Qırx səkkiz illik pedaqoji fəaliyyətim ərzində neçə-neçə direktorla çalışmışam. Onların hər birinin öz dəst-xətti və idarəetmə üsulu olub. Müəllimlərin direktorlara münasibətinin də, demək olar ki, direktorların sayı qədər müxtəlif olduğunu görmüşəm.
Bəs direktor kimdir və onun əsas funksiyası nədən ibarətdir?
İlk növbədə, direktor təhsil sahəsində müəyyən edilmiş strateji istiqamətlərin reallaşdırılması və təhsil siyasətinin uğurla həyata keçirilməsi üçün öz səlahiyyətləri çərçivəsində fəaliyyət göstərən rəhbərdir. O, rəhbərlik etdiyi kollektivin bütün potensialını vahid məqsədə yönəltməyi və hər kəsin bu məqsəd uğrunda çalışmasını təmin etməlidir.
İngilis dilində XV əsrdən işlənməyə başlayan “director” sözü latın mənşəli olub “yönəltmək”, “rəhbərlik etmək”, “düz istiqamətdə saxlamaq” mənalarını ifadə edir (Online Etymology Dictionary).
Yaxşı məktəblər bəzən yaxşı müəllimləri, əksər hallarda isə yaxşı direktorları ilə tanınır. İşində mükəmməlliyə can atmayan, müəllimlərini himayə etməklə illəri yola verən direktorun rəhbərlik etdiyi məktəbdə hətta yaxşı müəllim də özünü rahat hiss edə və işindən zövq ala bilməz. Çünki bir çiçəklə yaz olmaz.
Direktor analitik düşünməyi bacarmalıdır. Vəzifə baxımından kollektivin rəhbəri olsa da, özünün və başqalarının fəaliyyətinə məsuliyyətlə yanaşmalı, məktəbdə sağlam işgüzar mühit yaratmağı bacarmalıdır. O, müəllim və şagirdlərin ümid yeri, ən yaxın köməkçisi və etibarlı dostu olmalıdır.
Görkəmli Ukrayna pedaqoqu V. A. Suxomlinski “Ürəyimi uşaqlara verirəm” kitabında (“Maarif” nəşriyyatı, Bakı, 1978, səh. 9) keçmişdən qalma “direktor müəllimlərin üzərində dayanan inspektordur” düşüncəsinə qarşı çıxaraq yazırdı:
“Müasir məktəbdə rəhbərliyin mahiyyəti ondan ibarətdir ki, ən çətin tərbiyə işində qabaqcıl pedaqoji ideyaları özündə əks etdirən ən yaxşı təcrübə müəllimlərin gözü qarşısında yaransın, yetişsin və bərqərar olsun. Belə bir təcrübənin yaradıcısı olan, əməyi digər tərbiyəçilər üçün nümunəyə çevrilən şəxs məktəb direktoru olmalıdır. Müasir məktəbi belə bir direktorsuz – ən yaxşı tərbiyəçisiz təsəvvür etmək mümkün deyildir”.
Direktor, eyni zamanda, məktəb, ailə və ictimaiyyət arasında möhkəm körpünün qurulmasında müəllimlərə yaxından kömək etməlidir. Ailədən, valideyndən və ictimaiyyətdən ayrı fəaliyyət göstərən məktəb qanadsız quşa bənzəyir. Xüsusilə ailəni öyrənmədən onun yetirməsi olan uşağa göstəriləcək təsirin istiqamətini müəyyənləşdirmək çox çətindir.
V. A. Suxomlinski yazırdı: “Uşaq ailənin güzgüsüdür; günəş bir damla suda əks olunduğu kimi, ana və atanın əxlaqi saflığı da uşaqda əks olunur. Məktəbin və valideynlərin vəzifəsi hər bir uşağa xoşbəxtlik verməkdir”.
Direktor sözünün mahiyyətinə uyğun olaraq, rəhbər hamını düzgün yola və doğru istiqamətə yönəltməyi bacarmalıdır. Əlbəttə, “düzü düz, əyrini əyri” görmək və göstərmək bəzən müəyyən ziddiyyətlərə və qarşıdurmalara səbəb ola bilər.
Bir zamanlar direktor işləmiş hörmətli həmkarlarımdan biri danışırdı ki, təyin olunduğu məktəbdə müəllimlər gündəlik dərs planı hazırlamağı çoxdan unudaraq, sanki arxivə göndərmişdilər. Yeni direktor isə hər gün öz dərs planını masanın üzərinə qoymaqla müəllimləri də bu vacib işə həvəsləndirmiş və tədricən alışdıra bilmişdi.
Bütün ziddiyyətlərin ümumi işin uğuru naminə qarşılıqlı anlaşma, etimad və hörmət əsasında həllinə çalışmaq direktorun idarəçilik məharətinin və pedaqoji taktının göstəricisidir. Necə deyərlər, “Hamı bir nəfər üçün, bir nəfər hamı üçün” prinsipi əsasında komanda ruhu formalaşdırmadan güclü kollektiv yaratmaq mümkün deyil.
Bu fikri qüvvətləndirmək üçün arxivimdəki mənbələrdən birində oxuduğum iki idarəçi haqqında hekayəyə nəzər salaq.
Böyük bir istehsalat fabrikinin idarə heyəti müəssisənin gəlir və xərclərini hesablayarkən direktorun həddindən artıq yüksək əməkhaqqı aldığını düşünür. Onun fəaliyyətini yoxlamaq üçün iki nəfər müəyyən edilir. Onlar bir səhər fabrikə gələrək direktoru kabinetində müşahidə etməyə başlayırlar.
Qarşılarında belə bir mənzərə açılır: direktor əlində qəhvə fincanı ilə əyləşib, üzündə təbəssüm var. Masanın üzərində heç bir sənəd və kağız görünmür. İki nəzarətçi onunla bir neçə kəlmə söhbət edir. Bu müddətdə direktor yalnız bir-iki telefon danışığı aparır və zahirən başqa heç bir iş görmür.
Yoxlama aparan şəxslər üç saat yarım ərzində müşahidə etdikləri “fəaliyyət” haqqında idarə heyətinə məlumat verirlər. Müəssisənin gəlirini artırmaq məqsədilə direktora verilən 100 min dollar əməkhaqqının üçdəbir qədər azaldılmasını təklif edirlər. Direktor bu şərtlə razılaşmır və istefa verir.
Yeni əməkhaqqı ilə işləməyə razı olan namizədlərdən biri direktor vəzifəsinə qəbul edilir. Üç aydan sonra idarə heyətinə təqdim olunan hesabatda fabrikin gəlirində müəyyən azalma müşahidə olunur. Bunu yeni direktorun təcrübəsizliyi ilə əlaqələndirərək təbii qəbul edirlər.
Altı aydan sonra gəlirin bir qədər də azaldığını gördükdə əvvəlki yoxlama heyəti yenidən direktoru kabinetində müşahidə edir. Direktor qan-tər içindədir: bir əlində telefonla danışır, digər əli ilə sənədləri tələm-tələsik imzalayır, başı ilə isə gələnlərə oturmağı işarə edir. Kabinetə gələn-gedən o qədər çox olur ki, yoxlama aparanlar direktorla danışmağa belə imkan tapa bilmirlər. Bununla belə, belə qənaətə gəlirlər ki, bu qədər canla-başla çalışan rəhbərin fəaliyyəti gec-tez uğurla nəticələnəcək və bir qədər də gözləmək lazımdır.
Fabrik ili zərərlə başa vurduqda isə vəziyyət tamamilə dəyişir. Yeni yoxlama heyəti bu dəfə direktorun kabinetinə deyil, birbaşa işçilərlə görüşməyə gedir. Orada göstəriş gözləyən işçilərlə söhbət zamanı məlum olur ki, onlar direktorun icazəsi olmadan heç bir işə başlaya bilmirlər.
Briqadir fürsətdən istifadə edərək ürəyini boşaldır:
– Bəylər, əvvəlki direktor xırda işlərlə məşğul olmaz, gələcək üçün planlar qurar və işi bizə etibar edərdi. Biz də fövqəladə vəziyyət yaranmadıqca onu narahat etməzdik. Bilirdik ki, ciddi problem yaransa, o, mütləq həll edəcək. Əsl direktor idi. Gülərüzlüydü, bizimlə zarafat edər, hər birimizi düşünərdi. İndiki direktor da yaxşı insandır; dürüst, xoşniyyətli, hətta əvvəlkindən daha çalışqandır. Lakin heç birimizə etibar etmir, bütün işləri özü görmək istəyir…
Birillik acı təcrübədən sonra idarə heyəti keçmiş direktoru fabrikə qaytarmaq qərarına gəlir. Bu dəfə onu əvvəlki 100 min dollar deyil, 150 min dollar aylıq əməkhaqqı müqabilində geri dönməyə razı sala bilirlər.
***
Məktəb direktoru da məktəbin dirijoru, özü də çox mahir dirijoru olmalıdır.
Dünya şöhrətli maestro Niyazi xarici səfərlərindən birində London Kral Teatrının məşhur orkestri ilə çıxış etməli olur. Təbii ki, o, öz ustalığına güvənən sənətkar idi və həmin orkestrlə çıxış etməkdən heç bir narahatlıq keçirmirdi.
Lakin orkestrin maraqlı bir ənənəsi varmış: kollektiv onlarla ilk dəfə işləyən dirijorları özünəməxsus şəkildə “sınaqdan keçirirmiş”. Niyazi orkestrlə məşq edərkən musiqiçilərdən biri ifa olunan əsərə aid olmayan notlar səsləndirir. Maestro həmin an məsələni anlayır və orkestrin ifasını dayandırır. Sakitcə musiqiçiyə yaxınlaşaraq onun qulağına nə isə pıçıldayır. Bundan sonra orkestr qarşısında necə böyük sənətkarın dayandığını dərk edir və məşqə tam ciddiyyətlə yanaşır (“Azərbaycan” qəzeti, 20 avqust 2017-ci il).
***
Bu yazını birlikdə çalışdığım və idarəetmə qabiliyyəti çoxlarına nümunə ola biləcək direktorlardan biri – Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialının direktoru, fizika elmləri doktoru, professor Yusif İmrayıl oğlu Alıyev haqqında qısaca da olsa bəhs etmədən tamamlaya bilmərəm.
Kollektivin ayrı-ayrı üzvləri nə qədər yüksək peşəkarlığa malik və fədakar olsalar da, onların fəaliyyətini vahid məqsədə və hədəfə yönəldən rəhbər olmadıqda arzu olunan nəticəyə nail olmaq reallıqdan uzaq görünür.
Təcrübə göstərir ki, idarəetmədə uğur qazanmağın əsas yollarından biri mövcud fəaliyyət mədəniyyətini dəyişməkdən keçir. Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru, professor Cəfər Cəfərovun təqdimatı və təhsil nazirinin müvafiq əmri ilə 2019-cu ildə Quba filialının direktoru kimi fəaliyyətə başlayan fizika elmləri doktoru, professor Yusif Alıyevin kollektivə təqdim etdiyi yol xəritəsi ilk baxışda çox mürəkkəb, hətta müəyyən qədər utopik görünürdü.
Dəyişiklik mürəkkəb prosesdir: o, müəyyən zaman tələb edir və yeniliyə meyilli insanların sayının dəyişikliklərə müqavimət göstərənlərin sayından nisbətən az olması əlavə çətinliklər yaradır. Dərin kök salmış vərdişləri yeniləri ilə əvəz etmək üçün hərtərəfli düşünülmüş strategiya və taktika hazırlamaq, onu ardıcıl həyata keçirmək, kollektivi dəyişiklikdən başqa yol olmadığına inandırmaq və əməkdaşlar arasında kollektivçilik ruhu formalaşdırmaq lazımdır.
Gənc olmasına baxmayaraq, Yusif Alıyev zəhmətsevərliyi və fədakarlığı ilə kollektiv üzvlərini malik olduqları potensialdan səmərəli istifadə etməklə real, sevindirici və başucaldan uğurlar qazanmağın mümkünlüyünə inandıra bildi.
ADPU-nun Quba filialı bir neçə il əvvəl adi təhsil müəssisələrindən biri idi. Tələbələrin öyrənməyə, müəllimlərin isə öyrətməyə gəlib-getdiyi bu gözəl bina son yeddi il ərzində elm və təhsil sahəsində gedən həm daxili, həm də beynəlxalq rəqabətin fəal iştirakçısına çevrilib. Bu inkişaf bu gün də yüksələn xətlə davam edir.
Bütün bu nailiyyətlərin qazanılmasında filialın direktoru Yusif müəllimin rolu danılmazdır. O, həm özündən kiçik, həm yaşıd, həm də özündən xeyli yaşlı həmkarlarının yaxın dostu, məsləhətçisi və müsbət enerji mənbəyidir. Onunla ünsiyyət zamanı gənclər ruhlandığı kimi, yaşlılar da sanki yaşlarını unudaraq yenidən gəncləşirlər.
Yusif müəllim yalnız həmkarları ilə deyil, tələbələrlə də müntəzəm ünsiyyət saxlayır, onların ehtiyac və qayğıları ilə yaxından maraqlanır, telefonunun və qapısının hər zaman üzlərinə açıq olduğunu vurğulayır. Bu yanaşma tələbələr üçün rahat və faydalı ünsiyyət mühiti yaratmaqla yanaşı, onlarda pedaqoji heyətə və rəhbərliyə inamı da gücləndirir.
Yeni idarəetmə modeli tələbələri dinləməyi və onların faydalı təkliflərini nəzərə almağı prioritet hesab edir. Müntəzəm əks-əlaqə müsbət nəticələrin sayını artırır. Problemlərin əvvəlcədən müəyyənləşdirilməsi və kollektiv şəkildə təhlil olunması rəhbərliyə etimadı yüksəldir, “Açıq qapı” siyasətini real fəaliyyət prinsipinə çevirir.
Nəticədə müasir idarəetmənin əsasını təşkil edən əməkdaşlıq mühiti formalaşır və hər bir əməkdaş özünü çalışdığı müəssisənin təəssübkeşi kimi görür. Bu məqsədlə filialımızda hər il anonim rəy sorğuları keçirilir və nəticələri ətraflı təhlil olunur. Tələbələr arasında aparılan rəy sorğuları təhsil müəssisəsinin güclü və zəif tərəflərinin müəyyənləşdirilməsi, eləcə də filialın yerləşdiyi regionun sosial, mədəni və iqtisadi həyatında iştirak imkanlarının və rolunun artırılması baxımından xüsusi əhəmiyyət daşıyır.
Bütün bunlar göstərir ki, idarəçi olmaq arzulamaqdan qat-qat çətin və mürəkkəbdir. Buna görə də insan rəhbər vəzifəyə can atmazdan əvvəl öz qabiliyyət və imkanlarını düzgün qiymətləndirməlidir. Bu, sonradan uğursuzluğa düçar olaraq istefa verməkdən daha doğru yanaşmadır. Hər kəs layiq olduğu və bacarığına uyğun yerdə daha rahat və uğurla fəaliyyət göstərə bilər.
ADPU-nun Quba filialının baş müəllimi, qabaqcıl təhsil işçisi Rahib (Alpanlı) Sədullayev