Pedaqoji Universitetin Quba filialında Bilik Günü təntənə ilə qeyd olunub

16.09.2025
Pedaqoji Universitetin Quba filialında Bilik Günü təntənə ilə qeyd olunub

Azərbaycan Dövlət Pedaqoji Universitetin (ADPU) Quba filialında 2025-2026-ci tədris ilinin başlanması şərəfinə təntənəli Bilik Günü mərasimi təşkil olunub. Tədbir şəhid ailələrinin nümayəndələri, tələbə adı ilə filiala yeni qədəm qoyan gənclər və onların ailə üzvləri, o cümlədən yerli ictimaiyyət nümayəndələri və filialın kollektivinin iştirakı ilə keçirilib.

Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Sonra Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçən bütün şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Mərasimin açılış nitqində ADPU-nun Quba filialının direktoru, fizika elmləri doktoru, qabaqcıl təhsil işçisi professor Yusif Alıyev Pedaqoji Universitetin Quba filialının qazandığı möhtəşəm uğurlardan və hədəflərdən danışıb. Ümummilli Lider Heydər Əliyevin Azərbaycanda təhsilin və elmin inkişafına göstərdiyi diqqət və qayğının bu sahədə əsaslı təməl yaratdığını diqqətə çatdıran direktor qeyd edib ki, Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən bu möhtəşəm strategiya sayəsində ölkəmizdə təhsilin keyfiyyəti uca zirvələri fəth edib.

Çıxışında Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin liderliyi ilə qəhrəman Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazandığı rəşadətli qələbənin mahiyyətinə geniş yer ayıran professor Yusif Alıyev bildirib ki, Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin tam bərpa olunması dövlətimizin başçısının siyasi iradəsinin və qətiyyətinin təntənəsidir. Xalqımızın dövlətçilik tarixinə qızıl hərflərlə yazılan bu şərəf Pedaqoji Universitetin Quba filialı qarşısında da təxirəsalınmaz vəzifələr qoyur. Müəllim və tələbə məsuliyyətinin yüksəlişi ümumi uğurlarımızın təməl prinsipi, müasir qlobal təhsilin vacib tələbidir. Bu yolda, filial ailəsinin sıralarına yeni daxil olan tələbələrimiz başda olmaqla hər kəsi bir daha təbrik edir və uğurlar arzulayıram. Yüksək təhsilin əlçatan ünvanı olaraq tələbələri uğurlu təhsil həyatına səsləyən professor Yusif Alıyev əminliklə bildirib ki, ADPU-nun Quba filialı bundan sonra da keyfiyyətli təhsil uğrunda səylərini əzmlə davam etdirəcək.

Sonra şəhid atası Akif Mirzəyev, Pedaqoji Universitetin Quba filialını ən yüksək balla seçən Nurailova Nuranə və Əliyerdiyev Vasifin valideynləri çıxışlarında professor-müəllim heyətini və tələbələri yeni tədris ili münasibəti ilə təbrik edərək, hər kəsə uğurlar arzu ediblər.

Daha sonra ADPU-nun Quba filialının müəllimi, qocaman pedaqoq Rahib Alpanlı səmimi təbriklərini çatdırıb və tövsiyələrini bölüşüb.

Keçmiş abituriyentlər arasında yüksək balla filialda təhsil almaq üçün seçim edən tələbə Əsmər Şükürlü çıxışında diqqətə çatdırıb ki, Pedaqoji Universitetin Quba filialının fəaliyyətini daim ənənəvi mediadan və sosial şəbəkədən izləyərək bu təhsil ocağını seçib. O, xitabında bildirib ki, yaxşı, layiqli və vətənpərvər vətəndaş olmaq üçün müasir elmin sirlərini dərindən mənimsəmək lazımdır.

Rəsmi hissədə Quba filialına 500-dən yuxarı balla daxil olan tələbələrə və onların valideynlərinə təşəkkürnamələr təqdim olunub.

ADPU-nun Quba filialının III tədris ili tələbəsi Çəməngül Burjiyevanın aparıcılığı ilə keçirilən tədbirdə Azərbaycanda Bilik Günü, onun ümumxalq əhəmiyyəti barədə geniş məlumat verilib. Vurğulanıb ki, bu əlamətdar gün Prezident İlham Əliyevin 2004-cü il 21 avqust tarixli Fərmanına əsasən təsis edilib.

Tədbir Xədicə Ayxanın ifasında rəngarəng musiqi nömrələri ilə davam edib.

Sonda xatirə fotosu çəkilməsi ilə mərasimin birinci hissəsi yekunlaşıb.

Tədbirin davamı olaraq Şəhid Nuran Mirzəyevin adını daşıyan Xarici dil auditoriyası ziyarət olunub. Əvvəlcə qəhrəman şəhidin büstü önünə tər çiçəklər düzülüb. Sonra filialın direktoru professor Yusif Alıyev yeni qəbul olan tələbələrə Şəhid auditoriyalarının mahiyyəti, şəhidlərimizə, şəhid ailələrinə filialda olan diqqət və qayğılardan bəhs edərək, qəhrəman şəhidimiz Nuran Mirzəyevin qısa və mənalı həyat yolundan danışıb. Daha sonra Şəhid Nuran Mirzəyevin atası Akif Mirzəyev universitetə ilk qədəm qoyan tələbələrə öz xeyir duasını verib.

ADPU-nun Quba filialının direktoru, fizika elmləri doktoru, qabaqcıl təhsil işçisi professor Yusif yüksək balla Pedaqoji Universitetin Quba filialına qəbul olunan tələbələrlə görüşüb. Azərbaycan-Özbəkistan Türk dünyası Tanıtım və Kültür Mərkəzində keçirilən görüşdə filialın struktur rəhbərləri də iştirak ediblər.

Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?