Pedaqoji Universitetin Quba filialında Dövlət Suverenliyi Günü münasibətilə elmi seminar keçirilib

20.09.2025
Pedaqoji Universitetin Quba filialında Dövlət Suverenliyi Günü münasibətilə elmi seminar keçirilib

Azərbaycan Respublikasında “Konstitusiya və Suverenlik İli” çərçivəsində Pedaqoji Universitetin (ADPU) Quba filialında professor Yusif Alıyevin 20 Sentyabr – Dövlət Suverenliyi Gününə həsr edilmiş “Konstitusiyanın qəbulundan Suverenliyin qazanılmasına gedən yol” mövzusunda elmi seminarı təşkil olunub.

Tədbirdə şəhid ailələrinin üzvləri, filialın struktur rəhbərləri, professor-müəllim heyəti və tələbələr iştirakı ediblər.

Açılışda Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Sonra Ümummilli Lider Heydər Əliyevin, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda, Vətən yolunda canlarını fəda edən bütün şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra ADPU-nun Quba filialının direktoru, Qabaqcıl təhsil işçisi, fizika elmləri doktoru, professor Yusif Alıyevin məruzəsi dinlənilib.

İştirakçıları səmimiyyətlə salamlayan direktor Yusif Alıyev məruzəsində Azərbaycanın dövlətçilik tarixinin bütün mərhələlərinə nəzər salaraq, müstəqilliyimizin bərpası və möhkəmləndirilməsi prosesinin tarixi-siyasi aspektlərini elmi əsaslarla təhlil edib, tarixi faktlar üzərində müqayisələr aparıb, xalqımızın dünya birliyinə bəxş etdiyi dövlətlərin milli sərvətimiz olduğunu ifadə edib.

Azərbaycan Xalq Cümhuriyyətini yaranması, keçdiyi şərəfli yol və süqutunun səbəbləri barədə müfəssəl məlumat verən professor Yusif Alıyev eyni zamanda sovet Azərbaycanı tarixinin həyatımızın bir parçası olduğunu diqqətə çatdıraraq Ümummilli Lider Heydər Əliyevin birinci dəfə siyasi hakimiyyətə gəlişi ilə ölkəmizdə yaradılan milli yeniliklərdən bəhs edib. Məruzəçi deyib: “Ulu Öndərin müdrik siyasəti Azərbaycanın müstəqilliyinin qorunmasında və inkişafında, milli dövlətçiliyin möhkəmləndirilməsində əvəzsiz rol oynayıb. Heydər Əliyevin, xüsusilə, Bakı Dövlət Universitetinin yaradılmasının 50 illik yubileyində Azərbaycan dilində etdiyi tarixi çıxış milli kimlik və dövlətçilik baxımından böyük simvolik əhəmiyyət daşıyır. Milli dövlətçilik ənənələrinin formalaşması və qorunması, gələcəkdə müstəqillik ideyaları naminə milli kadr potensialı üçün ali təhsil müəssisələrinin yaradılması dövlət müstəqilliyimizin bərpası dövrlərdə milli sərvət kimi özünü təsdiqləyib”.

Ümummilli Lider Heydər Əliyevin xilaskarlıq missiyasından bəhs edən professor Yusif Alıyev məruzəsində XX əsrin sonlarında ölkəmizin siyasi və iqtisadi müstəqilliyinin təmin olunmasında həlledici amillərdən biri olan 1994-cü ildə imzalanmış “Əsrin müqaviləsi”nin strateji əhəmiyyətinə geniş yer ayırıb. Professor bildirib ki, bu müqavilə Azərbaycanın beynəlxalq aləmdə etibarlı tərəfdaş kimi mövqeyini gücləndirməklə yanaşı, həm də ölkəmizin hazırkı inkişafı üçün yeni strateji perspektivlər açıb.

Məruzədə, həmçinin, sərhədlərin bərpası, müstəqilliyin əsas atributlarının – dövlət dili, dövlət rəmzləri, milli ordu quruculuğu və siyasi institutların formalaşması kimi mühüm proseslər təhlil olunub. Azərbaycan tarixində zaman-zaman baş verən erməni təxribatlarının doğurduğu nəticələrə diqqət çəkən professor Yusif Alıyev vurğulayıb ki, xalqımız hər zaman bu sınaqlardan daha da möhkəmlənmiş iradə ilə çıxıb.

Qırx dörd günlük Vətən müharibəsinin Azərbaycanın dövlətçilik tarixinə qızıl hərflərlə yazılan zirvə olduğunu vurğulayan professor Yusif Alıyev diqqətə çatdırıb ki, rəşadətli qələbəni Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi strategiya əsasında Müzəffər Ali Baş Komandan İlham Əliyevin siyasi iradəsi və qətiyyəti, şəhid və qazilərimizin şücaəti, xalqımızın birliyi və əzmi, dövlətimizin qüdrəti təmin edib. İndi dünyanın hər bir yerində soydaşlarımız Zəfər qazanan xalqın və dövlətin nümayəndələri kimi öz milli kökləri ilə qürur duyurlar.

Vətən müharibəsi şəhidi Azayev Sadiqin anası Qızılgül Azayeva çıxışında xalqımızı, ADPU-nun Quba filialının rəhbərliyini və kollektivini, bütün tələbələri, əziz milli bayram münasibətilə təbrik edərək, Dövlət Suverenliyi Gününün dövlətçilik tariximizdə böyük şərəf olduğunu qeyd edib. Şəhid ailələrinə olan xüsusi diqqət və qayğısına görə filial rəhbərliyinə öz təşəkkürlərini ifadə edib. Qəhrəman ana qeyd edib ki, şəhid oğlu Azərbaycanla hər zaman fəxr edib.

Azərbaycan Milli Elmlər Akademiyasının əməkdaşı, filialın baş müəllimi professor Hacı Həsənov çıxışında professor Yusif Alıyevin məruzəsində toxunulan bir sıra məqamlara münasibət bildirərək qeyd edib ki, seminarın yüksək səviyyədə təşkili ADPU-nun Quba filialında yüksək idarəetmənin və böyük kadr potensialının real göstəricisidir. Əminliklə qeyd edə bilərəm ki, filial bundan sonra da bu cür möhtəşəm elmi tədbirləri uğurla davam etdirəcək.

Tarix üzrə fəlsəfə doktoru Təhminə Əliyeva, siyasi elmlər üzrə fəlsəfə doktoru Sabir Şahtaxtı (Hacıyev), pedaqogika üzrə fəlsəfə doktoru Pərvanə Rzayevaya və dekan vəzifəsini müvəqqəti icra edən Mürvət Əliyev məruzə ətrafında çıxış ediblər. Məruzənin ayrı-ayrı hissələrini təhlil edən alimlər qeyd ediblər ki, Dövlət Suverenliyi Günü Azərbaycan xalqının şərəfli dövlətçilik yolunun zirvəsidir. Xalqımızın qəhrəman övladlarının qazandığı bu Zirvənin əbədiyyətə qədər qorunmasının məsuliyyəti gənc nəslin üzərinə düşür. Odur ki, tələbələr Azərbaycan dövlətinin təhsil siyasətindən daha düzgün istifadə etməli, müasir təhsilin və elmin sirlərini mükəmməl mənimsəməli, layiqli vətəndaş olmaq üçün ləyaqətli inkişaf yolunda əzmkarlıq və mübarizlik göstərməlidirlər.

Çıxışçılar professor Yusif Alıyevin məruzəsinin mövzunu tam əhatə etdiyini və tarixi-siyasi proseslərə peşəkar yanaşma sərgiləndiyini ifadə ediblər.

Rəsmi hissədən sonra filialın istedadlı tələbələri Günəş İskəndərov və Gülyanaq Əhmədovanın vətənimizin gözəlliyi, şəhidlərimizin qəhrəmanlığı, xalqımızın birliyi mövzusunda şeirlər oxuyublar.

ADPU-nun Quba filialı Azərbaycan-Özbəkistan Türk dünyası Tanıtım və Kültür Mərkəzində keçirilən elmi seminar Heydər Əliyev Lektoriyasının müdiri Nəhayət Şirinovanın moderatorluğu ilə baş tutub.

Tədbir xatirə fotosunun çəkilməsi ilə başa çatıb.

Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?