Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialı ilə Nəvai Vilayəti Pedaqoji Bacarıqlar Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən “Rəqəmsal kompetensiyalar və süni intellekt texnologiyaları əsasında tədrisin effektivliyinin artırılması” mövzusunda onlayn təlim proqramı uğurla yekunlaşıb. Ümumi həcmi 36 saat olan təlim proqramı müəllimlərin müasir pedaqoji yanaşmalar və rəqəmsal bacarıqlar sahəsində inkişafına mühüm töhfə verib.
Təlimin açılış mərasimində ADPU-nun Quba filialının direktoru Yusif Alıyev və Nəvai Vilayəti Pedaqoji Bacarıqlar Mərkəzinin direktoru Uktam Mardanov çıxış edərək layihənin əhəmiyyətini vurğulamış, rəqəmsal texnologiyaların və süni intellektin təhsil sisteminə inteqrasiyasının vacibliyini qeyd etmişdilər.
Təlim prosesində həm Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialının, həm də Nəvai Vilayəti Pedaqoji Bacarıqlar Mərkəzinin müəllim heyəti fəal iştirak etmişdir.
Təlimin iki modulu ADPU-nun Quba filialının müəllimi Hikmət Musayev və universitetin məzunu Sahil Süleymanov tərəfindən tədris olunub. Bu fakt həm universitetin pedaqoji potensialını, həm də məzunların təhsil prosesinə cəlb olunmasının uğurlu nümunəsini nümayiş etdirir.
Proqram çərçivəsində iştirakçılar rəqəmsal pedaqogika, süni intellekt texnologiyalarının təhsildə tətbiqi, müasir dərs dizaynı, interaktiv platformalardan istifadə və tədris prosesinin qiymətləndirilməsi kimi aktual mövzular üzrə həm nəzəri, həm də praktik biliklər əldə ediblər. Təlimin əsas üstünlüklərindən biri iştirakçıların süni intellekt alətlərindən istifadə etməklə öz dərs planlarını və tədris materiallarını hazırlamaları olub.
Proqramın yekununa əsasən, təlimin tələblərini uğurla yerinə yetirən iştirakçılara sertifikatların təqdim olunması nəzərdə tutulur.
Qeyd edək ki, bu cür birgə təşəbbüslər Azərbaycan və Özbəkistan arasında təhsil sahəsində əməkdaşlığın daha da möhkəmlənməsinə, müəllimlərin peşəkar inkişafına və müasir təhsil texnologiyalarının tətbiqinə mühüm töhfə verir.



