“Universitet–məktəb təcrübə və inkişaf əməkdaşlıq proqramı” layihəsi çərçivəsində tələbələrin məktəb mühitində praktik fəaliyyəti artıq başlayıb. Layihənin ilk mərhələsində tələbələr Quba rayon Rəhman Məmmədov adına Alekseyevka kənd orta məktəbində olaraq məktəbin iş prinsipi, idarəetmə mühiti və tədris atmosferi ilə yaxından tanış olublar.
İlkin mərhələdə tələbələr üçün fəaliyyət cədvəli hazırlanıb, iş bölgüsü aparılıb və onların məktəbdə iştirak istiqamətləri müəyyənləşdirilib. Bu mərhələdən etibarən tələbələr mentor müəllimlərin müşahidəsi altında məktəb həyatını daha yaxından izləyəcək, dərs prosesi, sənədləşmə, sinif idarəetməsi, şagirdlərlə fərdi və qrup işi, eləcə də məktəbdaxili ünsiyyət və idarəetmə mexanizmləri ilə praktik şəkildə tanış olacaqlar.
Bu əməkdaşlıq proqramının əsas üstünlüyü ondan ibarətdir ki, tələbələr nəzəri biliklərini real məktəb mühitində müşahidə, iştirak və refleksiya yolu ilə möhkəmləndirirlər.
Layihənin artıq başlanması, məktəblə ilk tanışlıq görüşlərinin keçirilməsi, fəaliyyət planının qurulması və tələbələrin prosesə cəlb olunması ADPU-nun Quba filialında praktik yönümlü müəllim hazırlığının gücləndiyini göstərir. Bu proqram yalnız tələbələrin peşəkar inkişafına deyil, həm də universitet–məktəb əməkdaşlığının dayanıqlı model kimi formalaşmasına mühüm töhfə verir.
Layihənin irəli sürülməsi, uğurlu başlanması üçün yaradılan şərait, göstərilən əməkdaşlıq və dəstəyə görə Quba rayonu Alekseyevka kənd orta məktəbinin direktoru Sevil Allahverdiyeva və pedaqoji kollektivinə təşəkkürümüzü bildiririk.
Gələcəyin müəllimi auditoriyada deyil, məktəb mühitində formalaşır.
ADPU-nun Quba filialı bu istiqamətdə atdığı növbəti addımla tələbələrin peşəyə hazırlığını real təcrübə ilə daha da gücləndirir.






