“Canlı Pedaqogika Laboratoriyası” layihəsi hazırda uğurla icra olunur.

17.04.2026
“Canlı Pedaqogika Laboratoriyası” layihəsi hazırda uğurla icra olunur.

Tədrisin tələbəyönümlü təşkili Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialının prioritet istiqamətlərindən birini təşkil edir. Filial bu sahədə innovativ yanaşmaların tətbiqinə və tədris prosesinin daim təkmilləşdirilməsinə xüsusi önəm verir. Bu baxımdan tələbələrin tədris və təcrübə prosesi ilə bağlı irəli sürdükləri təkliflərin sistemli şəkildə öyrənilməsi və dəyərləndirilməsi əsas fəaliyyət istiqamətlərindən biri kimi çıxış edir.

Keçən tədris ili tələbələrindən təcrübə ilə bağlı daxil olan təkliflərin dəyərləndirilməsi əsasında filialın təcrübə üzrə rəhbəri Şəhla Mədətovanın təşəbbüsü ilə irəli sürülən və Elmi şuranın qərarı ilə təsdiq olunan “Canlı Pedaqogika Laboratoriyası” layihəsi hazırda uğurla icra olunmaqdadır.

Layihə çərçivəsində Quba-Xaçmaz Regional Təhsil İdarəsi və region üzrə müxtəlif təhsil müəssisələri ilə sıx əməkdaşlıq qurulmuşdur. Bu əməkdaşlıq tələbələrin real məktəb mühitində təcrübə qazanmasına və nəzəri biliklərini praktik fəaliyyətlə əlaqələndirməsinə geniş imkan yaradır.

Hal-hazırda layihə çərçivəsində məktəblərdə dərs dinləmələri mərhələsi həyata keçirilir. Layihəyə əsasən, İbtidai sinif müəllimliyi, Azərbaycan dili və ədəbiyyatı müəllimliyi, eləcə də Riyaziyyat və informatika müəllimliyi ixtisasları üzrə təhsil alan tələbələr aktiv şəkildə bu prosesə cəlb olunmuşdur.

Tələbələr dərs müşahidələri zamanı pedaqoji prosesin müxtəlif aspektlərini izləyərək, əldə etdikləri nəticələri refleksiya blanklarında əks etdirir və təhlillər aparırlar. Bu yanaşma onların analitik düşünmə, müqayisə aparma və pedaqoji situasiyalara obyektiv qiymət vermə bacarıqlarının inkişafına xidmət edir.

Layihə çərçivəsində etik prinsiplərə xüsusi diqqət yetirilmişdir. Belə ki, bütün iştirakçı tələbələr tərəfindən etik davranış qaydaları və məxfilik prinsiplərini əhatə edən öhdəlik bəyannamələri imzalanmışdır. Bu, məktəb mühitində aparılan müşahidələrin peşəkar və məsuliyyətli şəkildə həyata keçirilməsini təmin edir.

Hazırda layihənin əsas mərhələsi olan dərs dinləmələri uğurla davam etdirilir.

Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?