Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialının Humanitar elmlər kafedrasının baş müəllimi, Prezident mükafatçısı, əməkdar mədəniyyət işçisi Elza Orucovanın “Görkəmli alim, sədaqətli həyat yoldaşı və müqəddəs ana” adlı məqaləsini sizinə bölüşürük:
“Zərifə xanım Əliyeva Azərbaycanın qədim mədəniyyət mərkəzlərindən biri olan İrəvanın əsilzadə mühitində sayılıb-seçilən bir ailədə – Əziz Məmmədkərim oğlu Əliyevin ailəsində dünyaya göz açmışdır. 1918-ci ildə o gözəl yurdlar erməni-daşnakları tərəfindən qəsb olundu, dağıdıldı. Əziz Məmmədkərim oğlu Əliyevin ailəsi Naxçıvanın Şahtaxtı kəndinə köçdü. 28 aprel 1923-cü ildə Şahtaxtı kəndində Əziz Əliyev və Leyla Əliyevanın ailəsində Zərifə xanım dünyaya göz açdı. Zərifə xanım 1932–1942-ci illərdə orta məktəbi bitirmişdir.
Gələcək taleyini tibb elminə həsr etməyi qarşısına məqsəd qoyan Zərifə xanım 1942-ci ildə ADT Universitetinə daxil olur və 1947-ci ildə universiteti əla qiymətlərlə bitirir.
Zərifə xanım Azərbaycan Dövlət Tibb Universitetini bitirdikdən sonra Moskva Həkimləri Təkmilləşdirmə İnstitutunda təhsil alır. 1949-cu ildən Azərbaycan Həkimləri Təkmilləşdirmə İnstitutunda elmi işçi kimi fəaliyyətə başlayır və bütün ömrünü oftalmologiyaya həsr edir.
Onun həyatda uğur qazanmasında istedadı ilə yanaşı genetik mənsubiyyəti də böyük rol oynamışdır.
O, malyariya və traxomaya qarşı fədakarlıqla mübarizə aparan atası Əziz Əliyevin yolunu uğurla davam etdirmiş, bu elmə çox böyük töhfələr vermişdir. 1981-ci ildə gözün zədələnməsinin öyrənilməsi və profilaktikası sahəsində bir sıra orijinal kəşflərə görə SSRİ Tibb Elmləri Akademiyasının akademik M.İ. Averbax adına mükafatına layiq görülmüşdür.
Zərifə xanım keçmiş SSRİ-də bu mükafatı alan ilk qadın alim olmuşdur.
Bir – birindən dəyərli 150-dən çox elmi əsərin, 10 monoqrafiyanın, 12 səmərələşdirici təklifin, onlarla dərs vəsaitlərinin müəllifi olan Zərifə xanımın irsi öyrənilmiş, tədqiqat mövzuları kimi istifadə edilmişdir.
Zərifə xanım Moskvada Elmi Tədqiqat İnstitutunda “Azərbaycanın kimya sənayesi işçilərində görmə orqanının vəziyyəti” mövzusunda doktorluq dissertasiyası müdafiə edərək tibb elmləri doktoru alimlik dərəcəsi almışdır.
Onun “Oftalmologiyanın aktual problemləri”, “Şəkərli diabet zamanı göz xəstəlikləri”, “Gözyaşı axıtmanın fiziologiyası” kitabları və 100-lərlə elmi məqalələri Azərbaycan Tibb Universitetində tələbələrin öyrəndiyi əsərlərdir.
Zərifə xanım Moskva və Azərbaycan tibb işçilərinin uzun illər səmərəli dostluq əlaqələrinin təşəbbüskarı olmuşdur. Onun təşəbbüsü ilə Mərkəzi Həkimləri Təkmilləşdirmə İnstitutu oftalmologiya kafedrasının əməkdaşları tərəfindən Azərbaycanın göz həkimlərinin səyyar təkmilləşdirilməsi işi aparılırdı.
Zərifə Əliyevanın özü mühazirələr oxuyar, xəstələrin, xüsusilə görmə orqanlarının peşə patologiyalarına tutulanların klinik müayinəsini keçirər, bunları ümumiləşdirər və dərindən təhlil edərdi. Peşə xəstəlikləri problemi elmdə, sözün həqiqi mənasında, onun adı ilə bağlıdır, Bu sahədə əldə etdiyi ixtiralar alimlərin Bakıdakı Şin və Yod zavodlarında peşə patologiyaları təzahürlərinə dair iki nadir monoqrafiyasında əks olunmuşdur. Həmin əsərlərinə, eləcə də orijinal elmi məqalələr silsiləsinə görə müəllif bir sıra fəxri akademik mükafatlarına layiq görülmüş, Respublika Elmlər Akademiyasının akademik seçilmişdir.
Harada olur olsun Zərifə xanım özünəxas qayğıkeşliyindən əl çəkmir, insanların ehtiyaclarını başa düşür və həmişə özünü onların köməyinə çatdırırdı. Kim olmasından asılı olmayaraq, ondan ötrü insanın taleyi, xoşbəxtliyi hər şeydən irəli sayılırdı. O, insanın ruhunu tuta bilir, hər kəsin ürəyinə açar tapır, məsələlərin mahiyyətini anlamağı bacarırdı.
Zərifə xanım Əliyevanın maraq dairəsi xeyli geniş idi. O, incəsənətə də həvəs və maraq göstərir, musiqi duyumu ilə adamı heyrətə salırdı. Peşəkar səviyyədə fortepiano çalır, öz müşayiəti altında həzin səslə gözəl mahnılar oxuyurdu.
Zərifə xanım gözəl təşkilatçı, ictimaiyyətçi idi. Onu həmişə insanların əhatəsində görmək olardı. Uşaqları sevər, onlara xüsusi zərifliklə yanaşırdı. Onları sanki Ulu Tanrı tərəfindən bəxş olunan bir nur payı kimi qəbul edirdi.
Zərifə xanımın Vətən qarşısında, elm sahəsində və ictimai-siyasi fəaliyyətindən çox danışmaq olar. Ancaq onun ən böyük nailiyyətlərindən biri ailə qarşısındakı bənzərsiz xidmətləridir.
Dərin zəka sahibi olan Zərifə xanım ümummilli lider Heydər Əliyevin ömür-gün yoldaşı kimi bu çətin, lakin şərəfli missiyanı da layiqincə yerinə yetirmişdir, Ulu Öndərə əvəzolmaz mənəvi dayaq, arxa və sədaqətli həyat yoldaşı olmuşdur. Bir-birini heyratamiz şəkildə tamamlayan bu iki şəxsiyyətin ailə həyatı müasir Azərbaycan cəmiyyəti üçün bir nümunə, milli dəyərlərimizə sədaqətin nadir örnəyidir.
Ulu Öndər Heydər Əliyev Zərifə xanım haqqında belə deyirdi :
“Zərifə xanım sədaqətli həyat yoldaşı, çox mehriban, sədaqətli ana, mənim ailəmi, mənim uşaqlarımı, mənim nəvələrinmi yaşadan, böyüdən bir fədakar insan kimi qəlbimdə yaşayır. “
Zərifə xanım və onun həyat yoldaşı sahib olduqları nəcib keyfiyyətləri, ali-mənəvi dəyərləri, layiqli vətəndaş kimi yetişdirdikləi övladlarına ötürmüşlər.
Zərifə xanımın fəxri adları, elmi titulları, mükafatları olduqca çoxdur. Bu adların hər biri qürur, iftixar mənbəyidir. Amma bu adlar sırasında ən şərəflisi Ana adıdır. Zərifə xanım ümummilli liderimiz Heydər Əliyevin siyasi xəttinin layiqli davamçısı, 30 il işğal altında olan torpaqlarımızı azad edərək xalqımıza Zəfər, Qələbə bəxş edən, artıq bütün dünyada öz nüfüzü ilə seçilən, titanik fəaliyyəti ilə Azərbaycanı bölgənin lider dövlətinə çevirən, ” Mən çox xoşbəxtəm ki, Zərifə xanım kimi anam olmuşdur.” deyən Prezidentimiz İlham Əliyevin müqəddəs anasıdır.
Indi Ulu Öndər Heydər Əliyevin və Zərifə xanımın xeyirxahlığı, millətinə, xalqına məhəbbəti, mənəvi saflığı, fədakarlığı, ölkəyə rəhbərliyin daşlı-kəsəkli yollarında, xalqına, hər bir vətəndaşına sədaqətlə xidmət edən, qayğı göstərən Prezidentimiz cənab İlham Əliyevin yorulmaz fəaliyyətində davam etdirilir.
Ölkəmizin birinci xanımı, Azərbaycan Respublikasının birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyeva – Ulu Öndər Heydər Əliyevin və Zərifə xanım Əliyevanın ocağından qaynaqlanan, xalqına millətinə sevgisi və xeyirxahlığı öz dəyərli fəaliyyətində layiqincə davam etdirir.
Mən Ulu Öndərin Zərifə xanım haqqında dediyi bir xatirəni də çatdırmaq istərdim:
“28 Aprel – xosbəxt gündür. Çünki bu gün Zərifə xanım kimi böyük bir insan yer üzünə gəlib, mənim həyatımı xoşbəxt edib, həyatımda onun əvəzsiz rolu olub. Ona görə də bu gün bizim üçün müqəddəs gündür.”
Həqiqətən 28 Aprel – xoşbəxt gündür. Çünki, Zərifə xanım Əliyeva görkəmli alim, sədaqətli həyat yoldaşı və müqəddəs ana kimi həmişə qəlblərdə yaşayır. Onun əziz xatirəsi hər birimizin, Azərbaycan xalqının qəlbində əbədi olaraq yaşayacaqdır.”