Pedaqoji Universitetin Quba filialında Milli Dirçəliş Gününə həsr olunan elmi-praktik konfrans keçirilib

19.11.2025
Pedaqoji Universitetin Quba filialında Milli Dirçəliş Gününə həsr olunan elmi-praktik konfrans keçirilib

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialında Azərbaycan Respublikasında “Konstitusiya və Suverenlik İli” çərçivəsində 17 Noyabr – Milli Dirçəliş Gününə həsr olunan “Milli dirçəlişdən milli yüksəlişə: suverenlik və Konstitusiya kontekstində” mövzusunda elmi-praktik konfrans keçirilib.

Şəhid kapitan Aqil Məlikov adına auditoriyada filialın inzibati heyəti və tələbələrin iştirakı ilə keçirilən tədbir ümummilli lider Heydər Əliyev və şəhidlərimizin əziz xatirəsinə ehtiramla başlanıb.

Bir dəqiqəlik sükutdan sonra dövlət himni səsləndirilib.

Pedaqoji Universitetin Quba filialının direktoru, qabaqcıl təhsil işçisi, fizika üzrə elmlər doktoru, professor Yusif Alıyev mövzu ilə bağlı məruzəsini Azərbaycanın dövlətçilik tarixinə həsr edib. Azərbaycan Xalq Cümhuriyyətinin qurulması, süqutunun səbəbləri, dövlətçiliyimizə qarşı imperiyaların tətbiq etdikləri metodları sadalayan professor ulu öndər Heydər Əliyevin siyasi hakimiyyəti dövründə təməli atılan milli dövlətçilik prinsiplərinin mahiyyətindən bəhs edib və “Tariximizə Milli Dirçəliş Günü kimi düşən 17 noyabrın mənəvi əsasları isə əslində ötən əsrin 60 illərinin sonlarından Ulu Öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrdən başlamışdır. “ deyə vurğulayıb.

Professor Yusif Alıyev məruzəsində diqqətə çatdırıb ki, müzəffər Ali Baş Komandan İlham Əliyevin liderliyi ilə qəhrəman Azərbaycan Ordusunun qazandığı rəşadətli qələbə sayəsində Azərbaycanın ərazi bütövlüyü və suverenliyi tam bərpa olunub. Direktor deyib: “ 20 Sentyabr – Azərbaycan Respublikasında Dövlət Suverenliyi Gününün təsis olunmasının əsası xalqımızı yumruq kimi birləşdirən 17 Noyabr – Milli Dirçəliş Günü sayəsində mümkün olmuşdur. Azərbaycan xalqı əbədiyyətə qədər şəhid və qazilərinə ehtiram göstərəcək, Zəfərimizlə öyünəcək, acı günlərimizi unutmayacaq. Azərbaycan gəncliyi özünün bütün həyatını milli-vətənpərvərlik ruhunda yaşamalı və şərəf tariximizlə fəxr etməlidir.”

Professor Yusif Alıyev konfransın Şəhid auditoriyasında keçirilməsinin mahiyyətini izah edərək vurğulayıb ki, Milli dirçəlişdən başlanan yol bu gün qəhrəman Şəhid kapitan Aqil Məlikov kimi oğullarımızın sayəsində Zəfər tarixinə qovuşdu, bayrama çevrildi.

Pedaqoji Universitetin Quba filialının kafedra müdiri, siyasi elmlər üzrə fəlsəfə doktoru Sabir Şahtaxtı (Hacıyev) çıxışında 1988-ci il noyabrın 18-dən dekabrın 5-dək baş verən ictimai-siyasi və hərbi proseslərdən danışıb.

Çıxışçı deyib: “Azərbaycan xalqının birlik rəmzi olam meydan hərəkatı Birinci Dünya Müharibəsinin acı nəticələri əsasında Turançılığı tamamilə məhv etdiklərini düşünən bütün imperialist qüvvələri lərzəyə gətirdi. Faktlar təsdiqləyir ki, meydan hərəkatının təxminən 8-10-cu günləri Azadlıq meydanında ümummilli lider Heydər Əliyevin və Atatürkün portretləri ucaldılmış, daha sonra Türkiyənin Cümhuriyyət bayrağı dalğalanmışdır. Bütün bunlar Sovetlər Birliyinin imperiya maraqlarına zidd olduğu üçün müəyyən edilmiş ssenarini pozduğu üçün cəza tədbirlərinə başlanıldı və nəticədə dekabrın 4-dən 5-nə keçən gecə Sovet qoşun birləşmələri Azərbaycan xalqına amansızcasına divan tutdular”.

Sonra filialın baş müəllimi Kəmalə Bayramova 17 Noyabr – Milli Dirçəliş Günü və dövlətçilik tarixinə dair müfəssəl məlumat verdi.

Filialın müəllimi, tarix üzrə fəlsəfə doktoru Təhminə Əliyeva çıxışında məruzələrdə səsləndirilən bəzi fikirləri daha da inkişaf etdirmiş, Milli Dirçəliş Gününün səbəb və nəticələrini bölüşmüşdür. 17 Noyabr – Milli Dirçəliş Gününün Azərbaycan xalqının milli oyanışımda müstəsna təsirə malik olduğunu diqqətə çatdıran çıxışçı deyib: “Ermənistanın əsasız ərazi iddialarına qarşı etiraz səsi ilə küçə və meydanlara axışan Azərbaycan xalqı aydın şəkildə gördü ki, onun hüquq və bərbərliyinin qorunmasına məsuliyyət daşıyan mərkəzi hökumət əslində özünün ayrı-seçkilik siyasəti ilə təcavüzkar tərəfi dəstəkləyir. Etiraz nümayişlərinin milli-azadlıq hərəkatına çevrilməsinin əsl səbəbi məhz bu dərketmə amili olmuşdur.”

Prezident mükafatçısı, Əməkdar mədəniyyət işçisi, baş müəllim Elza Orucova çıxışında Azərbaycan Dövlət Pedaqoji Universitetin Quba filialında təşkil olunan milli vətənpərvərlik tədbirlərini nümunəvi idarəetmə fəaliyyəti kimi dəyərləndirərək professor Yusif Alıyevə dövlətçilik sahəsində qətiyyətli mövqeyinə görə minnətdarlığını bildirib, mövzu ətrafında fikir və düşüncələrini bölüşərək tələbələrə tövsiyələrini çatdırdı.

Çıxışlarda təəssüflə qeyd olunub ki, o dövrdə Azərbaycanın siyasi həyatına mövcud olan lider böhranı hadisələri düzgün inkişafdan yayındırmışdır. Yalnız ümummilli lider Heydər Əliyev ikinci dəfə siyasi hakimiyyətə qayıdandan sonra bərpa edilmiş dövlət müstəqilliyimizin qorunması və dinamik yüksəlişi üçün əsaslı strategiya tədbirləri həyata keçirilmişdir. Azərbaycan xalqı fəxr edir ki, bu strategiya Prezident İlham Əliyevin liderliyində uğurla davam etdirilir.

Tələbə Arzu Məmmədova böyük türk şairi Məhmət Akif Ərsoyun “İstiqlal marşı” şeirini söyləmişdir.

Sonra tədbir tələbələr Seyidzəhra Qasımova, Günəş Əliyeva və Həbibət Quliyevanın mövzu ətrafında çıxışları ilə davam etdirilib.

Konfrans xatirə fotosunun çəkilməsi ilə başa çatıb.

Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?