04 mart 2026-cı il tarixində Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Quba filialının Elmi Şurasının növbəti iclası keçirilmişdir. İclası Elmi Şuranın katibi Sevinc Babaşova açaraq üzvlərin yetərsayın təmin olunduğunu bildirmiş və iclasın səlahiyyətli olduğunu elan etmişdir.
Elmi Şuranın sədri, professor Yusif Alıyev çıxış edərək iştirakçıları salamlamış, qarşıdan gələn 8 Mart – Beynəlxalq Qadınlar Günü, Müqəddəs Ramazan ayı və Novruz bayramı münasibətilə təbriklərini çatdırmışdır. Daha sonra sədr iclasın gündəliyini iştirakçıların diqqətinə təqdim etmişdir.
Professor Yusif Alıyev Elmi Şuranın ötən iclasından keçən müddət ərzində filialın əldə etdiyi uğurlar barədə məlumat vermişdir. Gündəlikdə duran əsas məsələlərdən biri 2025–2026-cı tədris ilinin payız semestrinin imtahan sessiyasının yekun hesabatı olmuşdur. Bununla bağlı tədris işləri üzrə direktor müavini, p.f.d. Pərvanə Rzayeva geniş təqdimatla çıxış edərək struktur bölmələrin hesabatları əsasında hazırlanmış ümumiləşdirilmiş analitik məlumatları Elmi Şura üzvlərinin diqqətinə çatdırmışdır. Məsələ ətrafında müzakirələr aparılmış və müvafiq qərar qəbul edilmişdir.
Daha sonra cari tədris ili üzrə tədris təcrübəsinin gedişatı ilə bağlı məsələ müzakirə olunmuşdur. Tədris şöbəsinin müdiri Mələk Bağırova tədris və istehsalat təcrübəsinin təşkili, qruplar üzrə təcrübə rəhbərlərinin fəaliyyəti və təcrübə prosesinin ümumi vəziyyəti haqqında məlumat vermişdir. Hesabat ətrafında fikir mübadiləsi aparılmış və qənaətbəxş hesab edilərək qəbul edilmişdir.
İclasda həmçinin cari məsələlər də müzakirə olunmuş, səsləndirilən təkliflər ətrafında fikir mübadiləsi aparılmış və müvafiq qərarlar qəbul edilmişdir.









