Pedaqoji Universitetin Quba filialında Anım Gününə həsr olunmuş beynəlxalq tədbir keçirilib

26.09.2025
Pedaqoji Universitetin Quba filialında Anım Gününə həsr olunmuş beynəlxalq tədbir keçirilib

Azərbaycan Dövlət Pedaqoji Universitetin (ADPU) Quba filialı Azərbaycan Respublikasında “Konstitusiya və Suverenlik İli” çərçivəsində İkinci Qarabağ müharibəsinin 5-ci ildönümünə həsr olunmuş “44 günlük Vətən müharibəsinin türk dünyasının həmrəyliyində siyasi-mənəvi rolu” mövzusunda beynəlxalq dəyirmi masa təşkil edib. Azərbaycanla yanaşı, Türkiyə, Özbəkistan və Qırğızıstandan alim və mütəxəssislər onlayn formatda tədbirə qatılıblar.

Əvvəlcə Azərbaycan Respublikasının dövlət himni səsləndirilib.

Sonra Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını fəda edən qəhrəman şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Rəsmi açılışda çıxış edən filialın direktoru, Qabaqcıl təhsil işçisi, professor Yusif Alıyev 44 günlük Vətən müharibəsinin milli dövlətçilik tariximizdəki əhəmiyyətindən, onun yaratdığı yeni geosiyasi reallıqlardan və türk dünyasının həmrəyliyinə verdiyi töhfələrdən danışıb. Ümummilli lider Heydər Əliyevin dövlətçilik ideyalarının türk dünyasının həmrəyliyinə verdiyi töhfələrdən bəhs edən professor Yusiv Alıyev qeyd edib ki, müzəffər Ali Baş komandan İlham Əliyev rəhbərliyi ilə qəhrəman Azərbaycan Ordusunun qazandığı rəşadətli qələbə əbədiyyətə qədər türk xalqlarının qürur mənbəyi olacaq.

Quba Rayon İcra Hakimiyyətinin İctimayi-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Aynur Yəhyayeva çıxışında Azərbaycanın milli-dövlətçilik ideologiyasından, bu istiqamətdə ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi strategiyadan və Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın qazandığı rəşadətli zəfərin əzəmətli nəticələrindən danışıb.

Filialın Humanitar elmlər kafedrasının müdiri, siyasi elmlər üzrə fəlsəfə doktoru Sabir Şahtaxtı (Hacıyev) çıxışında 44 günlük Vətən müharibəsinin yaratdığı yeni geosiyasi reallığı, eyni zamanda Zəngəzur dəhlizinin ümumdünya əhəmiyyətini şərh edərək bildirib ki, aparılan müdrik siyasət nəticəsində artıq Naxçıvan bölgəsi beynəlxalq iqtisadi layihələrin kəsişdiyi coğrafiyaya çevrilir. Naxçıvanın tarixi qurtuluşu bütün türk dünyası üçün ortaq milli sərvətdir.

Türkiyəli ekspert, yazıçı-publisist Mətin Yıldırım Qarabağın işğalının bütün Türkiyədə ağır mənəvi sarsıntı yaratdığını diqqətə çatdıraraq deyib ki, Azərbaycanın bir hissəsinin işğalı ilə bağlı duyduğum üzüntünü sözlə ifadə etmək çətindir. Bizi qardaş xalq olaraq həm düşmənin amansız işğalçılığı, həm də Azərbaycanın bu işğalı aradan qaldıra bilməməsi eyni dərəcədə incidirdi. Rayonların işğalının ildönümünü, o cümlədən Xocalı soyqırımı şəhidlərini yad edərkən qəlbimizdən qara qanlar axırdı. Şükürlər olsun ki, indi Azərbaycan Müzəffər Ali Baş Komandan İlham Əliyevin liderliyində bütün bölgənin parlayan ulduzudur.

Qars Qafqaz Universitetinin professoru Hacalı Nəcəfoğlu çıxışında 44 günlük Vətən müharibəsinin türk dövlətləri arasında formalaşdırdığı yeni münasibətlər kontekstini dərindən təhlil edib. Alim əsaslandırıb ki, Azərbaycan və Türkiyənin həyata keçirdikləri ortaq iqtisadi layihələr ətraf dövlətləri qarşılıqlı faydalı əməkdaşlığa cəlb edəcəkdir. Azərbaycan və Türkiyənin liderliyində reallaşan beynəlxalq layihələr bütün Avrasiya üçün təhlükəsizlik əhəmiyyəti daşıyır. Türk dünyasının həmrəyliyi bu prosesi daha da gücləndirir, əhəmiyyətini artırır.

Müzakirəyə Özbəkistandan qoşulan Fərqanə Dövlət Universitetinin müəllimi, filologiya üzrə fəlsəfə doktoru Müqəddəm Əhsənova çıxışında qeyd edib ki, Qarabağ məsələsi uzun illər beynəlxalq gündəmin ən aktual problemlərindən biri olub. Buna baxmayaraq beynəlxalq ictimaiyyət məsələnin ədalətli həllinə töhfə verə bilməyib. Alim deyib: “44 günlük Vətən müharibəsi Azərbaycanın ərazi bütövlüyünü bərpa etməklə tarixdə ədaləti təmin etdi. Bu qələbə yalnız Azərbaycanın deyil, bütün türk dünyasının qələbəsi kimi yadda qaldı. Qubaya səfərimiz zamanı şəhidlərə göstərilən ehtiram bizi dərin təsirləndirdi – bu, gələcək nəsillərə nümunədir. Bütün bu proseslərdə Pedaqoji Universitetinin Quba filialı mükəmməl fəaliyyət sərgiləyir”.

Özbəkistanda fəaliyyət göstərən “Silk Road Research Academy”in direktoru, professor Azamat Akbarov çıxışında Azərbaycanın müstəqillik tarixindən, Qarabağın azadlığı uğrunda apardığı mübarizədən və əldə edilən qələbənin türk dünyası üçün strateji, mənəvi və mədəni əhəmiyyətindən danışıb. Şuşanın işğaldan azad edilməsinin dönüş nöqtəsi olduğunu, bu gün isə inci şəhərin türk dünyasının mədəniyyət paytaxtı kimi xüsusi rəmzi məna daşıdığını qeyd edən çıxışçı deyib: “Bu zəfər təkcə hərbi deyil, həm də mənəvi və siyasi qələbədir. Qarabağda quruculuq işləri, yaşıl enerji layihələri və məcburi köçkünlərin öz yurdlarına qayıdışı Azərbaycanı regionun sülh və sabitlik modelinə çevirir. Türk dünyasının gələcək vəzifəsi – bu həmrəyliyi təhsil, iqtisadiyyat, mədəniyyət və təhlükəsizlik sahələrində daha da gücləndirməkdir”.

Çıxışlarda həmçinin Azərbaycan–Özbəkistan münasibətlərində yeni mərhələ, Füzulidə Özbəkistan tərəfindən inşa edilən məktəbin rəmzi əhəmiyyəti və türk dünyasının ortaq gələcək vizyonu barədə müzakirələr aparılıb.

Tədbirə Qırğızıstandan qatılan Bişkek Taştan Ermatov adına Musiqi Pedaqoji İnstitutun müəllimi Samara Tentiyeva çıxışında 44 günlük Vətən müharibəsinin təkcə Azərbaycan üçün deyil, bütün türk dünyası üçün tarixi dönüş nöqtəsi olduğunu vurğulayaraq deyib: “Biz, qırğız xalqı, bu mübarizəni kənardan izləyən deyil, qardaş xalqın ağrısını, sevincini bölüşən tərəf kimi qəbul etdik. Azərbaycan Ordusunun 44 gündə qazandığı zəfər ədalətin bərpası, ərazi bütövlüyünün təminatı və türk dünyasının mənəvi birliyinin təntənəsidir”.

Bütün çıxışlarda 44 günlük Vətən müharibəsinin ədalətin bərpası, Türk dünyasında həmrəylik və birliyin möhkəmlənməsi baxımından tarixi əhəmiyyəti bir daha vurğulanıb. Qərara alınıb ki, bu cür həmrəylik tədbirlərin təşkili daha geniş formatlarda davam etdirilsin.

Azərbaycan-Özbəkistan Türk dünyası Tanıtım və Kültür Mərkəzində təşkil olunan dəyirmi masa” filialın baş müəllimi Kəmalə Bayramovanın moderatorluğu ilə baş tutub. Aparıcı Azərbaycan Respublikasında “Konstitusiya və Suverenlik İli” çərçivəsində filialda keçirilən tədbirlər barədə iştirakçılara geniş məlumat verib.

Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?