Filialda təlimlərə qatılan özbəkistanlı pedaqoqlar Qubada nümunəvi orta məktəbi ziyarət ediblər

25.11.2025
Filialda təlimlərə qatılan özbəkistanlı pedaqoqlar Qubada nümunəvi orta məktəbi ziyarət ediblər

Azərbaycan Dövlət Pedaqoji Universitetin Quba filialında keçirilən beynəlxalq təlim-seminarlara qatılan Özbəkistan nümayəndə heyəti Quba rayon Alekseyevka kənd Rəhman Məmmədov adına tam orta məktəbində olub.

Azərbaycan Dövlət Pedaqoji Universitetin Quba filialının məsul əməkdaşları Özbəkistan heyətini müşayiət ediblər. Məktəbin həyətində qardaş ölkənin pedaqoqlarını milli geyimli şagirdlər və məktəbin əməkdaşları qarşılayıblar.

Məktəb direktoru Sevil Allahverdiyeva rəhbərlik etdiyi nümunəvi təhsil ocağı barədə ümumi məlumat verib.

Sonra şagirdlər Azərbaycan və Özbək dillərində ölkələrimizin və xalqlarımızın dostluğunu tərənnüm edən şeirlər söyləyiblər.

Məktəbin əsas binasının girişindəki foyedə qurulmuş tablo və lövhələrdəki məzmunlarla qonaqlar tanış edilib.

Birinci və ikinci Qarabağ müharibələrində qəhrəmanlıq göstərən şəhidlərimizin həyat yolu barədə ümumi məlumatları dinləyən özbək pedaqoqlar Azərbaycan gəncliyinin Vətən eşqini bütün türk dünyası üçün nümunə kimi dəyərləndiriblər.

Sonra məktəbin strukturu ilə tanışlıq olub. Buradakı müasir təhsil şəraiti, o cümlədən zəngin kitabxana, laboratoriya və toplantı salonları, ən müasir texnika və avadanlıqlarla təmin olunan siniflər qonaqları heyran edib.

Şagirdlərin əl işləri, o cümlədən düzəltdikləri texniki avadanlıqlara baxış keçirilib.

Uşaqların Azərbaycan və Özbək xalq mahnılarının sədaları altında rəqsləri qonaqlarda böyük heyranlıq yaradıb.

Məktəblə ümumi tanışlıqdan sonra heyət qruplar şəklində dərs prosesini, həmçinin praktik tədrisləri izləyib, maraq dairələrinə aid sualları müəllim və şagirdlərə ünvanlayıblar.

Müzəffər Ali Baş Komandan İlham Əliyevin liderliyi ilə qəhrəman Azərbaycan Ordusunun 44 günlük vətən müharibəsində qazandığı rəşadətli izlərin məktəbdə ideoloji xətt kimi qorunması Özbəkistan pedaqoqlarının dövlətimizin, ölkəmiz və xalqımız haqqında yüksək fikirlərini daha böyük zirvələrə qaldırıb.

Ümumi söhbətlərdə direktor Sevil Allahverdiyeva Azərbaycan Dövlət Pedaqoji Universitetin Quba filialı ilə rəhbərlik etdiyi orta məktəb arasında qarşılıqlı faydalı əməkdaşlıqdan bəhs edərək ADPU-nun Quba filialın direktoru, fizika elmləri doktoru, professor Yusif Alıyevə minnətdarlığını ifadə edərək bildirib ki, səmərəli münasibətlərdən daim faydalanan tərəflər əməkdaşlıq əlaqələrini şaxələndirmək üçün yeni layihələrə başlayacaqlar.

Direktor bildirib ki, Quba rayon Alekseyevka kənd Rəhman Məmmədov adına tam orta məktəbindəki yüksək şərait ümummilli lider Heydər Əliyevin uzaqgörən təhsil strategiyasının Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin real nəticəsidir. Məktəbin kollektivi göstərilən etimadı doğrultmaq üçün bilik və bacarığını böyük əzmlə sərf edir.

Qardaş ölkə pedaqoqlarının şən əhval ruhiyyəsi, eləcə də onlara göstərilən yüksək qonaqpərvərlik və mehribanlıq hər kəsdə xoş təəssürat yaradıb.

Xatirə fotoları çəkdirilib.

Xatırladaq ki, Azərbaycan Dövlət Pedaqoji Universitetin Təlim-Tədris Mərkəzi və ADPU-nun Quba filialının birgə təşkilatçılığı ilə Özbəkistan Respublikasının Məktəbəqədər və Məktəb Təhsil Nazirliyinin tabeliyindəki pedaqoji bacarıqlar mərkəzləri (Fərqanə vilayəti, Daşkənd vilayəti, Əndijan vilayəti) 16-23 noyabr davam edən təlim-seminarların əsas tərəfdaşlarıdır.

Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?