Gələcəyin pedaqoqları bilikdə yarışdılar: ADPU-nun Quba filialında Beynəlxalq Müəllimlər Gününə həsr olunmuş intellektual yarış keçirilib

05.10.2026
Gələcəyin pedaqoqları bilikdə yarışdılar: ADPU-nun Quba filialında Beynəlxalq Müəllimlər Gününə həsr olunmuş intellektual yarış keçirilib

​5 Oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə filialda “Tarix müəllimliyi” ixtisası üzrə təhsil alan tələbələrin iştirakı ilə “Kahoot” rəqəmsal platforması üzərindən maraqlı və gərgin mübarizə ilə yadda qalan intellektual yarış təşkil olunub.

​Tədbirin əsas məqsədi gənclərin intellektual səviyyəsini yüksəltmək, onlarda komanda ruhunu gücləndirmək, eləcə də müasir tədris texnologiyalarından istifadə bacarıqlarını inkişaf etdirməkdir.

​Yarış zamanı gələcəyin pedaqoqları tarix, elm, mədəniyyət və ümumi dünyagörüşünü əhatə edən müxtəlif çətinlik dərəcəsindəki sualları cavablandırıblar. Gərgin və əyləncəli anlarla yadda qalan intellektual sınaqda tələbələr həm də otaqdakı çevikliklərini və qərar qəbul etmək bacarıqlarını nümayiş etdiriblər.

​Biliklərin və sürətin əsas rol oynadığı mübarizənin sonunda fərqlənən qalib komandalar diplomlarla təltif olunublar. Mükafatları tələbələrə ADPU-nun Quba filialının sosial və humanitar məsələlər üzrə direktor müavini, p.f.d. Aysel Şeydayeva, Gənclərin İnkişaf və Karyera Mərkəzinin (GİKM) Quba-Xaçmaz regional nümayəndəliyinin koordinatoru Eyvaz Xeyrullayev və filialın Humanitar və təbiət elmləri fakültəsinin dekanı Nubar Bayramova təqdim ediblər. Qonaqlar çıxış edərək iştirakçıları təbrik edib, onlara gələck pеdaqoji fəaliyyətlərində uğurlar arzulayıblar.

Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?