Pedaqoji Universitetin Quba filialı növbəti dəfə “Açıq qapı” günü təşkil olunub.

19.01.2026
Pedaqoji Universitetin Quba filialı növbəti dəfə “Açıq qapı” günü təşkil olunub.

Azərbaycan Dövlət Pedaqoji Universitetin (ADPU) Quba filialında yanvarın 12-də “Açıq qapı” günü keçirilib.

Saat 9.00-dan 12.00-dək təşkil olunan “Açıq qapı” zamanında Quba – Xaçmaz Regional Təhsil İdarəsinin Quba Təhsil Sektorunun əməkdaşı və valideynlər imtahan prosesinin gediş vəziyyətini izləyiblər.

İmtahan prosesi ilə bağlı qonaqlara filialın İmtahan Qərargahının sədri Kamal Kamalov, Fakültə dekanı b/m Nübar Bayramova ətraflı məlumat veriblər.

Sonra filialın direktoru fizika elmləri doktoru, professor Yusif Alıyevlə Açıq qapı günündə iştirak edən valideynlərin bir qrupunun görüşü keçirilib.

Pedaqoji Universitetin Quba filialının direktoru, fizika elmləri doktoru, professor Yusif Alıyev “Açıq qapı” gününün məram və məqsədlərindən, filialdakı tədris və imtahan prosesindən bəhs edib. Filialda aparılan islahatlar, təhsil prosesi və müəllim məsuliyyətinə nəzarət, tələbələrin dərsə davamiyyəti, tələbələrin kitabxanaya cəlb edilməsi kimi məsələlərdən danışan professor Yusif Alıyev bildirib ki, filial bütün bu proseslərdə daim valideyn dəstəyinə ehtiyac duyur. Çünki valideyn övladının təhsil prosesinə nəzarət etdikcə tələbənin məsuliyyəti daha da artır. Quba Təhsil sektorunun Aparıcı məsləhətçisi, filialın “Azərbaycan dili və ədəbiyyatı müəllimliyi” ixtisasının məzunu Turqay Kərimov, övladları ADPU-nun Quba filialında təhsil alan valideynlərdən Ramin Yunuslu, Anar Eyyubov, Günay Qayıbova çıxışlarında “Açıq qapı günü”nün təşkilinə və göstərilən səmimi münasibətə görə filialın rəhbərliyinə minnətdarlıqlarını ifadə ediblər. İmtahan prosesindəki şəffaflığın keyfiyyətli tədrisin real nəticəsi kimi dəyərləndirən qonaqlar əminliklə bildiriblər ki, mövcud ədalətli vəziyyət sağlam müəllim-tələbə münasibətlərinin təzahürüdür.

Pedaqoji Universitetin Quba filialının direktor müavini p.f.d Aysel Şeydayeva, şöbə müdirləri – p.f.d Pərvanə Rzayeva və Seyid Cabbarov, həmçinin filialın dekan müavini t.f.d Mürvət Əliyev də görüşdə iştirak ediblər.

Sonda xatirə şəkilləri çəkdirilib.

Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?