
Quba Rayon İcra Hakimiyyəti, Azərbaycan Dövlət Pedaqoji Universitetin (ADPU) Quba filialı və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin birgə təşkilatçılığı ilə “Tütünə qarşı mübarizə yolları” adlı maarifləndirmə tədbiri keçirilib.
Tədbir filialın Azərbaycan-Özbəkistan Türk Dünyası Tanıtım və Kültür Mərkəzində təşkil olunub. Tədbirdə Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin İctimai sağlamlıq şöbəsinin müdiri Tofiq Musayev, Mərkəzin baş hüquq məsləhətçisi Rüstəm Məmmədov, Quba Rayon İcra Hakimiyyətinin məsul əməkdaşı Əhməd Nurullayev, filialın əməkdaşları və tələbələr iştirak edib. Əvvəlcə söz Quba Rayon İcra Hakimiyyətinin məsul əməkdaşı Əhməd Nurullayevə verilib. Tədbir iştirakçılarını və qonağları salamlayan Əhməd müəllim öz çıxışında tütünə qarşı mübarizə yollarından danışıb.
Daha sonra söz Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzinin İctimai sağlamlıq şöbəsinin müdiri Tofiq Musayevə verilib. Tədbir iştirakçıları qarşısında geniş slayd-təqdimatla çıxış edən Tofiq müəllim geyd edib ki, tütün istifadəsi, dünya üzrə milyonlarla insanın həyatını təhlükə altına alan ciddi ictimai səhiyyə problemidir. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, hər il 8 milyondan çox insan tütünlə əlaqəli xəstəliklər səbəbilə həyatını itirir. Bu səbəbdən də tütünə qarşı mübarizə yalnız fərdi sağlamlıq məsələsi deyil, həm də cəmiyyətin rifahı üçün vacib olan bir prioritetdir.Belə ki, tütün istifadəsi bir sıra ölümcül xəstəliklərin, ürək-damar xəstəlikləri, xərçəng növləri, xüsusilə ağciyər xərçəngi, xroniki bronxit və s. yaradan əsas səbəblərindən biridir. Passiv siqaret çəkmə də, siqaret çəkməyən şəxslərin sağlamlığı üçün ciddi təhlükə yaradır, xüsusilə də uşaqlar və hamilə qadınlar üçün. O, həm də tütünə qarşı mübarizə yollarından bəhs edib.
Ən effektiv mübarizə üsullarından biri əhalinin tütünün zərərləri haqqında məlumatlandırılmasıdır. Məktəblərdə, universitetlərdə və ictimai yerlərdə təşkil olunan seminarlar, sosial media kampaniyaları və televiziya proqramları bu baxımdan mühüm rol oynayır.
İkinci yerdə isə qanunvericilik tədbirləri durur. Tütünə qarşı sərt qanunların qəbul edilməsi və icrası vacibdir. Bunlara daxildir:
– İctimai yerlərdə siqaret çəkməyə qadağa;
– Siqaret reklamlarının məhdudlaşdırılması;
– Siqaret qutularında qorxuducu şəkillər və xəbərdarlıqlar;
– Tütün məhsullarının qiymətinin artırılması, vergilərin yüksəldilməsi və s.
Bu zərərli vərdişdən uzaq olmaq istəyənlər üçün nəzərdə tutulan tədbirlərdən bəhs edən Tofiq Musayev zərərli vərdişi tərgitmək istəyənlər üçün müvafiq tibbi və psixoloji yardımın əlçatan olmasının vacibliyini qeyd edib. Nikotin əvəzedici preparatlar, konsultasiyalar və reabilitasiya proqramları bu baxımdan əhəmiyyətlidir. O, Gənclər arasında profilaktika da çox önəmli olduğunu vurğulayıb.
Sonra söz Mərkəzin baş hüquq məsləhətçisi Rüstəm Məmmədova verilib. O da öz çıxışında zərərli vərdişlərlə mübarizənin qanuni tərəflərindən bəhs edib.
Tədbirin ikinci hissəsi interaktiv sual-cavab formatında davam etdirilmişdir.
Heydər Əliyev Lektoriyasının müdiri Nəhayət Şirinovanın aparıcılığı ilə gerçəkləşən tədbir xatirə fotolarının çəkilməsi ilə başa çatıb.



