
Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialı, Fərqanə Dövlət Universiteti, Özbəkistan Respublikasının Fərqanə vilayətinin pedaqoji bacarıqlar mərkəzi, Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, qüdrətli şair və böyük maarif xadimi Seyid Əzim Şirvaninin ədəbi irsini birgə araşdırmaq üçün birgə elmi seminar keçirmək barədə razılıq əldə olunub.
Bu məsələ Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialında “Azərbaycan Respublikasında Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş “XXI əsrdə dil və ədəbiyyat: müasir yanaşmalar və perspektivləri” mövzusunda beynəlxalq elmi konfrans çərçivəsində gündəmə gətirilib.
Bu məqsədlə nəzərdə tutulan təşkilat komitəsinin işi ən qısa zamanda elmi-seminarın tarixi, format və qarşıda duran vəzifələr barədə yol xəritəsini müəyyən etmək və digər tərəfdaşları prosesə cəlb etmək olacaq.
Xatırladaq ki, Azərbaycan Respublikası Prezidentinin 4 aprel 2025-ci il tarixli sərəncamına uyğun olaraq, Seyid Əzim Şirvaninin 190 illik yubileyi münasibətilə onun ədəbi irsinin təbliği məqsədilə Azərbaycanın Özbəkistandakı səfirliyi nəzdində fəaliyyət göstərən Heydər Əliyev adına Mədəniyyət Mərkəzi tərəfindən müxtəlif tədbirlər çərçivəsində Mədəniyyət Mərkəzinin təşəbbüsü və təşkilatçılığı ilə Kokand Dövlət Universitetində Seyid Əzim Şirvani adına auditoriya yaradılıb.