Azərbaycanın dövlət müstəqilliyi əbədidir, sarsılmazdır, dönməzdir

26.05.2025
Azərbaycanın dövlət müstəqilliyi əbədidir, sarsılmazdır, dönməzdir

Bildiyiniz kimi 28 may 1918-ci ildə müsəlman Şərqində ilk dünyəvi demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyəti yaranmışdır. Azərbaycan Xalq Cümhuriyyəti türk və islam dünyasında ilk parlamentli Respublika, demokratik, hüquqi və dünyəvi dövlət nümunəsidir. Müstəqil, azad, demokratik respublika qurmaq məqsədini qarşıya qoyan Azərbaycan Xalq Cümhuriyyəti mürəkkəb bir tarixi şəraitdə fəaliyyətə başladı. Cümhuriyyət gərgin və mürəkkəb ictimai-siyasi şəraitdə fəaliyyət göstərsə də, bütün sahələrdə ciddi dönüş yaratmağa və böyük tədbirlər reallaşdırmağa müvəffəq oldu. Qısa vaxt ərzində AXC hökuməti cəmiyyət həyatının müxtəlif sahələrini əhatə edən əsaslı, vacib qərarlar qəbul etdi. Azərbaycan Xalq Cümhuriyyəti bütün ölkə vətəndaşlarına eyni hüquqlar verərək irqi, milli, dini, sinfi bərabərlik yaratdı. Cəmi 23 ay yaşamış Cümhuriyyət xalqımızın tarixində böyük iz qoyan tədbirlər həyata keçirdi, Azərbaycanın gələcək müstəqilliyi üçün möhkəm zəmin yaratdı.

Azərbaycanın ilk Parlamenti və Hökuməti, dövlət aparatı təşkil edildi, ölkənin sərhədləri müəyyənləşdirildi, 1918-ci il iyunun 27-də “Azərbaycan dilinin dövlət dili elan edilməsi haqqında”, avqustun 11-də isə “Azərbaycan Xalq Cümhuriyyətinin vətəndaşlığı haqqında” fərmanlar imzalandı. Dövlətin bayrağı, himni və gerbi təsis edildi, dövlət quruculuğu sahəsində ciddi addımlar atıldı.

Ölkənin hər yerində müxtəlif pillədən olan məktəblər, gimnaziyalar, qız məktəbləri, uşaq bağçaları, qısa müddətli müəllim kursları, kitabxanalar açıldı. 1919-cu il sentyabrın 1-də Parlament “Bakı Dövlət Universitetinin təsis olunması haqqında” Qanun qəbul etdi. Milli universitetin açılması Cümhuriyyət xadimlərinin doğma xalq qarşısında çox mühüm tarixi xidməti idi.

Xalq Cümhuriyyəti dövründə qısa zaman kəsiyində ölkənin ərazi bütövlüyü və milli təhlükəsizliyinin təmin edilməsi, qısa müddətdə yüksək döyüş qabiliyyətli hərbi hissələrin yaradılması, milli tələblərə və demokratik prinsiplərə uyğun dövlət orqanlarının qurulması, maarifin və mədəniyyətin inkişafına xüsusi diqqət yetirilməsi, təhsilin milliləşdirilməsi kimi müstəsna əhəmiyyətli işlər həyata keçirilmişdir. Mürəkkəb ictimai-siyasi şəraitdə yaranaraq fəaliyyət göstərmiş Azərbaycan Xalq Cümhuriyyətinin demokratik dövlət quruculuğu, iqtisadiyyat, mədəniyyət, təhsil, hərbi quruculuq kimi sahələrdə həyata keçirdiyi işlər Azərbaycan tarixinin parlaq səhifəsidir.

Azərbaycan Respublikası 1991-ci ildə öz müstəqilliyini bərpa edərək, Xalq Cümhuriyyətinin siyasi varisi kimi onun milli atributlarını – bayrağını, gerbini, himnini qəbul etdi. Ümummilli Lider Heydər Əliyev çoxəsrlik dövlətçilik tariximizdə mühüm yeri olan Azərbaycan Xalq Cümhuriyyətinin xidmətlərini yüksək qiymətləndirərək demişdir:

«Bu respublikanın yaranması və az müddətdə də olsa yaşaması Azərbaycan xalqının dövlətçiliyinin bərpasında, Azərbaycanın dövlət müstəqilliyini əldə etmək yolunda, demokratik quruluş yaratmaq istiqamətində tarixi rol oynamışdır. Azərbaycan Xalq Cümhuriyyəti bir çox dəyərli işlər görmüş və Azərbaycanı bir müstəqil demokratik respublika kimi yaşatmağa çalışmışdır».

Ulu Öndərin təşəbbüsü ilə 1998-ci ildə Cümhuriyyətimizin 80 illik yubileyi keçirilmiş və Azərbaycan Xalq Cümhuriyyətinin şərəfinə “İstiqlal bəyannaməsi” abidəsi ucaldılmış, onun görkəmli siyasi və dövlət xadimlərinin xatirəsi əbədiləşdirilmişdir.

2018-ci ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında” sərəncam imzalanmış və bu tarixi hadisə münasibətilə 2018-ci il “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan olunaraq ölkədə və onun hüdudlarından kənarda silsilə tədbirlər keçirilmişdir.

Bu gün xalqımız Müstəqillik Gününü bir başqa ovqatda, fərqli hisslərlə – qalib ölkənin vətəndaşları kimi qeyd edir. Rəşadətli ordumuz 44 günlük Vətən Müharibəsində və 2023-cü ilin 19-20 sentyabr tarixlərində həyata keçirdiyi local antiterror tədbirlərində öz şücaətini bütün dünyaya nümayiş etdirdi. Parlaq Zəfərə imza atdı. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Şanlı Ordumuz 30 ilə yaxın düşmən tapdağında qalan əzəli torpaqlarımızı mənfur düşmənin azad etdi. 2020-ci il 27 sentyabr tarixindən başlanan Zəfər yolu xalqımızın tarixinə qızıl hərflərlə yazıldı. Bu gün Şanlı Ordumuzun, Ali Baş Komandan cənab İlham Əliyevin azad olunmuş ərazilərdə qaldırdığı üçrəngli bayrağımız tarixi və əzəli torpaqlarımızda qürurla dalğalanır.

2021-ci il 15 oktyabr tarixində “Müstəqillik günü haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilmiş, sözügedən Qanunla 28 May Müstəqillik Günü, oktyabrın 18-i isə Müstəqilliyin Bərpası Günü kimi təsbit olunmuşdur. 28 may tarixinin Müstəqillik Günü, 18 oktyabr tarixinin isə Müstəqilliyin Bərpası Günü kimi qeyd olunması Azərbaycanın dövlət suverenliyinin məhz 1918-ci ildə bərqərar olunması faktına əsaslanır. Bu, ərazi bütövlüyünü bərpa etmiş müasir Azərbaycanın 1918-ci ildə qurulmuş Azərbaycan Xalq Cümhuriyyətinin tamhüquqlu varisi olduğunu göstərir.

2025-ci il Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən imzalanan 28 dekabr 2024-cü il tarixli sərəncam ilə Azərbaycan Respublikasında “Konstitusiya və Suverenlik İli” elan edilib. “Konstitusiya və Suverenlik İli” dövlətin hüquqi əsaslarının möhkəmləndirilməsi, dövlət suverenliyinin daha da gücləndirilməsi məqsədi daşıyır.

Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?