Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialı Quba rayonunda təşkil olunan “Qərbi Azərbaycan bizim tarixi torpaqlarımızdır” mövzusunda konfrans-sərgidə geniş tərkibli heyətlə təmsil olunub.
“Azərbaycan Respublikasında Konstitusiya və Suverenlik İli” çərçivəsində keçirilən tədbirə rəsmi şəxslər, şəhid ailələrinin nümayəndələri, qazilər, rayon ictimaiyyətinin nüfuzlu şəxsləri qatılıblar.
Konfransdan əvvəl Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzülərək, əziz xatirəsi ehtiram göstərilib.
Quba rayon Heydər Əliyev Mərkəzində Quba Rayon İcra Hakimiyyətinin və Qərbi Azərbaycan İcmasının birgə təşkilatçılığı ilə keçirilən konfrans mövzunu əhatə edən çoxşaxəli sərginin açılışı ilə başlanıb.
Ayrı-ayrı qurumlar tərəfindən qurulan sərgidə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialı nəfis tərtibatla təmsil olunub. Türk Dövlətləri Təşkilatının və türk dövlətlərinin milli bayraqları ilə bəzədilən bu bölmədə ADPU Quba filialının kitabxanasının əsas fondunda saxlanılan nadir və qiymətli əsərlər, Qərbi Azərbaycana məxsus tarixi eksponatlar, bu bölgənin nadir görüntülərini əks etdirən orijinal fotolar və filialın Kitabxana və elektron resurslar fonduna məxsus qiymətli kitablar sərgilənib.
Sərginin açılışında Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov, Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli, Yeni Azərbaycan Partiyası Quba Rayon təşkilatının sədri və digər rəsmi şəxslərin rayon ictimaiyyətinin görkəmli nümayəndələrinin baxışı zamanı ADPU-nun Quba filialının direktoru, professor Yusif Alıyev filialın bölməsi barədə müfəssəl məlumat verib.
Sonra açıq havada zəngin repertuarla musiqili-ədəbi proqram olub.
Konfransın girişində Azərbaycanın dövlət himni səsləndirilib, sonra müstəqil respublikamızın memarı və qurucusu, Ulu Öndər Heydər Əliyevin və ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda müqəddəs şəhidlik zirvəsinə ucalmış Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Ardınca Qərbi Azərbaycanla bağlı videoçarx nümayiş etdirilib.
Konfransda Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov , Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli və digərlərinin çıxışı dinlənilib.
ADPU-nun Quba filialının direktoru professor Yusif Alıyev də çıxışında Qərbi Azərbaycan mövzusunun rəhbərlik etdiyi təhsil ocağında aktual-ideoloji məsələ olaraq daim diqqət mərkəzində olduğunu xatırladaraq görülən işlərədn və qarşıda duran vəzifələrdən danışıb.
Natiqlər Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi dövlətçilik strategiyasının Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin tam bərpa olunduğunu xatırladaraq qeyd ediblər ki, Qərbi Azərbaycana qayıdış şansı məhz bu strategiya sayəsində siyasi gündəmə gətirilib.
Çıxışlarda qeyd olunub ki, Qərbi Azərbaycandan olan soydaşlarımız öz tarixi yurdlarından mərhələlərlə deportasiya edilərək, onların bu ağrılı proseslərdə ağır müsibətlər yaşayıblar. Qərbi Azərbaycandakı tarixi dədə-baba yurdlarımıza dönüş istiqamətində görülən işlər Prezident İlham Əliyevin müdrik siyasətinin nəticəsi kimi dəyərləndirilib.











