Pedaqoji Universitetin Quba filialında “20 Yanvar – milli iradəmizin zəfər çaldığı gün” mövzusunda anım mərasimi təşkil olunub

23.01.2026
Pedaqoji Universitetin Quba filialında “20 Yanvar – milli iradəmizin zəfər çaldığı gün” mövzusunda anım mərasimi təşkil olunub

Azərbaycan Dövlət Pedaqoji Universitetin (ADPU) Quba filialında 20 Yanvar – Ümumxalq Hüzn Günü ilə əlaqədar “20 Yanvar – milli iradəmizin zəfər çaldığı gün” mövzusunda anım tədbiri keçirilib.

Tədbirdən əvvəl Pedaqoji Universitetin Quba filialının dəhlizində Kitabxana və elektron resurslar şöbəsinin təşkilatçılığı ilə hazırlanmış 20 Yanvar – Ümumxalq Hüzn Gününə aid acılar, faciənin siyasi səbəb, məqsəd və nəticələrini özündə əks etdirən nadir əsərlərdən ibarət kitab sərgisi ziyarət edilib.

Heydər Əliyev Lektoriyasında təşkil olunan tədbir Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə başlanıb.

Bunun ardınca ümummilli lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra 1990-cı ildə Azərbaycan xalqına qarşı törədilən hərbi cinayətə etiraz etmək üçün qanlı hadisədən dərhal sonra Azərbaycan Respublikasının Moskvadakı Daimi nümayəndəliyinə gələrək bu insanlıq faciəsini törədənləri kəskin ittiham edən ulu öndər Heydər Əliyevin həmin mətbuat konfransındakı çıxışından bir parça nümayiş olunub.

Çıxışlarda natiqlər – Prezident mükafatçısı, Əməkdar mədəniyyət işçisi, Humanitar elmlər kafedrasının baş müəllimi Elza Orucova, Filialın Heydər Əliyev Lektoriyasının müdiri Nəhayət Şirinova, Fakültə üzrə dekan müavini tarix üzrə fəlsəfə doktoru Mürvət Əliyev, İnsan Resursları və Kargüzarlıq şöbəsinin müdiri, Humanitar fənlər kafedrasının baş müəllimi, şərqşünas Seyid Cabbarov Azərbaycan xalqının dövlətçilik tarixinə nəzər salıblar, xalqımızın apardığı milli-azadlıq mübarizəsinin ayrı-ayrı istiqamətlərinə toxunaraq ulu öndər Heydər Əliyevin siyasi hakimiyyəti dövründəki qazanılan milli-ideoloji nailiyyətləri ümumxalq sərvəti kimi dəyərləndiriblər. Qeyd olunub ki, 20 Yanvar hadisələri Azərbaycan üçün ümumxalq faciəsi olmaqla bərabər, həm də dövlətçilik yolunda milli-azadlıq salnaməsinin başlanğıc nöqtəsi olduğu üçün tarixi yaddaşımızı özündə əks etdirir.

Anım tədbirinin bədii hissəsində Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialının tələbəsi Gülyanaq Əhmədova 20 Yanvar faciəsinə, şəhidlərimizin qəhrəmanlığına həsr olunan şeir oxuyub.

Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?