Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Quba filialında 15 Sentyabr – Bilik Günü münasibətilə keçirilən tədbirdə ali təhsil müəssisəsinin direktoru, professor Yusif Alıyev çıxış edərək tələbələrə təqdim olunan yeni imkanlardan söz açmışdır.
Təhsil-biznes əməkdaşlığı çərçivəsində haqq, hüquq, ədalət, bərabərlik, tarixi və mənəvi dəyərlər həssaslığına sahib iş adamlarının qurduğu qlobal platforma olan Müstəqil Sənayeçi və İş Adamları Dərnəyinin (MÜSİAD) dəstəyi ilə filialımıza qəbul zamanı ilk qeydiyyatdan keçən 15 nəfər tələbəyə xüsusi vəsaitin verilməsi nəzərdə tutulmuşdur.
Professor Yusif Alıyev tədbirdəki çıxışında göstərilən dəstəyə görə MÜSİAD rəhbərliyinə və bu təşəbbüsdə əməyi keçən hər kəsə kollektiv və şəxsən öz adından dərin təşəkkürünü bildirmişdir. Qeyd olunmuşdur ki, bu layihə sadəcə maddi dəstək proqramı deyil, həm də istedadlı gənclərin təşviqi, qurumlararası tərəfdaşlığın real nəticəsi və regionda ali təhsilin imkanlarının genişləndirilməsidir.
Universitet yalnız diplom verən məkan olmamalı, gənclərin potensialını üzə çıxararaq onların gələcəyə daha inamla addımlamasına şərait yaratmalıdır.



