Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Quba filialının Elmi Şurasının növbəti genişləndirilmiş iclası keçirilib. İclası giriş sözü ilə açan Elmi Şuranın katibi Sevinc Babaşova iştirakçıların yetərsay olduğunu qeyd edərək iclasın səlahiyyətli olduğunu bildirib.
Daha sonra Elmi Şuranın sədri, professor Yusif Alıyev çıxış edərək iştirakçıları, dəvət olunan müəllim və əməkdaşları səmimi-qəlbdən salamlayıb. Sədr artıq ənənə halını almış ötən dövr ərzində görülən işləri, əldə olunan uğurlu nailiyyətləri diqqətə çatdırıb. Professor Yusif Alıyev filialın elmi-pedaqoji potensialının daha da gücləndirilməsi, tədris prosesinin keyfiyyətinin yüksəldilməsi və qarşıda duran strateji hədəflər istiqamətində dəyərli tapşırıq və tövsiyələrini verərək əməkdaşları daha intizamlı, yenilikçi və məsuliyyətli olmağa səsləyib.
İclasda Elmi Şuranın təsdiq olunmuş gündəliyinə uyğun olaraq mühüm hesabatlar dinlənilib. İlk olaraq, 2025/2026-cı tədris ilinin yaz semestrinin imtahan sessiyasının yekunları haqqında hesabat ped.ü.f.d. P.Rzayeva tərəfindən təqdim olunub. Ardınca filialın 2025/2026-cı tədris ili üzrə Sosial və humanitar məsələlər üzrə hesabatı ped.ü.f.d. A.Şeydayeva tərəfindən geniş şəkildə diqqətə çatdırılıb. Həmçinin filialın Tələbə Həmkarlar İttifaqı Təşkilatının hesabatı A.Şıxbabayeva tərəfindən təqdim edilib və cari məsələlər müzakirə olunub. Daha sonra isə Filialın Tədris şöbəsinin müdiri Mələk Bağırovanın Adlı təqaüdlərlə bağlı təqdimatı və Psixologiya Mərkəzinin rəhbəri Fatimə Qasımovanın hesabatı dinlənilib.
Gündəlikdə duran məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb, səsləndirilən təkliflər dinlənilib və müvafiq qərarlar qəbul edilib. Cari məsələlərdə isə müxtəlif monoqrafiyalar və Tədris vəsaitləri müzakirə olunub. Sonda qarşıda duran vəzifələr bir daha diqqətə çatdırılaraq kollektivə uğurlar arzu olunub.











