Pedaqoji Universitetin Quba filialında ADPU-nun Təlim-Tədris Mərkəzi ilə ADPU-nun Quba filialının Peşəkar İnkişaf Mərkəzinin birgə təşkilatçılığı əsasında təşkil olunan “İnklüziv təhsil və STEAM Texnologiyaları: Beynəlxalq Təcrübə və Qabaqcıl Təhsil Modelləri” mövzusunda təlim-seminarların iştirakçısı olan Özbəkistan təhsil heyətində təmsil olunan pedaqoqlar ayrı-ayrı qruplar şəklində filialdakı dərs və kollokvium prosesi ilə tanış olublar.
ADPU-nun Quba filialının dekanı vəzifəsini müvəqqəti icra edən Nübar Bayramova Özbəkistan təhsil heyətini tanışlıq prosesində müşayiət etmişdir.
Növbəti tanışlıq xarakterli izləmə Humanitar elmlər kafedrasının müdiri vəzifəsini müvəqqəti icra edən siyasi elmlər üzrə fəlsəfə doktoru Sabir Hacıyevin (Şahtaxtı) İbtidai sinif müəllimliyi ixtisası üzrə 2401B qrupunda “İnformasiyanın idarə olunması” fənni üzrə noyabr ayı üçün nəzərdə tutulmuş qrafikə uyğun kollokviumunda olub.
Kollokvium zamanı tələbələr ötən müddətdə fənn üzrə qazandıqları biliklərini nümayiş etdirmiş, müəllimin suallarını maksimum səviyyədə cavablandırmağa çalışmışlar. Suallara verilən cavablar əsasında tələbələrin biliyi qiymətləndirilmiş və qrup qarşısında yerindəcə elan olunmuşdur.
Kollokvium sualları ilə tanış olan özbəkistanlı pedaqoqlar eyni zamanda iki qardaş ölkə münasibətlərinin tarixi və müasir vəziyyəti barədə tələbələrin bilik səviyyəsi ilə maraqlanmışlar.
Təcrübəli pedaqoq Poladjan Boynazarov kollokviumdakı şəffaflığı və tələbələrin biliklərini ifadə etmək üçün yaranmış sərbəst mühiti yüksək dəyərləndirərək qeyd edib ki, filialda gördüyü yeniliklər beynəlxalq təhsil sistemi üçün xüsusi əhəmiyyət kəsb edir.

