Özbəkistan təhsil heyəti üçün Quba Soyqırımı Memorial Kompleksində seminar təşkil olunub

25.11.2025
Özbəkistan təhsil heyəti üçün Quba Soyqırımı Memorial Kompleksində seminar təşkil olunub

Pedaqoji Universitetin Quba filialında ADPU-nun Təlim-Tədris Mərkəzi ilə ADPU-nun Quba filialının Peşəkar İnkişaf Mərkəzinin birgə təşkilatçılığı əsasında təşkil olunan “İnklüziv təhsil və STEAM Texnologiyaları: Beynəlxalq Təcrübə və Qabaqcıl Təhsil Modelləri” mövzusunda təlim-seminarların iştirakçısı olan Özbəkistan təhsil heyəti Quba Soyqırımı Memorial Kompleksini ziyarət edib.

Burada qardaş ölkənin pedaqoji heyətinə Quba Soyqırımı Memorial Kompleksinin tarixi, onun qurulmasının səbəbləri barədə müfəssəl məlumat verilib.

Sonra Özbəkistan təhsil heyəti üçün xüsusi 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü mövzusunda semnar keçirilib.

Quba Soyqırımı Memorial Kompleksinin direktor müavini Mehriban Əliyeva 1918-ci ilin mart və aprel aylarında daşnak-bolşevik silahlı birləşmələri tərəfindən Azərbaycan xalqına qarşı törədilən bəşəri cinayətlərin səbəb, məqsəd və nəticələrindən danışıb. Diqqətə çatdırılıb ki, Qubada aşkar edilmiş kütləvi məzarlıq qanunsuz erməni silahlı birləşmələrinin Azərbaycan xalqına qarşı törətdikləri ən böyük cinayətlər sırasındadır.

Özbəkistan təhsil heyətinə Quba Soyqırımı Memorial Kompleksində keçirilmiş seminarın dinləyicisi sertifikatları verilib.

Tədbirin təşkilinə görə, kompleksin rəhbərliyinə və kollektivinə səmimi minnətdarlığını çatdıran filialın Humanitar elmlər kafedrasının müdiri vəzifəsini müvəqqəti icra edən, s.e.ü.f.d. Sabir Şahtaxtı (Hacıyev) saxta “erməni soyqırımı” mövzusu barədə fikir və düşüncələrini faktlar əsasında iştirakçılarla bölüşüb. Alim diqqətə çatdırıb ki, qanunsuz erməni silahlı birləşmələri yalnız Azərbaycan xalqına qarşı deyil, Özbəkistanda da ağır cinayətlər törədərək 35 mindən yuxarı günahsız özbəyi qətlə yetiriblər. Ermənilərin Türküstan bölgəsində insanlıq əleyhinə törətdikləri kütləvi cinayətlər unudula bilməz. Anadoluda və Qafqazda aşkar edilən bütün kütləvi məzarlıqlardakı insan qalıqlarının türk-müsəlman toplumuna aid olduğu laboratoriya analizləri ilə təsdiqlənib. Digər tərəfdən ermənilər Birinci Dünya Müharibəsində Osmanlı dövlətinə qarşı döyüşən tərəf olublar. Hər iki fakt “erməni soyqırımı” mövzusunun saxta olduğunu və siyasi məqsədlərə xidmət etdiyini təsdiqləyir.

Pedaqoji Universitetin Quba filialının sertifikatları Quba Soyqırımı Memorial Kompleksinin direktor müavini Mehriban Əliyeva və digər əməkdaşlara təqdim olunub.

Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?