“Lingua franca” və milli dillər 

04.11.2024
“Lingua franca” və milli dillər 

      Tarixin müxtəlif mərhələlərində müəyyən dillər bir çox regionlarda əsas ünsiyyət vasitəsi statusu qazanıb,müxtəlif dilli xalqlar arasında iqtisadi, siyasi, mədəni əlaqələrin yaranıb inkişaf etməsinə yardım etmişdir.

      Sürətlə inkişaf etməkdə olan qloballaşma belə dillərin sayını azaltmaqla yanaşı, milli dilləri də təhlükə altında qoymuşdur. Bu gün beynəlxalq ünsiyyət vasitəsinə çevrilmiş, “lingua franca” ingilis dili mədəniyyətlərin inteqrasiyasına bəzi müsbət təsirləri ilə yanaşı, neqativ nəticələrə də səbəb olmuşdur. Sirr deyildir ki, müasir dünyada ingilis dilində ikinci dil kimi danışanların sayı dil sahibəlrinin sayından artıqdır. Bu, o deməkdir ki, dünya ilə qaynayıb-qarışmaq üçün gərək ingilis dilini biləsən. 

      “2024-cü ilin statistikasına görə dünyada hal-hazırda 7,164 danışılan dil mövcuddur. Təəssüf ki, bu say hər ay azalmaqdadır. Bu dillərin 90% 100,000 və daha az adam tərəfindən istifadə olunur. İndi dünya əhalisinin yalnız yarısından bir qədər çox hissəsi 23 dildə danışır”.

https://www.simonandsimon.co.uk/blog/global-language-statistics-by-country

      Müxtəlif yollarla işçi qüvvəsini cəlb edən ABŞ, Böyük Britaniya, Kanada və s. kimi inkişaf etmiş ölkələrin danışdığı dil – ingilis dili sürətlə dominant dil olmaqdadır. Bu dil həm elm, beynəlxalq biznes, media, nəqliyyat dili olaraq “lingua franka” (müxtəlif dillərə mənsub insanların istifadə etdiyi müştərək dil) çevrilməklə demək olar ki, dünyanın hər yerində yayılmaqdadır. Ingilis dili bu gün beynəlxalq aləmdə ticarət, texnologiya, əyləncə və diplomatiya dili kimi də mühüm rol oynayır.

      Alimlərin hesablamalarına görə dünyada mövcuddillərin 50%-dən çoxu yox olmaq təhlükəsi ilə üz-üzədir. Milli dillərin ən çox sıxışdırıldığı yerlər Cənubi Amerika, Şimali Şərqi Asiya və Sibirdir. Avropanın özündə belə bəzi dillərin statusunun ikinci dərəcəli dillər kimi zəiflədiyi məlumdur. Dillərin yox olması müəyyən mədəniyyətlərin məhvi deməkdir, çünki milli dil qrupların mədəniyyət müxtəlifliyinin həlledici faktorudur.

     Globallaşma nəticəsi olaraq dillərin yox olmasının qarşısını almaq üçün 1992-ci ildə Avropa Şurasının himayədarlığı ilə “Regional və Milli dillərin Qorunması üçün Avropa Nizamnaməsi” yaradılsa da, onların yox olması öz sürəti ilə davam etməkdədir. Latın dili bu dildə danışan insanların olmaması ilə əlaqədar ölü dil sayıldığı halda, indi bəzi dillər sahibləri olsa da, o dildə danışmadıqalrı üçün “ölü” sayıılr. Bu və ya digər dildə danışanların sayı 1000 nəfərdən az olduqda həmin dil təhlükə altında hesab olunur.

***

     Quba rayonunu fərqləndirən cəhətlərdən biri də burada xeyli azsaylı xalqların yaşamasıdır. Öz dilində danışan neçə-neçə kəndlər tədqiqatçıları həmişə heyrətləndirmişdir. Belə yaşayış məskənlərindən biri də öz qədimliyi və unikallığı ilə seçilən Xınalıq kəndidir.

     Xınalıq və xınalıq dilinə marağın tarixi xeyli uzaqlara gedir. İstər əcnəbi, istərsə də yerli tədqiqatçılar bu sahəyə xüsusi diqqət və qayğı ilə yanaşmışlar. Bu kəndə ən yaxın alimlərimizdən biri də, orta məktəb direktorumuz, ADU-nun professoru, filologiya elmləri doktoru rəhmətlik Ələkbər Qubatov olmuşdur. Onun “Şahdağlılar və dilləri” adlı geniş məqaləsindən bir parçaya nəzər salaq: 

     Xınalıq dili haqqında ilkin məlumatlara R. fon Erkertin yazılarında rast gəlirik. O, 1895-ci ildə Vyana şəhərində alman dilində nəşr etdirdiyi “Qafqaz köklü dillər” (2. 296-298) kitabında xınalıq, buduq dillərinin və cek dialektinin lüğət və frazeologiyasına aid nümunələr vermiş, onların qrammatik quruluşlarına toxunmuşdur. Burada 545 almanca söz və onların 26 Qafqaz dilində, o cümlədən buduq, xınalıq, qrız dillərində tərcüməsi göstərilmişdir. Şahdağın ətəklərində yayılmış dilləri bildirən “Şahdağ dilləri” termini də həmin müəllifə məxsusdur.
1895-ci ildə görkəmli Avstriya dilçisi Hügo Şuxardtın “Qafqaz dillərində felin passivlik xarakteri” (10.) adlı kitabı çap olunmuşdur. Əsərdə xınalıq və buduq felləri haqqında qısa məlumat verilir və bir neçə nümunə gətirilir.

E.ə I əsrdə qədim yunan tarixçiləri bu ərazidə ket tayfalarının yaşadıqları barəsində Xınalığın varlığı haqqında məlumat vermişlər. Kəndin qədimliyini bundan görmək olar ki, 8 qəbiristanı var. Məzarların çoxu 3-4 qat bir-birinin üstündə qazılıb. Baş daşları ya ərəb, ya da ondan qabaqkı əlifbalarla yazılıb. Köhnə qəbirlər olduqca enli və uzundur, sanki orada Herakl cüssəli pəhləvanlar yatır.

      “Xınalıq” sözünü arxeoloqlar, tarixçilər burada olan xınalı qayaların adından və yaxud hun “Xunluq” – “Xınalıq” tayfalarının adından götürüldüyünü göstərirlər…

***

     Milli və azsaylı xaqların dillərinin qorunub saxlanması, inkişafı və gələcək nəsillərə çatdırılması üçün həmin dillərdə danışan insanların da fəaliyyəti vacibdir. Bu baxımdan Azərbaycan Dövlət Pedagoji Universitetinin Quba filialının müəllimi Yusif Abayevin bu günlərdə çap olunmuş “Xınalıq dilində 500 söz: Hər söz bir tarixdir” kitabı diqqətəlayiqdir. Çoxsaylı mənbələrə əsaslanan araşdırma xınalıq və xınalıq dilinə daha müasir və əsaslı baxış ilə seçilir. Kitabda Xınalıq dilində olması ehtimal edilən yazılar, Xınlıq dilinin 49 hərfdən ibarət əlifbası qədim qəbir və dəfn abidələri, milli geyimlərdən nümunələr oxucularda daha aydın təsəvvür yaradır. Öz elmi-mədəni səviyyəsi ilə seçilən perspektivli tədqiatçını təbrik edir, ona yeni yaradıcılıq uğurları arzulayaraq böyük zəhmət bahasına yaranmış bu dəyərli mənbənin gələcəkdə daha geniş tədqiqatlara stimul olacağına inanırıq.  

***

     Milli dillər, milli azlıqların dilləri sadəcə ünsiyyət vasitəsi deyil, həm də o dillərdə danışan isanların tarixi təfəkkürü, dünyagörüşü, unikal mədəni xüsusiyyətlərinin xəsinəsidir. İşlənmə coğrafiyası daraldıqca milli dillərin kommunikasiya üfqləri də məhdudlaşır. Qloballaşmadan məkrli məqsədləri üçün məharətlə istifadə edən kapitalizm üçün ən strateji hədəflərdən biri məhz dillərdir. Müasir dünyamızda Fransanın Afrikada yeritdiyi müstəmləkəçilik siyasəti sayəsində yerli milli dillər ciddi təzyiqə məruz qalmışdır. 

     Dünya elmi, mədəniyyəti və rəqəmsal inkişafına öz milli-mənəvi, mədəni xüsuiyyətlərini qorumaqla inteqrasiya etmək hər bir ölkənin özünəməxsusluğunun qayğısına qala bilmək bacarığından asılıdır. Bu məsuliyyətli işin önündə yenə ziyalılar, təhsil müəssisələri getməlidir. 

     Əgər Allah istəsəydi, sizi tək bir ümmət edərdi. Lakin başqa-başqa olmanız sizə verdikləri ilə sizi imtahan etməsi üçündür. (əl-Maidə, 5/48) 

    Hər bir dil Allahın möcüzəsidir, onların hər birinə dərin hörmət və ehtiram göstərmək, Allahın bizlərə əmanəti olduqları üçün də hər bir dilin saflığını qoruyarq yaşatmaq hamımızın borcu və imtahanıdır. Ana dili elə ana qədər əziz, müqəddəs və sevimlidir.

Yusif Abayeyin  “Xınalıq dilində 500 söz: Hər söz bir tarixdir” kitabı da bu sevginin bariz nümunəsidir. Kitabda materialların ingilis dilində paralelliyi onun beynəlxalq marağa səbəb olacağına ümid yaradır.

Rahib (Alpanlı) Sədullayev,

ADPU-nun  Quba filialı ədəbiyyat və dillər kafedrasının baş müəllimi,qabaqcıl təhsil işçisi

Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?