Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “İlin gənc alimi və tədqiqatçısı” müsabiqəsinin qalibləri mükafatlandırılıb

03.02.2023
Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “İlin gənc alimi və tədqiqatçısı” müsabiqəsinin qalibləri mükafatlandırılıb
Fevralın 2-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “İlin gənc alimi və tədqiqatçısı” müsabiqəsinin qaliblərinin mükafatlandırılması ilə bağlı tədbir keçirilib.
Tədbirdə çıxış edən ADPU-nun rektoru professor Cəfər Cəfərov universitetin gənc alim və tədqiqatçılarını 2 Fevral – Gənclər Günü münasibəti ilə təbrik edərək, Ulu Öndərin 100 illiyinə həsr olunan müsabiqənin mükafatlandırma mərasiminin məhz Heydər Əliyevin təşəbüsü ilə qeyd olunan Azərbaycan Gəncləri Günündə keçirilməsinin rəmzi mənasına diqqət çəkib. Rektor qeyd edib ki, bütün sahələrdə olduğu kimi elmi-tədqiqat sahəsində də gənclərin aktiv iştirakı və davamlı stimullaşdırılmaları olduqca vacib məsələdir və bu istiqamətdə Pedaqoji Universitet də sistemli işlər görür.
Çıxış edən elm və innovasiyalar üzrə prorektor prof. Asəf Zamanov müsabiqə haqqında məlumat verərək vurğulayıb ki, Heydər Əliyevin 100 illiyinə həsr olunan müsabiqə 2022-ci təqvim ili ərzində fəal, səmərəli elmi fəaliyyət göstərərək yüksək elmi nəticələrə nail olmuş, nüfuzlu jurnallarda dərc edilmiş elmi məqalələri, monoqrafiya, dərslik, dərs vəsaiti və digər elmi əsərləri olan, eyni zamanda ADPU-nun və filiallarının ictimai-siyasi həyatında elmi-təşkilati fəaliyyəti ilə fərqlənmiş doktorant və tədqiqatçıların müəyyənləşdirilməsi və mükafatlandırılması məqsədi ilə keçirilir. Bildirilib ki, qaliblər 2 nominasiya üzrə “İlin gənc alimi və tədqiqatçısı” adını alır, diplom və pul mükafatları ilə təltif edilirlər.
Prorektor qeyd edib ki, cari ildə müsabiqəyə təqdim olunmuş 20 müraciət arasında aparılan seçimlər nəticəsində
“Dəqiq və təbiət elmləri” nominasiyası üzrə
b.ü.f.d. Bəsti Əsədova I yer
r.ü.f.d. Xədicə Qocayeva II yer
Zöhrə Əsgərova III yer
“Humanitar və ictimai elmlər” nominasiyası üzrə isə
s.e.ü.f.d. Riyad Rüstəmli I yer
p.ü.f.d. Aysel Şeydayeva II yer
f.ü.f.d., b/m. Könül Həsənova isə III yerə layiq görülüb.
Daha sonra qaliblərin mükafatlandırılması mərasimi keçirilib. Mükafatlandırmadan sonra çıxış edənlərdən beynəlxalq əlaqələr üzrə prorektoru prof. Mahirə Hüseynova, prof. Təyyar Salamoğlu, ADPU-nun Gənc Alimlər və Tədqiqatçılar Şurasının sədri İlkin Əsgərov, kafedra müdiri dosent Könül Səmədova və müsabiqə qalibləri öz təəssüratlarını bölüşüb, elmin inkişafı üçün yaradılan münbit şəraitdən söz açıblar.
Qeyd edək ki, müsabiqəyə təqdim olunan sənədlər ADPU Elmi Şurasının nəzdindəki Elm komissiyası tərəfindən namizədlərin ötən il ərzində çap olunmuş elmi əsərləri, dissertasiya işinin tamamlanma, təqdim etmə və müdafiə vaxtı, Respublika və beynəlxalq elmi konfranslarda iştirakı, nüfuzlu elmi jurnallarda dərc olunmuş məqalələri və ADPU-nun ictimai həyatında fəallığı və elmi-təşkilati fəaliyyətlərinin qiymətləndirilməsi əsasında təhlil edilərək, nəticələr müəyyən olunur.
Müsabiqədə I yerin qaliblərinə 350 azn, II yerin qaliblərinə 250 azn, III yerin qaliblərinə isə 150 azn pul mükafatı verilir.
Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?