Pedaqoji Universitetin Quba filialında Müstəqillik Gününə həsr olunan bayram konserti keçirilib

27.05.2025
Pedaqoji Universitetin Quba filialında Müstəqillik Gününə həsr olunan bayram konserti keçirilib

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialı ilə “MAHUR” İnstrumental Muğam Ansamblının birgə təşkilatçılığı əsasında “Konstitusiya və Suverenlik İli” çərçivəsində 28 May-Müstəqillik Gününə həsr edilmiş “…Havalansın xanın səsi, Qarabağın şikəstəsi!” adlı bayram tədbiri keçirilmişdir.

ADPU-nun Quba filialının böyük akt zalında təşkil olunan tədbirdə rəsmi şəxslər, şəhid ailələrinin nümayəndələri, qazilər, ali təhsil ocağının professor, müəllim və tələbə heyəti iştirak edib.

Əvvəlcə Azərbaycanın dövlət himni səsləndirilib.

Azərbaycanın müstəqilliyinin qazanılması, qorunması, vətənimizin bütövlüyü uğrunda canlarından keçən Vətən fədailərinin əziz xatirəsi bir dəqiqlik sükutla yad edilib.

Filialın direktoru professor Yusif Alıyev rəsmi açılışındakı çıxışında Azərbaycan xalqının müstəqilliyə gedən şərəfli yolu haqqında fikir və düşüncələrini bölüşüb. Azərbaycan Xalq Cümhuriyyətinin qurulması, inkişaf mərhələləri, süqutunun səbəbləri və s. proseslərdən bəhs edən direktor Yusif Alıyev ümummilli lider Heydər Əliyevin tarixi xilaskarlıq missiyasından bəhs edərək diqqətə çatdırıb ki, qəhrəman Azərbaycan Ordusu müzəffər Ali Baş Komandan İlham Əliyevin liderliyi ilə əzəmətli Zəfər qazanaraq Azərbaycan xalqının milli-azadlıq arzularını həyat gerçəyinə çevirib. Məhz bu fəlsəfəni özündə yaşadan “Konstitusiya və Suverenlik İli” milli dövlətçilik yolunda əcdadlarımızın apardığı şanlı mübarizənin real təcəssümüdür.

Sonra Quba Rayonu İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Anar Məmmədovun çıxışı dinlənilib. Respublikada “Konstitusiya və Suverenlik ili” çərçivəsində keçirilən tədbirlərin əhəmiyyəti haqqında müfəssəl danışan rayon rəsmisi keçirilən tədbiri filialın növbəti uğuru kimi dəyərləndirib.

Daha sonra “Mahur” İnstrumental Muğam Ansamblının bədii rəhbəri Musa Məmmədzadə ansamblı ilə birlikdə Qubada olmaqdan məmnunluq duyduğunu ifadə etmiş, kollektivin göstərdiyi səmimi və isti münasibətə görə, bütün qubalılara təşəkkür edib.

Tədbirin moderatoru, Filialın baş müəllimi Kəmalə Bayramova Prezident İlham Əliyevin imzaladığı məlum sərəncama əsasən 2025-ci ilin Azərbaycan Respublikasında “Konstitusiya və Suverenlik İli” elan edilməsinin siyasi, hüquqi və mənəvi istiqamətlərindən bəhs edib.

Sonra zəngin repertuarlı konsert proqramı başlanıb.

“Əhsəni” kompozisiyası ilə açılış edilən konsertdə Azərbaycan Respublikanın Əməkdar artistləri Gülüstan Əliyeva, Sevinc Sarıyeva, Almaz Orucova, Opera Balet Teatrının solisti, xanəndə Aytən Məhərrəmova, sevilən sənətkar, xanəndə Leyla Rəhimova və tanınmış qubalı müğənni Əlövsət Səlimov möhtəşəm ifaları ilə musiqisevərlərin qəlbini oxşamışlar.

Tamaşaçılar dəfələrlə ifaları ayaqüstə hərarətli alqışlarla qarşılayıblar.

Daha sonra dəyərli və sevilən sənətkarlarımız Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialının Fəxri Diplomu ilə təltif ediliblər.

Sonda xatirə şəkli çəkilib.

Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?