Nəzərinizə çatdırırıq ki, Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Quba filialında yeni açılmış “Dil və ədəbiyyat müəllimliyi (ingilis dili üzrə)” ixtisası üzrə kadr hazırlığına başlanılmışdır. Bildiririk ki, bu ixtisas məzmun etibarilə əvvəlki “Xarici dil müəllimliyi (ingilis dili üzrə)” ixtisasının tam eynidir, lakin müasir təhsil çağırışlarına uyğun olaraq onun üstünlükləri və əhatə dairəsi daha da genişləndirilmişdir. Yeni proqram tələbələrə yalnız dilin praktiki aspektlərini öyrənməklə kifayətlənməyib, həm də klassik və müasir ingilis ədəbiyyatını, linqvistik nəzəriyyələri və dərinləşdirilmiş metodoloji yanaşmaları mənimsəmək imkanı qazandırır. İxtisasın genişləndirilmiş üstünlüklərinə ikili kompetensiya və geniş profil, qlobal ünsiyyət bacarıqları ilə yanaşı analitik tənqidi təfəkkürün formalaşdırılması, eləcə də ümumtəhsil məktəblərində, beynəlxalq təhsil mərkəzlərində, tərcümə və akademik tədqiqat sahələrində geniş gələcək karyera perspektivləri daxildir. Cəmi 20 yer ayrılmış bu nüfuzlu ixtisas üzrə təhsil alaraq peşəkar gələcəyinizin təməlini qoyun və bölgədə intellektual potensialın inkişafına töhfə verən ADPU-nun Quba filialının müasir tədris mühitinə qoşulun.