İyulun 22-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialının kollektivi tərəfindən Quba şəhərində yerləşən Media Şəhidləri Parkındakı abidə ziyarət edilib, qəhrəman jurnalistlərin abidəsi önünə gül dəstələri qoyulub, ruhlarına dualar oxunub.
Ziyarət zamanı filialın direktoru professor Yusif Alıyev qeyd edib ki, Azərbaycanda milli mətbuatın, ana dilində ilk qəzetin nəşrə başlamasının 150 ili tamam olur. 1875-ci ilin 22 iyulunda görkəmli maarifçi, təbiətşünas alim, publisist, mütəfəkkir Həsən bəy Zərdabinin əsasını qoyduğu “Əkinçi” qəzeti ilə xalqımızın milli oyanışında yeni səhifə açılıb. Ulu öndər Heydər Əliyevin milli jurnalistikamızın inkişafı sahəsində ən böyük, tarixi xidməti 1998-ci ildə KİV üzərində senzuranın tamamilə ləğvidir. Ulu öndər Heydər Əliyevin 1998-ci il 6 avqust tarixində imzaladığı «Azərbaycan Respublikasında söz, fikir və mətbuat azadlığının təmin edilməsi sahəsində tədbirlər haqqında» Fərman kütləvi informasiya vasitələrinin inkişafı, onların cəmiyyətin demokratikləşməsinə təsir edən qüdrətli vasitəyə çevrilməsi yolunda mühüm addım oldu. Daha sonra direktor qeyd edib ki, o özü də jurnalistika sahəsində də bəxtini sınayıb, tələbə vaxtı müxtəlif qəzet və jurnalların redaksiya heyətində çalışıb. Buna görə də mətbuatın dəyərini daha yaxşı anlayır, əslində mətbuat hazırda çox önəmli sahələrdən biridir. Direktor: “Bizim illərlə, bəzən aylarla gördüyümüz işi KİV bəzən bir neçə dəqiqə içərisində cəmiyyətə uğurlu şəkildə təqdim edə bilir. Bizlər də filial olaraq bütün vicdanlı, işinin peşəkarı olan mətbuat işçiləri ilə dostluq və əməkdaşlıq münasibətlərini yaxın tuturuq”deyə bildirib. Direktor həm də 16 iyulda Azərbaycan Dövlət İnformasiya Agentliyi, xəbərlərin ən dəqiq ünvanı olan “AZƏRTAC”ın rəhbərliyi ilə baş tutan görüşə diqqət çəkib, filialla regionda əməkdaşlıq edən televiziya və sayt rəhbərlərinə xüsusi minnətdarlıq edib, hər zaman filialın nailiyyətlərinə işıq tutan KİV nümayəndələrinin hər birinə kollektiv adından dərin təşəkkür ünvanlayıb, Azərbaycan Milli Mətbuatının 150 illik yubileyinin ölkə səviyyəsində qeyd edilməsini, III Şuşa Qlobal Media Forumu ciddi hadisə kimi tarixə düşməsini vurğulayıb, qeyd edib ki, bütün dünyanın maraqla izlədiyi Forum həm Azərbaycan Prezidenti cənab İlham Əliyevin yerli və qlobal media nümayəndələri qarşısında hesabatı və ölkənin geniş media imkanlarının nümayişi kimi yadda qalmışdır.
Sonda xatirə şəkli çəkdirilib.




