
Elmi Şuranın katibi Sevinc Babaşova çıxış edərək üzvlərin yetərsay olduğunu qeyd edərək iclasın səlahiyyətli olduğunu bildirdi. Sonra Elmi Şuranın sədri, direktor fizika elmləri doktoru Yusif Alıyev çıxış edərək üzvləri salamladı. Əvvəlcə artıq ənənə halını almış ötən Elmi Şuradan növbəti Elmi Şuraya kimi olan uğurlu işləri sadaladı, əldə edilən bütün nailiyyətlərə görə kollektivi təbrik etdi. Daha sonra akkreditasiyanın nəticələri ilə bağlı fikirlərini kollektivə çatdırdı.
Elmi Şurada “Humanitar elmlər fakültəsinin fəaliyyəti haqqında” məsələ ilə əlaqədar fakültə dekanı v.m.i.e. M.Əliyev hərtərəfli məlumatla çıxış etdi, fakültənin ötən semestrlə bağlı yekun hesabatını təqdim etdi. Elmi Şura üzvlərinin suallarının suallarını cavablandırdıqdan sonra hesabat səsə qoyuldu və yekdilliklə qəbul edildi.
Daha sonra çıxışçı filialın İlk Həmkarlar Təşkilatının sədri kimi də il ərzində görülən işlərlə bağlı hesabat verdi. Əməkdaşlara həmkarlar ittifaqı adından edilən yardımlarla bağlı statistik məlumatı təqdim etdi. Gərgin müzakirələrdən, suallardan sonra hesabat səsə qoyuldu və qəbul edildi.
Daha sonra Keyfiyyətin təminatı şöbəsinin baş mütəxəssisi E.Yarməmmədov 2024-cü il üçün professor və müəllim heyətinin Reytinq qiymətləndirilməsi ilə bağlı nəticələri elan etdi. Suallara cavab verdikdən sonra səsə qoyuldu və uğurla səsvermədən keçdi.
Sonda cari məsələlərdə Proqram akkreditasiyası ilə əlaqədar keçirilən görüşlər, tələbələrin açıq mikrofon günündə bildirdiyi fikirlər, rəhbərliyin bu istiqamətlə tələb və tapşırıqları, tələbə valideynləri ilə güclü əlaqələrin yaradılması, İctimai fənlər kafedrasının müəllimi tarix üzrə fəlsəfə doktoru Təhminə Əliyevanın təqdim etdiyi yeni proqram vəsaiti müzakirə edildi.
Həmçinin əməkdaşların intizam və davamiyyət məsələsinə baxıldı. Qeyd edildi ki, intizamı və davamiyyəti zəif olan əməkdaş və müəllimlər ümumi işin gedişinə mane olurlar. Bununla bağlı kafedralara və strukturlara ciddi tapşırıqlar verildi.
Sonra mart ayı ərzində bayramlar münasibətilə əməkdaşlara diferensial formada bayram mükafatının verilməsi məsələsi müzakirə edildi. Daha sonra qarşıda duran vəzifə və öhdəliklər bir daha diqqətə çatdırıldı, tədrisin keyfiyyətinin yüksəldilməsi ilə əlaqəli təklif və tələblər dinlənildi.




