01.12.2025
Kevin

Frank MakKort

          Müəllimlər Kevin Dannı öz siniflərinə qəbul etməkdən imtina edirlər. Bu uşaq, sözün əsl mənasında idarə olunmaz, başa bəladır. Direktor onu hansı sinfə yerəlşdirmək istəsə müəllimlər məktəbi tərk edirlər. O, məktəbdə deyil, zooparkda olmalıdır.

          Ona görə də Kevini təzə müəllimə, “xeyr” deməyi bacarmayan mənə həvalə edirlər. Üstəlik, qırmızı saçı və adından göründüyü kimi bu uşaq irland idi. Bu kiçik heyvanın öhdəsindən eyni aksentlə danışan müəllim gələ bilər. Əsl irlandiyalı müəllim onun daxilinin dərinliklərində bir şeylərə toxuna bilər. Sinif rəhbərinin dediyinə görə on doqquz yaşı olacaq Kevin iki il sinifdə qalmalı olmuşdu. Ancaq bu il məzun olmalıdır. Məktəb ümid edir ki, o, məktəbi bitirib orduya qoşulacaq və ya başqa bir şey olacaq. Ordu hər cür adamı, hətta bu dünyanın Kevinlərini belə qəbul edir. O, mənim sinfimə heç vaxt tək gələn deyil, ona görə də zəhmət çəkib onu ofisdən gətirməli oluram.

         Kevin özünə görə çox böyük palto və qara papaq geyinib, bir küncdə oturmuşdur. Sinif rəhbəri deyir: – Bu, sənin yeni müəllimindir, Kevin. Başını qaldır ki, səni görə bilsin.

         Kevin tərpənmir.

          “Başını qaldır, Kevin.”

         Kevin başını yelləyir.

          “Yaxşı, Cənab MakKortla get, özünü yaxşı aparmağa çalış.

          O, sinifdə paltosunun içində gizlənib barmaqları ilə partasında nağara çalaraq oturmuşdur. Məktəbin direktoru daxil olub deyir: – Papağını çıxar, oğlum.

          Kevin vecinə almır. Direktor  mənə üz tutur: – Burada problem-filan yoxdur ki?

          “Bu, Kevin Dandır.”

          “Oh,” – deyib, sinfi tərk edir.

          Mən qəribə bir sirrin məhbusu oluram. Kevin haqqında digər müəllimlər ilə söhbət etdikdə deyirlər ki, idarəolunmaz şagirdləri  həmişə yeni müəllimlərə verirlər. Sinif rəhbəri deyir: – Narahat olma. Kevin problemdir, ancaq onun beyni sağlam deyil. O, burada çox qalmayacaq. Sadəcə səbirli ol.

          Növbəti gün, günortadan bir az əvvəl tualetə getmək üçün icazə istəyir. O, deyir:- Niyə belə asanlıqla icazə verisiniz ki mənə? Mənim burada olmağımı istəmirsiniz, eləmi?

          “Sən icazə istədin, mən də verirəm. Get.”

           “Niyə mənə get deyirsiniz?”

           “Çünki sən getmək istəyirsən.”

           “Bu, ədalətsizlikdir. Mən heç bir səhv etməmişəm.”

           Mən ona hər şeyi sakitcə izah etmək istəyirəm, amma nail ola bilmirəm. Bircə bu oğlanla danışmaqdansa bütün siniflə danışmaq daha asandır. Bu, o qədər də məndən asılı deyildir.

           Dərsin ortasında qəribə şeylər danışır: – “İngilis dilində çirkin sözlər bütün dillərdən daha çoxdur; sağ ayağının ayaqqabısını sol ayağına, sol ayağınınkını sağ ayağına geyinsən beynin daha güclü olar və bütün uşaqların əkiz doğular.” “Allahın heç vaxt mürəkkəbə ehtiyacı olmayan qələmi vardır.” “Uşaqlar anadan olanda hər şeyi bilirlər. Ona görə də danışa bilmirlər. Onalar danışsaydılar biz hamımız axmaq olardıq.” “Noxud insanda qoxu yaradır. Uşaqlarınıza noxud yedirtsəniz itkin düşdükləri və ya oğurlandıqları zaman polis itləri onları tapa bilər. Ona görə də varlı ailələr uşaqlarına çoxlu noxud yedirdirlər.”

           Məktəbi bitirdikdən sonra o, itlərə noxud yeyən varlı uşaqlarını tapmağı öyrədəcəkdi. O, varlı və məşhur olacaqdı. İndi tualetə gedə bilərdimi?

           Kevinin anası Açıq Məktəb Günü məktəbə gəlir. O, oğlu ilə bacarmır, heç ona nə olduğunu bilmir. Oğlanın atası uşağı dörd yaşında olanda qaçıb getmiş və indi Pensilvaniyada alimlərə ağ siçan satan bir qadınla yaşayır. Kevin ağ siçanları sevir, lakin atasının onları adamlara yarmaq üçün satan yeni həyat yoladşına nifrət edir. On yaşı olanda o, həmin qadına hücum etdiyinə görə poliş çağırmışdılar. İndi anası sinfimdə onun necə oxuması ilə maraqlanır. Bir şey öyrənə bilirmi?

           Mən anaya oğlunun yaxşı təxəyyülə malik qabiliyyətli bir şagird olduğunu deyirəm. O, deyir: – Bəli, bu, sizin üçün çox gözəl. Bəs onun gələcəyi necə olacaq?

          Ana oğlunun orduya qoşulub Vyetnama göndəriləcəyindən narahatdır. Deyəndə ki, məncə onu orduya götürməzlər, ana incimiş kimi görünür və deyir: – Nə demək istəyirsiniz? O da bu məktəbdəki hər biri kimi yaxşı uşaqdır.

          “Demək istəyirəm ki, Kevin ordunu xoşlamaz.”

          “Mənim Kevinim hər şeyi bacarar.”

          Anası onu sevir, başqa müəllimlər onu siniflərində görmək istəmir, mən də bilmirəm ki, onunla nə edim. Onunla danışmağa çalışıram, məni eşitmirmiş kimi göstərir özünü. Sinif rəhbərinə göndərirəm, o da bir qeyd verib üstümə qaytarır. Sinif rəhbəri onu məşğul etməyi məsləhət görür. Lövhələri yudurun ona.

          Mən Kevinə onu hər şeyə cavabdeh sinif meniceri etdiyimi deyirəm. O, işlərini tez bir zamanda bitirib, nə qədər çevik olduğunu nümayiş etdirir. Anbarda kirli, yüzlərlə kiçik quru rəng küpələri tapır və deyir: – Baxın, baxın. Küpələr, küpələr. Bunlar mənim, mənim. 

           Yaxşı, Kevin. Onları təmizləmək istərdinmi? Sən burada, bu xüsusi masa arxasında qala bilərsən, öz partanda əyləşməyinə ehtiyac yoxdur.

            “Bəli, bəli. Mənim küpələrim. Mənim stolum. Papağımı da çıxarıram.

            O, papağını çıxarır, saçı alov kimi qırmızı. Deyrəm ki, mən heç vaxt belə qırmızı saç görməmişəm, o da gülümsəyir. O, küpələri təmizləyib rəflərə yerləşdirməyə saatlarla vaxt sərf edir. İlin sonudur, o, hələ də işinə davam edir. Deyəndə ki, o, yayda burada qala bilməyəcək, ağlayır. Üzü göz yaşları ilə islanmış halda küpələri evə aparması üçün icazə istəyir.

             “Yaxşı, Kevin. Onları evinizə apar.”

            O, rəngə bulanmış əli ilə kürəyimə toxunur və mənim dünyada ən yaxşı müəllim olduğumu deyir.

            O, rəng küpələri dolu neçə-neçə qutuları evlərinə aparır.

            Kevin sentyabrda geri qayıtmır. Onu çətin uşaqlar üçün xüsusi məktəbə göndərirlər. Oradan qaçıb bir müddət atasının qarajında ağ siçanlarla yaşayır. Sonra onu orduya alırlar və anası mənə onun Vyetnamda itkin düşdüyünü bildirmək üçün məktəbə gəlir. Ana mənə oğlunun otağının şəklini göstərir. Stolun üstündə düzdüyü şüşə küpələr   “MakKort əladır” oxunurdu.

            Baxın, o, kömək etdiyinizə görə sizi sevirdi, lakin kommunistlər onu ələ keçirdilər. Sizcə bunun məqsədi nədir? Deyə bilərsinizmi orada, haqqında heç kəsin eşitmədiyi bir ölkədə nə baş verir? Buna cavab verə bilərsiniz?

            Çantasından Keninin quru rəngləri ilə dolu böyük bir küpəni çıxarır. – Buna baxın. Dünyanın bütün rəngləri bu küpənin içindədir. Daha nə olub, bilirsinizmi? O, saçını tam qırxıb. Gördüyünüz kimi, onu küpədəki rənglərə qarışdırıb. Bu, bir sənət əsəridir, elə deyilmi? Bilirəm, o, bu küpənin sizin olmasını istərdi.

            İşıq kimi parlayan həmin küpəni masamın üstündə saxlayıram. Hər dəfə ona baxanda Kevinin məktəbi bitirməsinə imkan verdiyimə və Vyetnama getdiyinə görə çox peşmançılıq çəkirəm.

            Şagirdlərim, xüsusilə də qızlar, o küpənin gözəl olduğunu deyirlər. Sənət əsəri. Mən Kevin haqqında danışdıqca qızlardan bəziləri ağlayırlar.

            Xadimələrdən biri küpəni tullantı sanıb həyətdəki zibil qabına tullayır.

            Yeməkxanada müəllimlərə Kevin haqqında danışıram. Onlar təəssüflə başlarını yelləyirlər: – Dəhşətdir! Bəzi uşaqları itiririk, biz nə edə bilərik? Dərslərimiz çox, vaxtımız yox, bir də psixoloq deyilik.

Rahib (Alpanlı) Sədullayev,ADPU Quba filialının, filologiya kafedrasının baş müəllimi,qabaqcıl təhsil işçisi

Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?