Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı, Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin və “Fibonacci” MMC-nin təşkilatçılığı ilə Quba İdman, İstirahət, Təlim və Tədris Kompleksində Vətən müharibəsində qazanılmış tarixi Zəfərin 6-cı ildönümünə həsr olunmuş ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri arasında “GİNius 86.600” “Fibonacci” intellektual-əyləncəli oyununun regional mərhələsində Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialının istedadlı tələbələrindən ibarət komandalar I və III yerlər uğrunda böyük uğura imza ataraq qalib olub və respublika çempionatına vəsiqə qazanıblar.
Regional mərhələdə parlaq qələbə qazanaraq adını zirvələrə yazdıran tələbə komandalarının üzvləri ilə xüsusi görüş keçirilib. Səmimi çay süfrəsi ətrafında davam edən görüşdə gənclərin intellektual potensialı yüksək qiymətləndirilib və onların respublika mərhələsində daha böyük uğurlar qazanmaları üçün hərtərəfli motivasiya ediliblər.
Görüşdə çıxış edən Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialının sosial və humanitar məsələlər üzrə direktor müavini, pedaqogika üzrə fəlsəfə doktoru Aysel Şeydayeva filialın direktoru professor Yusif Alıyevin rəhbərliyi ilə təhsil ocağında gənclərin hərtərəfli inkişafı, onların elmi, intellektual və yaradıcı potensiallarının reallaşdırılması istiqamətində atılan məqsədyönlü addımlardan ətraflı bəhs edib. O, tələbələrin hər zaman cəmiyyətin avanqard qüvvəsi olduğunu vurğulayaraq, onları Azərbaycanın parlaq gələcəyi naminə hər zaman irəliyə doğru müsbət addımlar atmağa, elmə və biliyə yiyələnməyə səsləyib.
25 sentyabr 2026-cı il tarixində Bakı şəhərində keçiriləcək “GİNius 86.600” intellektual oyununun Respublika mərhələsində ölkənin digər nüfuzlu ali təhsil müəssisələrinin komandaları ilə mübarizə aparacaq tələbələrimizi ADPU-nun Quba filialının rəhbərliyi və kollektivi adından təbrik edir, onlara əzmkarlıq, güclü iradə və yeni qələbələr arzulayırıq. Yolunuz açıq, zirvələr hər zaman sizin olsun!

