Müasir Azərbaycan diplomatiyasının və təhsil strategiyasının etalon simalarından biri – Professor Hafiz Paşayevə ehtiram ünvanı.

06.05.2026
Müasir Azərbaycan diplomatiyasının və təhsil strategiyasının etalon simalarından biri – Professor Hafiz Paşayevə ehtiram ünvanı.

​Hörmətli cənab Rektor!

Görkəmli dövlət xadimi, fədakar elm və maarif fədaisi, professor Hafiz müəllim!

​Sizi — müstəqil Azərbaycanın diplomatik korpusunun formalaşmasında müstəsna xidmətləri olan, milli maraqlarımızı beynəlxalq arenada ləyaqətlə təmsil etmiş ustad diplomatı və ölkəmizin intellektual gələcəyini inşa edən böyük ziyalını — anadan olmağınızın 85 illik uca yubileyiniz münasibətilə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialının professor-müəllim heyəti adından və şəxsən öz adımdan ən dərin ehtiramla təbrik edirəm.

​Sizin şərəfli ömür yolunuz dövlətə sədaqətin, milli dəyərlərə bağlılığın və bəşəri təfəkkürün vəhdət təşkil etdiyi ən ali nümunədir. Mir Cəlal ocağının mənəvi işığını öz fəaliyyətinizlə bütün dünyaya yayan bir şəxsiyyət kimi, Siz hər zaman Azərbaycan ziyalısının mənəvi ucalığını qorumusunuz. Xüsusilə, diplomatik fəaliyyətiniz dövründə xalqımızın səsini ən ali tribunalardan çatdırmağınız və bu gün həmin təcrübəni “ADA” məktəbi vasitəsilə yeni nəsil idarəçilərə ötürməyiniz dövlətçiliyimiz üçün əvəzsiz xəzinədir.

​Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin Sərəncamları ilə layiq görüldüyünüz yüksək dövlət mükafatları — “Şərəf” və “Şöhrət” ordenləri, habelə 1-ci və 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordenləri Sizin çoxşaxəli fəaliyyətinizə verilən ən ali qiymət, xalqımızın Sizə olan tükənməz rəğbətinin təzahürüdür.

​Rəhbərlik etdiyiniz “ADA” Universitetinin 20 il ərzində qazandığı qlobal nüfuz Sizin strateji uzaqgörənliyinizin və “innovativ təhsil – güclü dövlət” konsepsiyanızın parlaq nəticəsidir. Bu uca missiyanın icrasında Sizinlə eyni amala xidmət etmək biz pedaqoqlar üçün böyük şərəfdir.

​Bu əlamətdar gündə Sizə uca Tanrıdan uzun və bərəkətli ömür, Azərbaycanın tərəqqisi və beynəlxalq nüfuzunun daha da möhkəmlənməsi naminə yorulmaz fəaliyyətinizdə yeni-yeni zirvələr arzulayırıq.

​Dərin hörmət və sonsuz ehtiramla,

​Professor Yusif ALIYEV

ADPU-nun Quba filialının direktoru

Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?