur. Çünki valideyn övladının təhsil prosesinə nəzarət etdikcə tələbənin məsuliyyəti daha da artır.
İmtahan prosesindəki şəffaflığın keyfiyyətli tədrisin real nəticəsi kimi dəyərləndirən qonaqlar əminliklə bildiriblər ki, mövcud ədalətli vəziyyət filial rəhbərliyinin prinsipial mövqeyinin və sağlam müəllim-tələbə münasibətlərinin bariz təzahürüdür.
Pedaqoji Universitetin Quba filialının İmtahan Qərargahının sədri Kamal Kamalov da “Açıq qapı” gününün məram və məqsədlərindən, filialdakı tədris və imtahan prosesindən bəhs edib.
Qeyd olunub ki, filialın direktoru, professor Yusif Alıyevin xüsusi təşəbbüsü və birbaşa nəzarəti ilə imtahan sessiyasının tam şəffaf, obyektiv və mövcud təlimatlara uyğun təşkili üçün bütün zəruri texniki və təşkilati tədbirlər görülüb. İmtahanların gedişini operativ izləmək və yarana biləcək hər bir xırda məsələni yerindəcə həll etmək məqsədilə filialda xüsusi İmtahan Qərargahı və “Apelyasiya Komissiyası” yaradılıb, auditoriyalar nəzarət kameraları və zəruri avadanlıqlarla tam təmin edilib. Rəhbərliyin əsas hədəfi tələbələrin biliyinin qiymətləndirilməsində hər hansı kənar müdaxiləyə yol verməmək və tam sosial ədalət mühitini qorumaqdır.
Sonda xatirə şəkilləri çəkdirilib.











