Fransa məktəbdə 15 yaşdan aşağı uşaqlar üçün telefondan istifadəni qadağan etməyi sınaqdan keçirməyə hazırlaşır.
Hələlik 200 ümumtəhsil məktəbində tətbiq olunacaq “rəqəmsal fasilə” eksperimentinin müddəti yanvar ayında bütün ölkəni əhatə edə bilər.
Kim Vilşer, Paris
“The Guardian” 27 Avqust 2024
Fransa məktəbdə 15 yaşdan aşağı uşaqlar üçün telefondan istifadəni qadağan etməyi sınaqdan keçirməyə hazırlaşır, uşaqlara “rəqəmsal fasilə” verməklə uğurlu olduğu təqdirdə yanvar ayından başlayaraq bu eksperiment bütün ölkədə tətbiq oluna bilər.
Uşaqlardan məktəbə daxil olduqları zaman telefonlarını təhvil verməyi tələb edən bu eksperimentdə cəmi 200 orta məktəb iştirak edəcək. Rəqəmsal cihazlar üzərindəki bu qadağa 2018-ci ildə ibtidai və orta məktəblərdə şagirdlərə telefondan istifadəni qadağan edən, lakin cihazlarını özlərində saxlamağa iczə verən qanundan da irəli getmişdir.
Təhsil naziri vəzifəsini icra edən Nikole Bellubet çərşənbə axşamı bu sınağı elan edərək demişdir ki, eksperimentin məqsədi yeniyetmələrə “rəqəmsal fasilə” (“digital pause”) verməkdir. Nikole Bellubet əlavə etmişdir ki, təcrübə uğurlu alınarsa, yanvar ayından bütün məktəblərdə tətbiq olunacaqdır.
Prezident Emanuel Makron tərəfindən yaradılmış komissiya uşaqların ekranlardan həddindən artıq istifadə etmələrinin onların səhhəti və inkişafına zərərli təsir göstərdiyindən narahat olduğunu ifadə etmişdir.
Mart ayında çap olunmuş 140 səhifəlik hesabatda belə bir nəticə qeyd olunur ki, rəqəmsal cihazlardan istifadənin yuxu, oturaq həyat, fiziki hərəkətsizlik, artıq çəki və hətta şişmanlığa bilavasitə və bilvasitə mənfi təsirləri vardır, üstəlik görmə qabiliyyətinə də.
Hesabatda deyilir ki, telefon və digər rəqəmsal texnologiyadan “hyper” – “həddindən artıq” istifadə etmək təkcə uşaqlar deyil, “cəmiyyət və sivilizasiya” üçün də pisdir.
Hesabat uşaqların mobil telefondan istfadəyə mərhələli şəkildə nəzarət etməyi tövsiyyə edir: ən azı 11 yaşdan əvvəl uşaqlara telefon verilməsin, 11-13 yaşlar arası uşaqlara internetsiz telefon vermək olar, 15 yaşadan əvvəl internetli, lakin sosial şəbəkələrə giriş olmayan telefonlar verilə bilər.
Hesabat həmçinin təklif edir ki, yaşı üçdən aşağı uşaqlara heç bir rəqəmsal cihaz verilmələlidir, çünki onlar “uşağın sağlam inkişafı üçün əhəmiyyətsizdir”.
Komissiyanın üzvü olan nevroloq və neyrofizioloq Servan Mouton, demişdir: – “Rəqəmsal cihazları öz yerlərinə qoymalıyıq. Ən azı 6 yaşadək inkişafı üçün uşağın rəqəmsal cihaza ehtiyacı yoxdur. Biz valideynlərə uşaqlaqrı ilə necə oynamağı bir daha öyrətməliyik”.
Məktəblərdə telefonların qadağan edilməsi Avropada çoxdan müzakirə olunur. Qadağaların tətbiq olunduğu ölkələrdə bu, daha çox onların istifadəsi ilə məhdudlaşır və uşaqlardan təhvil verilməsi tələb edilmir.
Almaniyada rəsmi məhdudiyyətlər yoxdur, lakin əksər məktəblər təlim məqsədi istisna olaraq, mobil telefon və rəqəmsal cihazlardan istifadəni qadağan etmişdir. Bu ilin əvvəlindən orta məktəb otaqlarında rəsmi olmayan mövcud qadağa hüquqi öhdəlik deyil, məsləhət xarakterlidir. Bu dərs ilindən həmin direktiv ibtidai siniflərə də tətbiq olunacaq.
İtaliya telefon qadağasında ilk olmuşdur, 2007-ci ildə tətbiq edib 2017-ci ildə onu yumşaltmış və 2022-ci ildə bir daha tətbiq etmişdir. O, bütün yaş qruplarına şamil olunur.
Bu ilin fevral ayında Vestminister hökuməti İngiltərə məktəblərində dərs günü ərzində mobil telefonların qadağan olunması haqqında qeyri-qanuni təlimat vermişdi, lakin telefon siyasətinin həyata keçirilməsi məktəb direktorları və rəhbərlərdən asılı idi.
Portuqaliya məktəblərdə telefonsuz günlərin sayını hər ay artıraraq kompromislə təcrübə aparır.
İspaniyada isə bəzi muxtar regionlar qadağa tətbiq etsələr də, o, bütün ölkəni əhatə etmir.
İngiliscədən çevirdi:
Rahib Alpanlı (Sədullayev),
ADPU Quba filialının baş müəllimi,qabaqcıl təhsil işçisi