Özbəkistanlı pedaqoqlar Pedaqoji Universitetin Quba filialında keçirilən “açıq dərs”i dinləyiblər

19.11.2025
Özbəkistanlı pedaqoqlar Pedaqoji Universitetin Quba filialında keçirilən “açıq dərs”i dinləyiblər

Noyabr ayının 18-də Azərbaycan Dövlət Pedaqoji Universitetin Humanitar elmlər kafedrasının müəllimi Pərviz Qasımovun “Sosial iş” ixtisası üzrə Sİ 2401B qrupunda “Sosial işin nəzəriyyəsi və təcrübəsi” fənni üzrə “açıq dərs”i keçirilib.

Pedaqoji Universitetin Quba filialının direktoru, qabaqcıl təhsil işçisi, fizika üzrə elmlər doktoru, professor Yusif Alıyev, Daşkənd Vilayəti Pedaqoji Məharət Mərkəzinin “Dillərin tədrisi metodikası” kafedrasının müdiri Nazokat Duşayeva, Özbəkistandan digər təcrübəli pedaqoq Naciba Mulişova, habelə filialda dekan vəzifəsini müvəqqəti icra edən Nübar Bayramova və Humanitar elmlər kafedrasının müdiri vəzifəsini müvəqqəti icra edən, s.e.ü.f.d. Sabir Şahtaxtı (Hacıyev) Şəhid kapitan Aqil Məlikov auditoriyasında keçirilən “açıq dərs”i dinləyiblər.

Əvvəlcə gənc müəllim Pərviz Qasımov “Sosial işçinin peşəkar “Mən” konsepsiyası” mövzusu haqqında slaydlarla ətraflı məlumat verib.

“Açıq dərs” müddətində əvvəlcə interaktiv sual-cavab formatında ilkin mühazirə mövzularına toxunan müəllim daha sonra “Mən” fenomeninin yaranması və formalaşması, insan və şəxsiyyət anlayışı üzrə məlumatlar verib. Tələbələrə praktik şəkildə “Mən” anlayışı və “Mən” konsepsiyasının yaranma tarixi izah olunub. Müəllim Pərviz Qasımov dərs zamanı informasiya resurslarından geniş istifadə edib. Mövzunun tələbələr tərəfindən daha yaxşı mənimsənilməsi üçün qarşılıqlı ünsiyyət formasından istifadə olunub və frontal sorğu keçirilib. Mövzu tələbələrə ətraflı və hərtərəfli izah edildikdən sonra onlarla geniş fikir mübadiləsi aparılıb. Dərsin sonunda müəllim tələbələrin mövzu ilə bağlı suallarını da cavablandırıb.

“Açıq dərs” dinləyiciləri müəllim və tələbələrə tövsiyələrini çatdırıb, Azərbaycan-Özbəkistan müttəfiqlik münasibətlərinin tarixi və müasir əhəmiyyətindən bəhs ediblər.

Xatırladaq ki, Azərbaycan Respublikasında keçirilən “Konstitusiya və Suverenlik İli” çərçivəsində Pedaqoji Universitetin Quba filialında ADPU-nun Təlim-Tədris Mərkəzi ilə ADPU-nun Quba filialının Peşəkar İnkişaf Mərkəzinin birgə təşkilatçılığı əsasında Özbəkistan təhsil heyəti üçün “İnklüziv təhsil və STEAM Texnologiyaları: Beynəlxalq Təcrübə və Qabaqcıl Təhsil Modelləri” mövzusunda təlim-seminarlar təşkil olunub.

Noyabrın 22-dək davam edəcək təlim-seminarların iştirakçılarına filialın tədris həyatı və ictimai-ideoloji işləri ilə də yaxından tanış olmaq şəraiti yaradılıb.

Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?