Əbədi və sarsılmaz müstəqillik !

18.10.2024
Əbədi və sarsılmaz müstəqillik !

ADPU-nun Quba filialında “Əbədi və sarsılmaz müstəqillik!” mövzusunda dəyirmi masa keçirilmişdir

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Quba filialının Heydər Əliyev Lektoriyasında 18 Oktyabr-Müstəqilliyin Bərpası Günü münasibəti ilə “Əbədi və sarsılmaz müstəqillik!” mövzusunda elmi-nəzəri məzmunda dəyirmi masa təşkil olunub.

Dəyirmi masada ADPU-nun Quba filialının professor müəllim heyəti və tələbələrlə bərabər şəhid aillələrinin nümayəndələri də iştirak ediblər.

Əvvəlcə Azərbaycan Respublikasının dövlət himni səsləndirilib.

Ümummilli lider Heydər Əliyevin və Azərbaycanın suverenliyi və ərazi bütövlüyündə canlarını fəda edən qəhrəman övladlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Azərbaycanın dövlət müstəqilliyi, bu əzablı və mübarək yolda qət edilən çətinliklər, milli dövlətçiliyimizin tarixi mərhələləri, eləcə də bu şərəfli və məsuliyyətli mübarizədə ümummilli lider Heydər Əliyevin fədakarlığı və tarixi missiyası barədə müfəssəl məlumat verən Filialın direktoru qabaqcıl təhsil işçisi, fizika elmləri doktoru, dosent Yusif Alıyev giriş nitqində Azərbaycanın XX əsrin sonlarında bərpa etdiyi müstəqilliyin bərpası dövründə baş verən ictimai-siyasi, sosial-iqtisadi və hərbi proseslərə toxunub.

Müasir və müstəqil dövlətimizin 44 günlük Vətən müharibəsində qazandığı Zəfərə aparaq qalibiyyət yolunda Müzəffər Ali Baş Komandan İlham Əliyevin liderlik təntənəsinin bütün istiqamətlərini şərh edən dosent Yusif Alıyev qeyd edib ki, xalqımız yaşadığı müharibə acısını heç zaman unutmayacaq. Bu şərəfli müstəqilliyi və tarixi Zəfəri bizə nəsib edən qəhrəman şəhidlərimiz və qazilərimiz, onların ailə üzvləri ən əziz insanlar kimi hər zaman başımızın tacı olacaq, qəlbimizdə əbədi yer tutacaqlar. Şəhid və qazilərimizin fədakarlığı, şücaəti, tökülən qanlar bahasına dövlət müstəqilliyini bərpa edən Azərbaycan xalqı Prezident İlham Əliyevin liderliyi ilə qarşıdakı dövrdə daha böyük zirvələri fəth edəcəkdir. Azərbaycanın müstəqilliyi əbədi olacaq gücü və qüdrəti daim dinamika ilə yüksələcəkdir.

Səmimi sözlərlə bayram təbriklərini çatdıran dosent Yusif Alıyev diqqətə çatdırıb ki, Ulu Öndərdən nəsillərə əmanət olan Azərbaycanda ADPU-nun Quba filialının, eləcə də müəllim və tələbələrin üzərinə daha ağır və şərəfli məsuliyyət düşür. Sürətlə qloballaşan dünyada Azərbaycanın işıqlı gələcəyi elm və təhsildən asılıdır ki, burada da müəllim və tələbələr öyrətmək və oxumaq kimi vəzifələrinə daha böyük məsuliyyətlə yanaşmalıdırlar.

Dəyirmi masanın aparıcısı Heydər Əliyev Lektoriyasının müdiri Nəhayət Şirinova 18 Oktyabr-Müstəqilliyin Bərpası Günü barədə geniş məlumat verəndən sonra digər çıxışlar dinlənilib.

Şəhid anası Qalina Şirinbəyovaya çıxışında igid övladı – şəhid Şirinbəyov Pərviz Əkrəm oğlundan, o cümlədən, qəhrəman şəhidlərimizdən, vətən fədailərinin şücaətindən və vətənə olan sevgilərindən bəhs edərək ölkə gəncliyinə örnək vətənpərvərlik nümunələrindən bəhs etmişdir.

Filialın strateji məsələlər üzrə mütəxəssisi, s.f.d., yazıçı-publisist Sabir Şahtaxtı (Hacıyev) çıxışında diqqətə çatdırıb ki, Ukrayna əsilli şəhid anası Qalina xanım Şirinbəyovayanın qəhrəman övladı və Qarabağ Zəfəri barədə düşüncələri, dəyişməz mövqeyi Azərbaycan xalqının etnik zənginliyinin nümunəsidir. Ölkəmizdəki birgəyaşayış mədəniyyəti təsirində Qalina Şirinbəyovanın qəhrəman övladını Vətənpərvərlik ruhunda böyüdüb tərbiyə etməsinin bariz nümunəsidir. Qalina xanım Şirinbəyovaya cəmiyyətimizin ən ali insanlarındandır və onun ana fədakarlığı qədirbilən xalqımız tərəfindən heç zaman unudulmayacaq. Müstəqillik bizə verilməyib, o hədiyyə deyil, Azərbaycan xalqı şəhid və qazilərinin qanı hesabına bu müstəqilliyi qazanıb. Fəxrlə deyə bilirik ki, ümummilli lider Heydər Əliyev bütün bu proseslərdə 18 Oktyabr-Müstəqilliyin Bərpası Gününün təsis olunmasında qətiyyətli və dəyişməz liderlik təntənəsi nümayiş etdirib.

Filialın İctimai elmlər kafedrasının baş müəllimi Kamal Kamalov çıxışında 18 Oktyabr-Müstəqilliyin Bərpası Gününə doğru uzanan milli mücadilə yolunun tarixi, siyasi, hüquqi aspektləri barədə mükəmməl məlumat verib. Xalqımızın müstəqillik arzuları barədə fikir və düşüncələrini bölüşən baş müəllim əminliklə bildirib ki, Müzəffər Ali baş Komandan İlham Əliyevin liderliyi ilə regionun ən qüdrətli dövlətinə çevrilən Azərbaycan əbədiyyətə qədər dövlət müstəqilliyini qoruyacaq və inkişaf edəcək.

Filialın tələbələri Günəş İskəndərov və Aynur Əliverdiyevanın Azərbaycanın müstəqilliyini, Vətənimizin gözəlliyini tərənnüm edən oxuduqları şeirlər hərarətli alqışlarla qarşılanıb.

Dəyirmi masa xatirə şəkilinin çəkilməsi ilə başa çatıb.

Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?