Pedaqoji Universitetin Quba filialında 2025-2026-ci tədris ilinin başlanması münasibətilə keçirilən Bilik Günün mərasimi çərçivəsində Şəhid Nuran Mirzəyevin adına daşıyan auditoriya ziyarət olunub.
Əvvəlcə Şəhid Nuran Mirzəyevin auditoriyada yerləşən büstü önünə tər çiçəklər düzülüb. Qəhrəman şəhidin ruhuna ehtiram göstərilib.
Şəhid auditoriyasında çıxış edən ADPU-nun Quba filialının direktoru, qabaqcıl təhsil işçisi, professor Yusif Alıyev tələbələri salamlayıb, onlara yeni tədris ilində uğurlar arzulayıb. Direktor qeyd edib ki, bu gün yaşadığımız milli sevinci Vətən uğrunda canından keçən qəhrəman şəhidlərimizə borcluyuq və onların ruhu qarşısında ehtiram etmək hər birimizin mənəvi borcudur. Filialda şəhid ailələrinə göstərilən diqqət və qayğıdan, həmçinin şəhidlərin adlarının əbədiləşdirilməsi istiqamətində filialda həyata keçirilən tədbirlərdən danışan direktor bildirib ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin liderliyi ilə rəşadətli Azərbaycan Ordusunun qazandığı parlaq qələbə əbədiyyətə qədər xalqımızın qürur mənbəyi olaraq qorunacaq. Bu şanlı Zəfərin qazanılmasında şəhid qəhrəman Nuran Mirzəyevin də şərəfli döyüş yolu var.
Tədbirdə şəhidin atası Akif Mirzəyev də çıxış edərək yeni qəbul olunan tələbələrə xeyir-dua verib. Müasir təhsilin, biliyin və elmin mükəmməl mənimsəməyin gənclər üçün yeganə düzgün yol olduğunu diqqətə çatdıran şəhid atası tələbələrə Vətənə sədaqətlə xidmət etməyi tövsiyə edib, ADPU-nun Quba filialının dinamik uğurlarından söhbət açaraq filial rəhbərliyinə özü və ailəsi adından təşəkkürlərini ifadə edib.
Sonra filialın müxtəlif struktur bölmələrinin rəhbərləri çıxış edərək tələbələri təbrik edib, onlara uğurlu təhsil yolu arzulayıblar.








