Professor Zakir Eminov: Fəxrlə deyə bilərik ki, regionlarımızın inkişafı prosesində Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialının da böyük payı var
Azərbaycanın dövlət siyasətində regionlarımızın çoxsahəli inkişafı ölkəmizin yüksəlişində mühüm istiqamətdir. Ona görə də, yerlərdə savadlı elmi-pedaqoji kadrların olması çox vacibdir. Ona görə də bütün bu məsələlər ali məktəblər qarşısında kadr hazırlığı istiqamətində vacib vəzifə kimi qoyulmalıdır. İnam hissi ilə deyə bilərik ki, bu proseslər Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialında da müəyyən qədər həyata keçirilir.
Elm və Təhsil Nazirliyinin Coğrafiya İnstitutunun baş direktoru, professor Zakir Eminov bu fikirləri Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialının ev sahibliyi ilə keçirilən Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunmuş “Regionlarda ali təhsil: reallıqlar və perspektivlər” mövzusunda konfransın rəsmi açılışındakı çıxışında ifadə edib.
Alim əminliklə qeyd edib ki, Quba filialının ev sahibliyi ilə keçirilən “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunmuş “Regionlarda ali təhsil: reallıqlar və perspektivlər” IV Beynəlxalq elmi konfransında müzakirə olunan aktual mövzular beynəlxalq elm və təhsil ictimaiyyəti üçün cəlbedicilik qazanacaq.