Müasir dövrün özünəməxsus xüsusiyyətlərindən biri də odur ki, gənclər artıq elmin, biliyin, təhsilin dəyərini daha yaxşı anlayır, gələcək inkişaflarını təlim və tərbiyə prosesindən kənarda təsəvvür etmirlər. Məhz buna görə də gənclər üçün tələbə adını qazanmaq, şəxsiyyət kimi inkişaflarına yol açacaq universitet seçimini etmək olduqca önəmlidir. Adətən seçim prosesindən əvvəl abituriyentlər və valideynlər tədqiqat və araşdırma edir. Əldə edlən məumatlar çox vaxt müxtəlif sayt və sosial şəbəkə hesabları üzərindən olur. Lakin universitetlərin ən əsas və obyektiv informasiya mənbəyi onun tələbə və məzunlarıdır. Universitetlər adətən cəmiyyətə verdikləri insanlarla dəyərləndirilir. Uğurlu məzunlar universitetin imzasıdır, nüfuzudur, ən dəyərli tanıtımıdır.Universitetlər yalnız dərs deyən və diplom verən müəssisələr deyil – onlar cəmiyyətə yön verən şəxsiyyətlərin, mütəxəssislərin və liderlərin formalaşdığı mərkəzlərdir. Bu baxımdan bir universitetin real dəyəri onun divarları arasında deyil, oradan məzun olmuş insanların həyatında və cəmiyyətə verdiyi töhfələrdə əks olunur. Universitetin ən dəyərli “sertifikatı” həqiqətən də onun uğurlu məzunlarıdır. Təbii ki, Pedaqoji Universitet ailəsinin bir üzvü olaraq Quba filialı da düzgün idarəetmə və uğurlu kadr islahatları nəticəsində bölgədə müəllim kadrlarının yetişdirilməsində mühüm rol oynayır. Burada təhsil almış yüzlərlə məzun bu gün Azərbaycanın müxtəlif bölgələrində müəllim kimi fəaliyyət göstərir və filialda keçirdikləri illəri böyük minnətdarlıqla xatırlayırlar. Həmçinin də filialın kollektivi də öz məzunlarını izləyir, onların uğuruna sevinir. Filialda direktor professor Yusif Alıyevin təşəbbüsü ilə ADPU-nun Quba filialının 30 illik yubiley tədbiri ərəfəsində hazırlanan guşədə filialın məşhur məzunlarından bir qisminin şəkil və məlumatlarının yer alması, həmçinin filialda çalışan məzunlarımızın (M.Bağırova, L.Kərimova, A.Şeydayeva, P.Rzayeva, E.Musayeva, S.Ağasıyeva,V.Teymurxanlı ) o lövhədə əks olunması bir daha sübut edir ki, filial bütövlükdə məzun və tələbələrini öz övladı kimi sevir.
Məzunlar universiteti bitirdikdən sonra iş həyatına başlayır, cəmiyyət içində mövqe tutur, bilik və bacarıqlarını göstərir. Onların davranışı, peşəkarlığı, dəyərləri və uğurları istər-istəməz oxuduğu ali təhsil müəssisəsi ilə əlaqələndirilir. Əgər o insan peşəkar, savadlı və mədəniyyətlidir, cəmiyyət deyir: “Bu filan universitetin yetirməsidir, demək, orada yaxşı təhsil verirlər.” Əks halda isə tənqid də eyni ünvanı tapır. Buna görə də universitetlər üçün nüfuz sadəcə tədris planları və binaları ilə deyil, məzunlarının uğurları ilə ölçülür. Tanınmış iş adamları, müəllimlər, mühəndislər, həkimlər və ictimai xadimlər təhsil aldıqları universitetlərini təmsil edirlər. Təhsil müəssisələrinin reytinqini ölçmək üçün statistik göstəricilər, laboratoriyalar, elmi məqalələr və infrastruktur mühüm rol oynasa da, bütün bunların əsl dəyəri bir yerdə təcəssüm olunur: Məzunların həyatda qazandığı uğurlarda. Bu mənada Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Quba filialı hazırda Azərbaycan təhsili və elmi üçün olduqca mühüm əhəmiyyət kəsb edən kadrlar yetişdirmiş və öz kadr potensialı ilə fəxr edir. Məzunları ADPU-nun Quba filialının canlı reklami və ictimai güzgüsüdür.
Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Quba filialı fəaliyyət göstərdiyi illər ərzində 2500-ə yaxın məzun buraxılışı həyata keçirib. Onlar haqqında bütün kollektiv hər zaman qürurla danışır, çünki onlar akademik heyətin gərgin əməyinin nəticəsidir. Əslində məzunlar hər biri bizim üçün önəmlidir, onların əldə etdiyi bütün uğurlar dəyərlidir. Təbii ki, bütün məzunlar haqqında bir yazıda danışmaq mümkün deyildir. Onlardan bir qismi haqqında məlumat verməklə bizim bütün ölkə təhsili üçün nə dərəcədə əhəmiyyətli şəxsiyyət və kadr hazırlığı həyata keçirdiyimizi ölçə bilərik. Əgər adları sadalanan şəxslər bu gün öz işlərində önəmli mövqe tururlarsa bunda təbii ki, filialın professor və müəllim kollektivinin, uğurlu rəhbər idarəetməsinin rolu böyükdür. Bir neçə məzunumuz haqqında məlumat vermək istəyirik ki, universitet seçimi qarşısında qalan abituriyentlər üçün ilham mənbəyi ola bilək:
- ✅Zamin Həziyev – Filialın təhsildə sosial psixoloji xidmət ixtisasının məzunudur. Cəbrayıl rayon N.Aslanov adına Cocuq Mərcanlı kənd tam orta məktəbinin direktorudur. Elm, təhsil və pedaqoji kadr hazırlığı sahələrində yüksək nailiyyətlər əldə etdiyi, bu sahələrin inkişafına xüsusi töhfə verdiyi, sosial-mədəni inkişafda fəal iştirak etdiyi üçün “Azərbaycan Dövlət Pedaqoji Universitetinin 100 illiyi (1921–2021)” Azərbaycan Respublikasının yubiley medalı ilə təltif edilib.
- ✅Sevil Allahverdiyeva – Filialın İbtidai sinif müəllimliyi ixtisasının məzunudur. Quba rayonu Rəhman Məmmədov adına Alekseyevka kənd tam orta məktəbinin direktoru
- ✅Anar Hüseynov – Filialın Azərbaycan dili və ədəbiyyat müəllimliyi ixtisasının məzunudur. Qabaqcıl təhsil işçisi, rayonun qabaqcıl müəllimlərindəndir. Quba rayonu Aşağı-Atuc kənd tam orta məktəbinin Azərbaycan dili və ədəbiyyat müəllimi kimi fəaliyyət göstərir.
- ✅Nizami Hüseynov – Filialın Azərbaycan dili və ədəbiyyat müəllimliyi ixtisasının məzunudur. Hədəf liseyi üzrə ümümi icraçı direktordur, dərslik və dərs vəsaitlərinin müəllifidir.Yenilikçi və novator olmaqla öz sahəsi üzrə peşəkar kimi tanınmağı bacarıb.
- ✅Elməddin Şıxmuradov- Filialın Riyaziyyat informatika müəllimliyi ixtisasının məzunudur. Quba şəhər Azad Məmmədov adına 2 saylı təbiət fənləri təmayüllü liseyin direktor müavinidir. Təşklatçılıq qabiliyyəti ilə çalşdığı müəssisədə fərqlənməyi bacarıb.
- ✅Tural Oruczadə – Filialın Azərbaycan dili və ədəbiyyat müəllimliyi ixtisasının məzunudur. Kəlbəcər rayonu İcra Hakimiyyəti başçısı Aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiridir. Vətən müharibəsi qazisidir.
Bu siyahını bütün Azərbaycan məktəbləri üzrə yazmaq mümkündür. Filialın məzunlarının çalışdıqları təhsil ocaqlarından xoş soraqları gəldikcə bizlər ADPU-nun Quba filialı ailəsi olaraq qürur hissi duyuruq. Filialın direktoru professor Yusif Alıyevin hər zaman kollektiv qarşısıbda qoyduğu tələblərdən biri də məzunlarla uğurlu əks əlaqənin yaradılmasıdır. Çünki məzunlarla əlaqə təkcə keçmişə deyil, gələcəyə baxmaqdır. Onların təcrübəsi, uğurları və nüfuzu universitetin brendini gücləndirir. Universitet məzunlarını unutmamalı, onların təcrübəsini yeni nəsillərə ötürmək üçün körpü qurmalıdır. Universitet – yalnız diplom verən yer deyil, ömür boyu davam edən bir əlaqənin başlanğıcıdır. Məzunların uğurları universitet üçün gələcəyə açılan qapıdır. Onlar universitetin illərlə gördüyü işin nəticəsidir və bu nəticə həm daxildə, həm də xaricdə tanınma, etibar və prestij formalaşdırır. Sevindirici haldır ki, məzunlarımız da universitetin onlar üçün tədris, təlim və şəxsi inkişafları üçün çəkdiyi zəhməti yüksək dəyərləndirir, hər zaman Quba filialının adını uca tutur, bizlərlə birlikdə müəyyən tədbirlərə imza atmaqda maraqlı olduqlarını nümayiş etdirir, müxtəlif sosial media hesablarında bu haqda ürəklə fikirlər ifadə edirlər.
Yuxarıda adları sadalanan məzunlar haqqında qısa bir neçə fikir bildirək:
✅Həziyev Zamin Mətləb oğlu 23 may 1981-ci ildə Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində anadan olub.Torpaqlarımızın mənfur erməni işğalıları tərəfindən işğal olunması ilə əlaqədar olaraq 1993-cü ilin oktyabr ayının 24-də ailə üzvlərilə birlikdə kəndi tərk etmiş, Sabirabad rayonunun Məmişlər kəndində məşkunlaşmışdır. 1998-ci ildə Sabirabad rayon Qaralar kənd tam orta məktəbini bitirmiş, 2000-2001 ci illərdə hərbi xidmətdə olmuşdur. 2004- cü il tarixdə Odlar Yurdu Universitetinə daxil olmuşdur. 2008-ci ildə Biləsuvar rayonunun ərazisində məcburi köçkünlər üçün tikilmiş 11 saylı qəsəbədə yaşamağa başlamış, 2008-ci ildə isə ingilis dili müəllimi kimi Cəbrayıl rayon Vahid İsmayılov adına Çərəkən kənd tam orta məktəbində fəaliyyətə başlamışdır. 2011-2015 ci illər ərzində ADPU-nun Quba (keçmiş AMİ) filialında Təhsildə sosial-psixoloji xidmət ixtisası üzrə təhsil almış, təhsil aldığı müddətdə yüksək tədris göstəriciləri və ictimai fəallığı ilə seçilmişdir. 2015-2017 ci illərdə Çərəkən kənd tam orta məktəbində psixoloq vəzifəsində çalışmışdır. 2017-ci ilin iyul ayının 17 də Qarabağa “Böyük qayıdış”ın başlanğıcı olaraq dogma kəndi Cocuq Mərcanlıya qayıtmış, hazırda şəhid Novruz Aslanov adına Cocuq Mərcanlı kənd tam orta məktəbində direktor vəzifəsində çalışır.
✅Allahverdiyeva Sevil Ağacan qızı 12 yanvar 1984-cü ildə Quba rayonu Alekseyevka kəndində anadan olmuşdur.Orta təhsilini Rəhman Məmmodov adına Alekseyevka kənd tam orta məktəbində almışdır.2001-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin (keçmiş Azərbaycan Müəllimlər İnstitutu-AMİ) Pedaqoji fakültəsinin İbtidai sinif müəllimliyi ixtisasını bitirib. 2008-ci ildən etibarən Rəhman Məmmodov adına Alekseyevka kənd tam orta məktəbində ibtidai sinif müəllimi çalışmışdır. 2023-cü ildən isə həmin məktəbin direktorudur. Yenilikçi və novator direktor olmaqla məktəb kollektivinin rəğbət və məhəbbətini qazanmağı bacarmışdır. Hazırda rəhbərlik etdiyi təhsil ocağının məzunları bir çox olimpiadalarda və müsabiqələrdə qalib olurlar. Məhz həyata keçirdiyi layihələr, idarə etdiyi məktəbin müəllim və şagirdlərinin uğurları onun hazırda kadr kimi dəyər və keyfiyyətini təkcə rayonda deyil, bütün respublikada artırır.
✅Hüseynov Anar Ərəstun oğlu 1 aprel 1990-cı ildə Quba rayonu Aşağı Atuc kəndində anadan olub. 2007-2011-ci illərdə ADPU-nun Quba filialının Azərbaycan dili və ədəbiyyat müəllimliyi ixtisasını bitirib. 2012-2015-ci illərdə ADPU-da Azərbaycan Ədəbiyyatı tarixi ixtisası üzrə magistr təhsili alıb. Diaqnostik qiymətləndirmə və sertifikasiya imtahanlarında yüksək nəticə göstərib. Müxtəlif vaxtlarda ADPU-nun Quba filialında, Quba Fizika-riyaziyyat və informatika təmayüllü liseydə, Quba rayonu Qalaxudat kənd tam orta məktəbində Azərbaycan dili və ədəbiyyat müəllimi kimi çalışıb. Hazırda Aşağı Atuc kənd tam orta məktəbində çalışır. İki dəfə Azərbaycan Respublikasının elm və təhsil naziri Emin Əmrullayev tərəfindən Fəxri fərmanla təltif edilib.
✅Nizami Hüseynov- Quba rayonu Amsar kəndində anadan olub.
Bakalavr təhsilini ADPU-nun Quba filialında, Magistr təhsilini isə Bakı Slavyan Universitetində alıb. Tələbə vaxtı Qubada ilk intellektual klubu yaradıb:Təfəkkür İntellektual Klubu.
Bu klubla həm institutda, həm də Şimal zonasında çoxsaylı yarışlar keçirib.
Tələbə vaxtı Gənclər Fondu tərəfindən 2 dəfə fərdi, 1 dəfə təşkilat şəklində layihə qalibi olub, uğurla icra edib. Universitetin ayrı-ayrı vaxtlarda TEC və TGT sədri olub.
Bugünkü uğurlarında ADPU-nun Quba filialının çox böyük rolu olduğunu həmişə qeyd edir.
2015-ci ildən AMEA Ədəbiyyat İnstitutunun elmi işçisidir.
10 ildir ki, Hədəf Şirkətlər Qrupunda çalışır. Burada Hədəf Nəşrlərinin direktoru, Hədəf Kurslarında filial müdiri, Azərbaycan dili cə Ədəbiyyat fənləri üzrə kafedra müdiri, baş direktorun təhsil işləri üzrə müavini işləyib. Hal-hazırda 6 filialı olan Hədəf Liseylərinin ümumi icraçı direktorudur.
✅Şixmuradov Elməddin Qabil oğlu 2014-2019 cu illərdə ADPU-nun Quba filialında Riyaziyyat və İnformatika müəllimliyi ixtisasında təhsil alıb. Təhsil aldığı müddətdə ictimai fəallığı ilə seçilib. İntellektual Oyunlar Klubunun sədri kimi fəaliyyət göstərib, müxtəlif ümumayon və üumrespublika müsabiqələrində qalib olub. Nümunə olaraq, 29 oktyabr 2016-cı il tarixində Azərbaycan Dövlət Pedaqoji Universitetində ADPU-nun yaranmasının 95 illiyinə həsr edilmiş “Nə? Harada? Nə zaman?“ intellektual oyunu üzrə “Universitet kuboku” keçirilib. Filialın “Kron” komandasıhəmin çempionatda fərqlənmiş və birincilik əldə etdiklərinə görə komanda üzvləri kubok və diplomlarla mükafatlandırılmışlar. Üzvlər sırasında öz intellekti ilə fərqlənən Elmədiin Şıxmuradov da tələbə kimi yer almışdır. Bundan başqa növbəti illərdə Xaçmaz rayonunda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş “Nə? Harada? Nə zaman?” intellektual oyununun seçmə mərhələsində iştirak edən komandanın kapitanı olub. Yeni Azərbaycan Partiyasının (YAP) təsis edilməsinin 30 illiyinə həsr olunmuş Nə ? Harada ? Nə zaman ? İntellektual oyununun final mərhələsində YAP Quba rayon təşkilatının komandasının tərkibində iştirak edib. Qeyd edək ki, Yeni Azərbaycan Partiyasının (YAP) təsis edilməsinin 30 illiyinə həsr olunmuş “Nə? Harada? Nə zaman?” intellektual oyununun final mərhələsi Bakı şəhərində “Gülüstan” sarayında keçirilib. 2020-ci ilin noyabrından 2023 cü ilin iyununa Quba rayonu Ördüc kənd ümumi orta məktəbində Riyaziyyat müəllimi, 2023-cü il 15 sentyabrdan 2025-ci il 10 mart tarixinə qədər Quba rayonu Vladimirovka kənd tam orta məktəbində Riyaziyyat müəllimi kimi çalışıb. 2025-ci il 11 mart tarixindən etibarən Quba şəhər A.Məmmədov adına 2 saylı təbiət fənləri təmayüllü məktəb-liseydə Məktəbdənkənar və sinifdənxaric tərbiyə işləri üzrə təşkilatçı, həm də Riyaziyyat müəllimi kimi fəaliyyət göstərir. Elməddin Şıxmuradov xüsusi olaraq vurğulayır ki, onun müəllim kimi fəaliyyətə başlamasında və bu motivasiyaya sahib olmasında əməyi olan ilk insan professor Yusif Alıyev olmuşdur. Tələbəlik müddətində tədrisdə fililın direktorunun onunla yaxından maraqlanması, ona dəstək olması bugünki uğurlu karyera həyatında əhəmiyyətli yer tutmasına vəsilə olmuşdur.
✅Oruczadə Tural Nazim oğlu -Azərbaycan Respublikasının elm və təhsil naziri Emin Əmrullayevin Vətən müharibəsində iştirak etmiş təhsil işçiləri ilə görüşü zamanı həmin dövrdə Kəlbəcər rayonu 78 saylı tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi kimi çalışan, filialın məzunu Tural Oruczadənin dediyi fikirlər hər bir Azərbaycan övladı üçün hələ də qürurla xatırlanır. O qeyd etmişdir ki, “Vətən müharibəsində iştirak etməyi özümə borc bildim. Oktyabrın 1-də könüllü olaraq müharibəyə getdim. Tərtər-Ağdərə istiqamətindəki döyüşlərdə fəal iştirak etdim. “Fəxr edirəm ki, qalib ordunun qalib əsgərləri sırasında mən də varam. Özüm kəlbəcərliyəm. Kəlbəcər işğal olunanda 9 aylıq körpə olmuşam. Müzəffər Ali Baş Komandan İlham Əliyevə təşəkkür edirəm ki, bizə öz ata-baba torpaqlarımızı düşməndən azad etmək üçün imkan yaratdı. Sevinirəm ki, körpə ikən çıxdığım Kəlbəcərə gənc müəllim kimi qayıdacağam”,
ADPU-nun Quba filialı yüksək təhsilin əlçatan ünvanı olmaqla bərabər, hazırladığı məzunların ali təhsildə yeni pillələr üzrə inkişaflarında da maraqlıdır. Çünki bütün pedaqoji heyət dərk edir ki, cəmiyyətin inkişafında mühüm faktorlardan biri də şübhəsiz təhsildir. Demək olar ki, son 6 ildir filialı bitirən məzunların böyük əksəriyyəti magistratura pilləsində təhsil almaq üçün böyük nəticələr sərgiləyirlər. Bu il rekord sayda məzunun keçid balını toplayaraq magistratura seçim mərhələsinə buraxılması da bunu bir daha təsdiq edir. Filialın direktoru professor Yusif Alıyevin “Təhsil hər zaman bütün uğurların açarı olaraq qalacaq. Böyük Nizami oğluna nə deyir? «Ucalmaq istəsən bir kamala çat, Kamala ehtiram göstərər həyat… Məndən söyləməkdir, səndən eşitmək, Bir insan əliboş gəzməsin gərək» dediyi sözləri layiqincə doğrultmağı bacaran bütün məzunlarımızı, hazırladığımız elm, irfan, mərifət aşiqlərini bir daha səmimi qəlbdən təbrik edir, onlara yeni-yeni nailiyyətlər arzu edirik. Uğurunuz uğurumuzdur, əziz məzunlarımız.
Bəli, məzunların əldə etdiyi uğurlar, qazandıqları hörmət universitetin tədris, təlim və tərbiyə ocağı kimi fəaliyyətinin nəticəsi və mənəvi dəyərlərinin təzahürüdür. Hər bir uğurlu məzun, universitetin nüfuzuna bir yeni dəyər əlavə edir. Onların nəinki əməli fəaliyyəti, hətta işlətdikləri söz və ifadələr də bizləri qürurlandırır. Əziz abituriyentlər, inanırıq ki, Pedaqoji Universitetin Quba filialını seçməklə sizlər də bu uğurlu məzun siyahımıza əlavə ediləcəksiniz!
Aysel Balasultan qızı Şeydayeva
Quba, Azərbaycan
ADPU-nun Quba filialının sosial və humanitar məsələlər üzrə direktor müavini
Azərbaycan Respublikasının qabaqcıl təhsil işçisi
Pedaqogika üzrə fəlsəfə doktoru