
Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialında “Azərbaycan Respublikasında Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş “XXI əsrdə dil və ədəbiyyat: müasir yanaşmalar və perspektivləri” mövzusunda beynəlxalq elmi konfransın panellərində türk dövlətlərin ümummilli və dövlətçilik maraqlarını ehtiva edən mövzular müzakirə olunub.
Azərbaycan-Özbəkistan Türk dünyası Tanıtım və Kültür Mərkəzində təşkil olunan panel “Türk dünyasının həmrəylik təfəkküründə Azərbaycan və Özbəkistan münasibətləri” mövzusunu əhatə edib.
Əvvəlcə Pedaqoji Universitetin Quba filialının direktoru, fizika elmləri doktoru, professor Yusif Alıyev və Özbəkistan Respublikasının Fərqanə vilayətinin Pedaqoji Bacarıqlar Mərkəzinin direktoru Məftunə Odilxujayeva mövzu ətrafında fikir və mülahizələrini bölüşüblər.
Azərbaycan-Özbəkistan Türk dünyası Tanıtım və Kültür Mərkəzinin tarixi, onun fəaliyyətinin siyasi və mənəvi mahiyyətindən geniş söz açan panelin aparıcısı siyasi elmlər üzrə fəlsəfə doktoru Sabir Şahtaxtı (Hacıyev) məlumat verib ki, hazırda Özbəkistanda 70 mindən çox şəxsi özündə birləşdirən Azərbaycan diasporu fəaliyyət göstərir. Azərbaycan və Özbəkistan arasında hələ sovet dövründə bütün sahələri əhatə edən, o cümlədən təhsillə bağlı geniş əlaqələr mövcud olub.
Azərbaycan Prezidenti İlham Əliyevin məlum sərəncamına uyğun olaraq, Seyid Əzim Şirvaninin 190 illik yubileyinin qeyd olunacağını diqqətə çatdıran aparıcı qeyd edib ki, bu münasibətilə böyük şairin ədəbi irsinin təbliğinə dair əsaslı tədbirlər keçirilir. Əlamətdar haldır ki, bu məqsədilə Azərbaycanın Özbəkistandakı səfirliyi nəzdində fəaliyyət göstərən Heydər Əliyev adına Mədəniyyət Mərkəzi tərəfindən müxtəlif tədbirlər çərçivəsində Mədəniyyət Mərkəzinin təşəbbüsü və təşkilatçılığı ilə Kokand Dövlət Universitetində Seyid Əzim Şirvani adına auditoriya yaradılıb.
Professor Yusif Alıyevin təklifi ilə Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, qüdrətli şair və böyük maarif xadimi Seyid Əzim Şirvaninin ədəbi irsinin Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialı ilə Özbəkistan Respublikasının Fərqanə vilayətinin Pedaqoji Bacarıqlar Mərkəzi tərəfindən birgə araşdırmaq üçün ortaq elmi seminar keçirmək barədə razılıq əldə olunub.
Özbəkistan tərəfindən Kamoldin Marasulov və Dilroba Talabova, Quba filalından Əməkdar jurnalist Elza Orucova, d.v.m.i. edənlər – Nübar Bayramova və Mürvət Əliyev, baş müəllim Seyd Cabbarov və digərlərinin Azərbaycan-Özbəkistan qardaşlıq münasibətləri, o cümlədən türk dövlətlərinin ortaq dəyərləri və birgə layihələrin əhəmiyyəti barədə maraqlı çıxışları dinlənilib.
Ümumilikdə qərara alınıb ki, Pedaqoji Universitetin Quba filialı ilə Özbəkistanın Fərqanə vilayətinin Pedaqoji Bacarıqlar Mərkəzi bu sahədə birgə layihələr üzərində çalışmağa başlasınlar.
Filialın ictimai elmlər kafedrasının müdiri v.m.i.e, yazıçı-publisist Sabir Şahtaxtı Azərbaycanda və Türkiyədə nəşr olunan “Mil” siyasi-tarixi romanını Pedaqoji Bacarıqlar Mərkəzinin direktoru Məftunə Odilxujayevaya hədiyyə edib.
Yekunda Pedaqoji Universitetin Quba filialının direktoru, professor Yusif Alıyevin “XXI əsrdə dil və ədəbiyyat: müasir yanaşmalar və perspektivləri” mövzusunda beynəlxalq elmi konfransın və panelin yekunlarını əhatə edən geniş məzmunda çıxışı dinlənilib.










